Yas və toy mərasimləri
25.06.2022

Bala itkisi böyük dərddir, nəinki şüurlu insanı, hətta vəhşi heyvanı da sarsıdır. Övladını itirmiş ata- ananın, dərdi kədəri ilə kimin dərdi bir gələr? Ata ağrıyır, içəridən ağlayır, ana göz yaşı axıdır, ürəkləri dağlayır. Bura sözün qurtardığı yerdir. Bura yas mərsiyəçilərinin, ağı deyənlərin yeridir...

Diqqətlə baxsaz, ağı deyənlərin gözündə yaş, üzündə təlaş görməzsiz. Amma elə ki başlayırlar dil deməyə, daş qəlbli adamlar da ağlayır. Bəli, onların peşəsi dəhşətli peşədir, şəriətdə əbəs yerə deyilmir ki, mərsiyəçilərin, ağı deyənlərin yeri cəhənnəmdir - riyakar, ikiüzlü adamlar kimi...

Toy böyük sevincdir, bayramdır. Övladına toy edən ata-ananın sevincini kiminlə müqayisə etmək olar? Ata sevinir, gülür, həyəcanı qəlbində, göz yaşlarını gözlərində gizlətməyə çalışır. Ana sevincindən ağlayır, doğmaları qucaqlayır, bütün havalara oynayır. Bura da sözün qurtardığı yerdir. Burda sözü toy müğənniləri deyir...

Diqqətlə baxsaz, toy müğənnilərin də gözündə yaş, üzündə sevinc görməzsiz. Onlar üçün fərqi yoxdur, təki toy olsun, cib pulla dolsun. Dünən mərd, Vətən qazisi olan bir oğlanın toyunda mahnı deyirdilər, bu gün namərd, rüşvətxor bir məmurun oğlunun toyunu yola verirlər... Və hər ikisindən eyni qədər pul istəyirlər. Bəli, bunların da peşəsi dəhşətli peşədir...

Qalib Arif

Visiontv.az