23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.2019

23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

 Müəllif hüquqları anlayışı ilk dəfə Almaniyada meydana çıxmışdır. Əvvələr yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə, 1870-ci il iyunun11-dən etibarən mülkiyyətin bütün formalarını  özündə birləşdirmişdir. YUNESKOnun 1996-cı il tarixi qərarından sonra hər il bütün dünyada 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Kitablara və müəllifə hörmət  məqsədilə Kitab və Müəllif hüquqları Günü hamını, xüsusilə gəncləri mütaliə etməyə, bəşəriyyətin sosial- mədəni inkişafında əməyi olmuş yazarlara, onların irslərinə hörmət etməyə çağırır. 

Azərbaycanda müəllif hüquq sisteminin yaradıcısı ümummilli lider Heydər Əliyevdir.

Ölkəmizdə müəllif hüquq sisteminin fəaliyyətini tənzimləyən Müəllif Hüquqları Agentliyi ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə Azərbaycanın ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda dövlət orqanı kimi yaradılmışdır. 1996-cı ildə əqli mülkiyyət üzrə ilk müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun qəbul olunmuş, bununla da ölkəmizin əqli mülkiyyət sistemi beynəlxalq sistemə yol açmışdır.

Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müəllif hüquq sistemi dinamik şəkildə inkişaf etmiş, qanunvericilik bazası müasir informasiya-kommunikasiya texnologiyalarının tələbləri səviyyəsində daha da təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş və nümunəvi sistem kimi qəbul edilmişdir.

Prezident İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin yeni Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq Müəllif Hüquqları Agentliyi müəllif hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələri və məlumat toplularının əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ölkəmiz, həmçinin müəllif hüquqları sahəsində geniş beynəlxalq əməkdaşlıq əlaqələri yaratmışdır. 1995-ci ildən BMT-nin İxtisaslaşmış Dünya Əqli Mülkiyyət Təşkilatına üzvdür. Sonrakı illərdə Azərbaycan beş konvensiya və müqaviləyə qoşulmuşdur.

Son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında qanun qəbul edilmiş, əqli mülkiyyət hüquqlarının təminatı mərkəzi yaradılmış, agentliyin nəzdində qaynar xətt fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına bilavasitə müəlliflik hüququ sahəsinə aid səkkiz konkret məsələ daxil edilmişdir.