Yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gələcək - Adıgözəl Məmmədov
Yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gələcək - Adıgözəl Məmmədov
09.03.2022 Adıgözəl Məmmədov Tərəfindən

İnsan və cəmiyyət, cəmiyyət və dövlət, eyni zamanda, dövlət və dünya münasibətlərinə həsr olunan layihəsinin budəfəki qonağı Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı İnstitutunun ekspertlər şurasının üzvü,”Bakı – Seul körpüsü” ictimai birliyinin sədri , tanınmış araşdırmaçı Adıgözəl Məmmədovdur. Onun tarixi şəxslər, xüsusən də Kreml rəhbərləri, Mir Cəfər Bağırov və başqaları barəsindəki maraqlı tarixi-psixoloji araşdırmalarını oxucular rəğbətlə qarşılayıb:

- Nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq hər bir tarixi hadisəyə özünəməxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya yekun nəticə bizim  daxili məntiqimizin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah olunur. Ona görə də mən kitablarımın süjet xətlərində  həmişə bir prinsipial şərtə əməl etmişəm - tarixi hadisələrə bu günün nəzərləri ilə baxmaq olmaz. Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks təqdirdə tədqiqatçı mütləq subyektivizmə uğrayacaqdır. Ona görə də istənilən siyasətdə tarixi gerçəklik özünü mental yaddaş formasında  büruzə verir. Əlbəttə, əgər sən bu mental yaddaşın daşıyıcısısansa. 

Məsələn, İstanbulda yaşayarkən Osmanlı imperiyasının çöküşündə əsas rol oynayan qüvvələrə  türk siyasi elitasının  heç də birmənalı olmayan münasibəti diqqətimi çəkdi. Türkiyənin Yaxın Şərqdə və Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövlətləri bu gün də çox ciddi narahat edir... Həqiqətən də “tarix təkərrür edər, əgər sən ondan ibrət götürməsən” deyən Mehmet Akif heç də yanılmayıb. Hazırkı Türkiyədəki real durum bir daha onu göstərdi ki, əgər sən bu mental yaddaşın daşıyıcısı deyilsənsə, bu ibrətamiz sözdən nəticə çıxarmayacaqsan.

Birinci Dünya Müharibəsinə Avropadan Yaxın Şərqədək böyük bir əraziyə malik dövlət kimi müharibəyə başlayan Osmanlı imperiyası onu Türkiyə olaraq başa çatdırdı. Bu “qeyri-türklər”lə məskunlaşmış bütün və hətta türklər məskunlaşan bəzi ərazilərin də itirilməsi demək idi. Üstəlik, müharibə başa çatdıqdan sonra hazırlanan məşhur Amerika planında V.Vilsona məxsus “14 bənd”də ilkin variantda Türkiyənin  bir dövlət kimi varlığına son qoyulması da nəzərdə tutulmuşdu.

Bu gün Türkiyənin üzərində oynanılan oyunlar məhz bu məqsədə xidmət edir. Ona görə də qeyd etdiklərimi nəzərə alaraq yeni kitabımı, “Osmanlının çöküşünə Rusiyadan baxış” adlandırdım. Burada mən XVII əsrin sonlarından türklərin azadlıq mübarizəsinə başçılıq edən Mustafa Kamal Atatürkün hakimiyyətə gəlişinədək olan bir tarixi dövrü və müasir Türkiyənin dünyada tutduğu rolu nəzərdən keçirmişəm. Atatürkün qəhrəmanlığı və uzaqgörənliyi onda oldu  ki, o, ölkənin problemlərinə emosional deyil, məhz mental yaddaşın gözü ilə baxırdı.

- Bir amerikalı politoloqun belə bir deyimi var: “Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixidir”. Fikrinizcə, bu günün siyasətini, yəni sabahın tarixini gələcək nəsillər hansı rəngdə görəcək?  

- Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik ki, keçmiş tarixi vəziyyət davam edir və təkrar olunur.  Aydındır ki, çağdaş dünyadakı maraqlar olduqca ziddiyyətlidir. Tarix boyu həmişə belə olub. Bundan çıxış edərək söyləmək olar ki, dünyada maraqlar ilə bağlı ziddiyyətlər həmişə bu cür qalacaq. Fikrimcə, tarixə bu baxımdan nəzər yetirmək ədalətli olardı. Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənib. Amma dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gələcək. 

Bizim region əsasən  slavyan və türk etnoslarının bir-birilə çulğaşdığı coğrafiyadır. Nəzərə alsaq ki, Qafqaz, İran, Orta və Kiçik Asiyanın, eləcə də Rusiyanın özündəki bəzi muxtar qurumların əhalisinin böyük hissəsini türkdilli xalqlar təşkil edir, onda slavyan-türk xalqları arasında əlaqələri öyrənməyin nə qədər aktuallıq kəsb etdiyini başa düşmək olar. Rusiya tarixi türk xalqlarının tarixi ilə sıx bağlıdır. Baykal və Qara dəniz arasındakı böyük areal slavyan və türk xalqlarının həyat fəaliyyəti üçün əsas məkan olub və bu gün də belə olaraq qalmaqdadır. Uzun dövr ərzində bu region müxtəlif xalqların tükənməyən beşiyi olub və tumurcuğunda həm döyüşkənlik, həm də sülhsevərlik keyfiyyətləri formalaşıb ki, bu gün də həmin keyfiyyətləri türk və slavyan xalqlarının timsalında görmək mümkündür. Elə bunun özü slavyan və türk etnoslarının bir-birinə nə qədər  yaxın olduğunu deyir.

- Bu gün türkün  tarixinə nəzər salanda daha çox nəyin səsini eşidirik: alim zəkasının səsini,  yoxsa at ayaqlarının tappıltısını?

- Şübhəsiz, türklər ta qədimdən müəyyən intellektual  və emosional keyfiyyətləri ilə  fərqlənib və Altay hüdudlarını da elə bu özəllikləri ilə adlayıblar. Şübhə yoxdur ki, məhz bu qabiliyyətlər türklərin yeni ərazilərdə məskunlaşmağına şərait yaradırdı. Buna müvafiq olaraq nəhəng dövlətlər ərsəyə gəlirdi. Türklər özləri üçün ictimai tərbiyə formasına çevrilən, çoxsaylı məziyyətlərə malik davranış normaları işləyib hazırlayırdılar. Türk hələ uşaqlıqdan dünya ilə ünsiyyətin prinsiplərinin məcmusunu əxz edir, vaxt ötdükcə bunlar həyati davranış normalarına çevirir və yaşa dolduqca bu dəyərlər  refleks şəklində onun şüurunda möhkəmlənir. 

Nəticədə genealoji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülür. Türklərin tayfa təşkilatının hərbi-demokratik xarakteri bir sıra hallarda soy və tayfada hakimiyyətin “mülki” və “hərbi” olaraq bölgüsünə gətirib çıxarmışdı. Ona görə də türk tarixinə baxanda həm  alim zəkasının səsini,  həm də  at ayaqlarının tappıltısını eşitmək olur. Ancaq xalq bu cəmiyyətdə bütün işlərdə başlıca təsirə malik idi və çoxluğun razılığı olmadan heç bir iş görülmürdü.  

- XXI əsrin əsas siması zəka, intellektdir. Biz əsrin zəkasını bir binaya bənzətsək, Azərbaycan onun neçənci mərtəbəsində qərar tuta bilər?

- Azərbaycanımız istedadlı, zəkalı , müasir düşünən, mütərəqqi sivilizasiyaya öz töhfəsini verən bir çox intellektləri yetişdirib və yetişdirir. Bu baxımdan Azərbaycanda dünya intellektual zirvənin ən üst mərtəbəsindədir!

- Kreml rəhbərlərinin portretləri haqqında yazdığınız kitab böyük maraqla qarşılandı.  Sizcə, o vaxtkı Kreml rəhbərlərindən hansı hakimiyyətdə olsa idi, bu dünyanın siyasi proseslərinə müsbət yön verərdi?

- Bu suala cavab vermək çətindir. Müsbət yönün nə ola biləcəyinə  baxmaq lazımdır. Yəni bizim bildiyimiz “müsbətlə” “sovet müsbəti” arasında ciddi fərq var. Bu gün bizim üzləşdiyimiz informasiya müharibəsindən qalib çıxmaq üçün yuxarıda qeyd etdiyiniz ictimai-tarixi  əhəmiyyətli kitabların nəşr edilməsi olduqca vacib və aktualdır... 

Bu baxımdan  siyasətşünaslıq elminin son illər ən aparıcı xətlərindən biri olan siyasi-psixologiya istiqamətidir. Yəni bu gün ABŞ-da, Rusiyada, Böyük Britaniyada, Çində  dünya siyasi liderlərini daha dərindən tanımaq üçün psixoloji portretologiya elmi formalaşmışdır. Bu tədqiqat növü, liderlərin psixoloji xarakterik xüsusiyyətlərini araşdıraraq yuxarıda adlarını çəkdiyim qlobal dövlətlərin xarici siyasətinin komplimentar hissəsinə daxil edilir. 

Minnətdarlığla  qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin yaradıcı insanlara  göstərdiyi qayğılar nəticəsində  xüsusən son illər ictimai və tarixi  əhəmiyyətli kitablar işıq üzü görür. O, cümlədən ARDNŞ tərəfindən göstərilən dəstək nəticəsində mənim də “Slav Türk Ari Coğrafyasının Jeostratejik Konumu”  kitabım  işıq üzü görmüşdür. Ona görə də bir daha ARDNŞ-nə və onun rəhbərliyinə çoxsaylı oxucularım adından sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. 

- SSRİ-nin gizli tarixindən danışaq. Hazırda XXI əsrdə baş verən siyasi proseslərdə o keçmiş gizli tarixin nə kimi əlaqəsi var? 

- Sovet İttifaqı dağıldıqdan sonra 5 müstəqil türkdilli dövlət yarandı (Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Azərbaycan). Türkiyə bütün türk ölkələri ilə diplomatik əlaqələr quran ilk dövlət oldu. Türk kimliyinin bölgədə və o cümlədən də dünyada geosiyasi gücə çevrilməsindən çox ehtiyat edirlər. Bunun üçün bizdə hər cür “rıçaq”lar mövcuddur. Amma bu amilləri həyata keçirmək  gərəkdir: Bu coğrafiyada  siyasi sabitlik; İqtisadiyyatın əlaqəli stimullaşdırılması; Praqmatizmə əsaslanan razılaşdırılmış xarici siyasət; Xalqlarımızın tarixi keçmişinə əsaslanan  mənəvi birliyini təmin etmək; Slavyan dünyası ilə bu coğrafiyada bərabər strategiyalara getmək; Bölgədə bərabər  güclü döyüş qabiliyyətli ordu yaratmaq; Qərb ölkələrində və ABŞ-da lobbizmin dinamik inkişafın həyata keçirmək və bir çox siyasilərini satın almaq .

Ona görə ki, bütün bunları, o cümlədən bizə düşmən kəsilən ölkələr də anlayır və bilirlər. Hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ayrı-ayrı dövlətlərin simasında özünü göstərməkdədir. Müəyyən dairələr bölgədəki geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişməyi çox arzu edirlər.

- Araşdırmalarınızın müəyyən qismi də Mircəfər Bağırova aiddir. Mircəfər Bağırov bugünkü insanlara XXI əsrin gəncinə nə dərəcədə dolğun çatdırılıb?

- Məsələ burasındadır ki, Azərbaycan Dövlət Tibb Universitetində təhsil alarkən şəxsiyyət və şəxsiyyətlərarası münasibətlər, lider və onu əhatə edənlərin psixologiyaları, liderə təsir mexanizmləri ətrafında araşdırmalar aparırdım. Bizim hörmətli professorumuz Nadir İsmayılov da mənə bu sahədə çap olunan kitablar barədə bilgi verirdi. Evdə, ailədə də həmişə Mircəfər Bağırovun adı hallanırdı. Anam rəhmətlik həmişə onu xatırlayarkən bir misal çəkərdi. Deyərdi ki, neynirəm o qızıl teşti ki, içinə qan qusam...

Mən Mircəfər Bağırovun siyasi səhvlərinə haqq qazandırmaq istəmirəm, sadəcə hadisələri bir rəngdə görməyin tərəfdarı deyiləm. Cənubi Azərbaycan hərəkatının ideya daşıyıcısı, onu yaradan Mircəfər Bağırovdur. İstər Seyid Cəfər Pişəvəri, istər Şəbüstəri, istərsə də Padiqan onun təşəbbüsü ilə irəli çəkilmişdilər. Bu üçlük hərəkatın proqramını göndərirdi Bakıya, Mircəfər öz fikirlərini əlavə edib Təbrizə qaytarırdı. Demokratik firqə də o istiqamətdə işləyirdi. Düzdür, Cənubi Azərbaycanda xalqın fars rejiminə nifrəti vardı. Ancaq bunu siyasi müstəviyə keçirmək, təşkilatçılıq işini həyata keçirmək lazım idi. Bu işin də ideya atası Mircəfər Bağırov idi... Bunu mən demirəm, sənədlər deyir. 

Mircəfər Bağırovun qələmə adığı “Azərbaycan ziyalılarına növbəti tapşırıqlar” kitabı oxuduqda isə onun sözləri məni əməlli-başlı silkələdi. Təsəvvür edirsiniz, Stalin dönəmində xalqların sürgün olunduğu bir dövrdə onun yazdığı fikir: “Azərbaycan tarixən tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdirməyə çalışıblar. Lakin onlar öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və yaradacağdır. Mircəfər Bağırov bütün səhvləri ilə bərabər tarixi şəxsiyyətdir”.

- XXI əsrin Azərbaycan gəncində daha hansı mənfi halları müşahidə edirsiniz?

- Amerikalı etnoqraf Eduard Holl yazır: “Milli yaddaş, kostyum kimi geyinilib, soyunulacaq bir adət deyil. İnsan nə qədər çalışsa da, o öz milli yaddaşından və mədəniyyətindən imtina edə bilməz, çünki bu onun sinir sisteminin köklərinə hoparaq, onun dünyanı necə dərk etməsinə təsir göstərir. Milli mədəniyyətin böyük hissəsi şüura nəzarətin hüdudlarından kənarda gizli qalaraq, insan həyatının əsasını təşkil edir. Hətta milli mədəniyyətin gizli bir hissəsinin idrakı mövcudiyyətin bir hissəsinə çevrilməsi halında belə onları dəyişdirmək çətindir”.

Bunları ona görə demirəm  ki, bizim gənclər dünyadakı cərəyanlardan kənarda qalsınlar, ona görə deyirəm ki, gənclərimiz bu cərəyanlara milli şüurumuzun  gözü ilə baxsınlar

İlahə Əliyeva

Visiontv.az