Azərbaycanlılar tərəfindən Almaniya həbsxanasında iğtişaş
27.08.2019

Bavariyanın Ayxştet şəhərində Azərbaycan və Tacikistandan olan miqrantların məhkəmə prosesi keçirilib.

VisionTV.az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Augsburger Allgemeine" nəşri yazıb.

Nəşrin yazdığına əsasən, azərbaycanlı və taciklər miqrantlar üçün nəzərdə tutulmuş təcridxanada dava salmaqda ittiham olunurlar.

Hadisə zamanı bir neçə nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, hadisə 25 dekabr 2018-ci ildə baş verib. Həmin vaxt təcridxanaya xüsusi təyinatlı polis və yanğınsöndürənlər də çağırılıb.

Adları açıqlanmayan Azərbaycandan olan miqrantlar təcridxanada döşəkləri və tualet kağızlarını yandırıb, stulun ayaqları ilə müşahidə kameralarını sıradan çıxarıb.

Mövcud vəziyyətdən istifadə etmək istəyən bəzi məhbuslar isə təcridxanadan qaçmağa cəhd göstəriblər.

Xüsusi təyinatlılar təcridxanada mümkün iğtişaşın qarşısını alıb və 24 yaşlı azərbaycanlı, 36 yaşlı tacikistanlını həbs edib.

23 avqust 2019-cu ildə tacik və azərbaycanlı məhkəmə qarşısına çıxıblar. Əsas iş üzrə təqsirli Azərbaycandan olan miqrant tanınıb. Məhz o, çevriliş təşkilində günahlandırılıb.

"Mən öz kamera yoldaşlarım və digərlərinə niyyətim barədə demişdim. Lakin heç kimi buna təhrik etməmişdim. Bu həbsxanada özümü çox pis hiss edirdim. Mən altı həftə orada qaldım, nə həkim, nə də vəkillə təmin olunmuşdum. Qaçış planını özüm hazırlamışdım və heç kimi qaçmağa cağırmamışdım",-deyə azərbaycanlı bildirib.