“Yazı”nı gənclərə etibar edib, geri çəkilirəm...-Azad Qaradərəli
17.10.2021

"Yazı" dərgisi ilə bağlı mənə müraciət edənlərin nəzərinə: biləsiniz ki, mən dərgini bir illiyə gənc dostum, yazıçı və naşir Nemət Mətinə etibar etmişəm. Sadəcə dərgidi təsisçilik haqlarımı saxlamışam. Ona görə baş redaktor kimi yalnız Nemətə müraciət edə bilərsiniz. Bəs bu niyə baş verib? Bu barədə mən dərgidə "TƏSİSÇİDƏN" başlıqlı yazı gedib. Əlbəttə, dərgini hamının alıb oxumaq kimi imkanı olmadığından o yazını burada paylaşıram ki, bu söhbəti bağlayaq.

TƏSİSÇİDƏN

Əziz oxucu!

Sən on ildir ki, “Yazı” adlı dərgini tanıyırsan. Almısan, vərəqləmisən, bəyənmisən, bəyənməmisən, rəfində yaxşı bir yerdə saxlamısan, yaxud harasa tullamısan. Onu bilirəm ki, bu dərgi ölkə mətbuatının cərgəsinə qoşulub artıq. “Axundov adına kitabxana” dediyimiz Milli kitabxanada bütün saylarımız var və bir çox oxucularımızın evlərində də “Yazı”nın komplekt nömrələrinin olduğunu bilirik.

Dərgimiz haqqında professor Tehran Əlişanoğlunun, mərhum yazıçı Mövlud Mövludun və başqalarının maraqlı yazıları nəşr olunub. “Yazı”nın 5 yaşı tamam olanda respublika ictimaiyyətinin nümayəndələri, o cümlədən görkəmli qələm adamlarının təbrikləri xüsusi buraxılışımızda əksini tapıb.

Dərgimizin indiyə qədər 23 sayı işıq üzü görüb. Nəşrimizin ətrafında sağlam bir komanda yaranmışdı və bu illər ərzində dərginin ayaqda qalmasına hər mənada onlar yardımçı olublar. İlk mərhələdə Rəhim Əliyev, Aslan Quliyev, Eyvaz Zeynalov, Əlabbas və mərhum yazıçımız Rafiq Tağı “Yazı”nın meydana gəlməsində əmək sərf ediblər. Sonrakı mərhələdə Moskvada yaşayan dostumuz Araz Gündüz, Avropadan Güntay Gəncalp, Türkiyədən Ahmet Yıldız, Güneydən Həsən Səfəri, Elşən Böyükvənd, Şabrandan Aydın Tağıyev, cənub bölgəsindən Cavidan və adını çəkmədiyim bir çox dostlarımız dərginin yaşaması üçün çaba sərf ediblər.

Və ən son mərhələdə böyük yazıçımız Əkrəm Əylisli, filosoflar Niyazi Mehdi, Rahid Ulusel, ədəbiyyatşünas alim Tehran Əlişanoğlu, dərgimizin yetişdirməsi olan Mübariz Örən, Əjdər Ol, Sevinc Elsevər, Namiq Şaman “Yazı”nın inkişafı üçün əllərindən gələni etmişlər.

Dərgidə “Yazıçının arxivindən”, “Poeziya guşəsi”, “Bir kitab şeir”, “Hekayə rubrikası”, “Roman”, “Ədəbiyyat xəbərləri”, “Esseistika”, Palitra” kimi bölmələrdə maraqlı yazılar gedirdi.

Dərgimizin ətrafında yaxşı tərcüməçi kollektivi yarada bilmişdik. İngilis, rus, ispan, fransız dillərindən birbaşa tərcümələr oxucuların marağını artırırdı. Təəssüf ki, qonorar verə bilməməyimiz bu işin axsamasına səbəb oldu.

“Yazı”nın təsisçisi və baş redaktoru kimi uşaqlarçün əlavəmiz olan “Yemlik” dərgisini buraxmağımız da xüsusi qeyd etməliyəm. Yalnız üç sayını buraxsaq da, bu nəşrin də mətbuat tariximizin bir hissəsi olduğu fikrindəyəm. Bu əlavənin ərsəyə gəlməsində məsul redaktor kimi Sevinc Elsevərin xidmətini ayrıca qiymətləndirmək gərək.

Yazı yeganə dərgi idi ki, çap zamanı müəlliflərin hara və nəyə mənsub olmalarına fikir vermədən ən yaxşı mətnləri çap edib.

“Yazı”nı satın almaq istəyənlər, bu alınmadıqda şəriklik təklif edənlər olub, zira biz qarşımıza qoyduğumuz amala xəyanət etməyib, bu təklifləri rədd etmişik.

Əziz oxucu!

Pandemiya ilə əlaqəli olaraq bir baş redaktor və təsisçi kimi “Yazı”nın çapına ara verdim. Və boynuma alım ki, hiss edirdim, deyəsən bu işin davam etməsi üçün fiziki gücüm azalmaqdadır. Üstəlik, bilənlər bilir ki, bir nasir kimi hekayə, romanlarımdan, habelə esse və müsahibələrimdən ibarət çoxsaylı kitablarımın Bakıda və xaricdə nəşrlərinə xeyli vaxtım getdiyindən dərgiyə zaman ayıra bilmirdim. Elə belə bir vaxtda gənc dostum Nemət Mətindən təklif gəldi ki, icazə versəydiniz, biz gənclər “Yazı”nın çapını davam etdirərdik...

Boynuma alım ki, “hə” qərarını vermək mənimçün çətin oldu. Bu dərgi mənə övladım kimi idi. Kitablarım qədər sevirəm “Yazı”nı... Amma gənc dostlarımı da sevirəm axı!..

Ona görə qərar verdim: sadəcə, təsisçi kimi qalıram, yalnız ehtiyac yarandıqda yaradıcı qrupa kömək əli uzadıram... Bir sözlə, “Yazı”nı gənclərə etibar edib, geri çəkilirəm...

İnanıram ki, yanlış qərar deyil. Gənclərin gümanımı doğruldacağına əminəm.

Sayqı və sevgilərlə A.Qaradərəli

visiontv.az