Bakı Zooparkı fəaliyyətini nə vaxt bərpa edir?
28.06.2019

Paytaxtda turistlərin və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkı bir neçə aydır ki, fəaliyyətini dayandırıb. Buna səbəb isə Zooparkın genişləndirilməsi idi.

Artıq yay fəsli gəlsə də hələ Bakı Zooparkı istifadəyə verilməyib. Maraqlıdır, Zoopark fəaliyyətini nə zaman bərpa edəcək? Ümumiyyətlə, əvvəllər orada olan heyvanlar yayın bu qızmar günündə harada və hansı şəraitdə saxlanılırlar?

Mövzu ilə bağlı sualları cavablandıran Zooloji Parkın direktoru Azər Hüseynov bildirib ki, Zoopark fevral ayından müvəqqəti olaraq fəaliyyətini dayandırıb:

"Hazırda təmir işləri davam etdirilir, bu işlər bitdikdən sonra parkın fəaliyyəti davam etdiriləcək. Heyvanları müvəqqəti saxlanc yerinə yerləşdirmişik. Onlar saxlanılan yerdə isə hər cür şərait yaradılıb. Sözügedən yerdə hovuz su ilə doldurulub, içmək üçün xüsusi su qabları qoyulub və heyvanlar üçün kölgəliklər yaradılıb. Onların qidasında isə yay fəslinə uyğun meyvə və tərəvəzlərdən istifadə edilir".

A.Hüseynov əlavə edib ki, Bakı Zooparkı genişləndirilərək əsaslı təmir edilir və heyvanların şəraiti yaxşılaşdırılır: "Parkın ərazisi 2.25 hektar idi, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra bu 4.25 hektar olacaq"