96 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac BU TARİXDƏ keçiriləcək
25.02.2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 mart tarixində keçiriləcək.

Visiontv.Az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.

Müxtəlif şəhər və rayonlar üzrə biznes fəaliyyətinə imkan yaradacaq kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813.2 kv.m arasındadır. Şəkidə istirahət zonası, Mİngəçevir və Yevlaxda yardımçı təsərrüfatlar, Sumqayıt, Qax və Balakəndə əmlak kompleksləri investorlara maraqlı ola biləcək dövlət əmlaklarındandır. Xidmət sahəsi üzrə fəaliyyət göstərmək istəyən şəxslər seçimlərini ticarət və ictimai iaşə obyektləri üzrə edə bilər. Hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan obyekt Qusar Tədarük Satış Bazasıdır. Paytaxtın Nizami rayonu, Babək prospektindəki "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 1350.4 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 4129.4 kv.m-dir.

Qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, digərləri isə Sumqayıtda yerləşir. Hər bir investor üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 21.7 kv.m-dən 230.8 kv.m-ə qədərdir. Ofis, xidmət obyekti və digər formada istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 49.2 kv.m-dir.

Hərraca ölkə üzrə müxtəlif şəhər və rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də çıxarılıb. Bu şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq "Beyləqan Sənaye Kombinatı", "Salyan broyler", "Yevlax Təkrar Xammal" kimi dövlət əmlaklarını göstərə bilərik.

Məqaləyə dair fotomateriallar: