Vətən müharibəsi qazisi şəxsi əşyalarını muzeyə təhvil vermişdir
30.07.2021

30 iyul 2021-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edən, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Müharibə iştirakçısı” medallarına layiq görülmüş qazi Sadəddin Bayramov AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdir.

Visiontv.az xəbər verir ki, qazi “Anadır arzulara hər zaman Qarabağ!” və “Azərbaycan Atabəyləri dövləti” sərgiləri ilə tanış olaraq, şəxsi əşyalarını və hərbi qəniməti (tərcümeyi–halı, şəxsi giliz olan boyunbağısı, hərbi qənimət – 20 dramlıq Ermənistan qəpiyi, 2003-cü il) muzeyin Vətən Müharibəsi Fonduna təhvil vermişdir.
Sadəddin Aydın oğlu Bayramov 17 fevral 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya gəlmişdir. 2003-2014-cü illərdə kənddəki tam orta məktəbdə təhsil almışdır.

2014-2015-ci illərdə Gəncə Tibb Kollecində təhsil aldığı müddətdə təhsilini donduraraq, 2015-ci ilində aprel ayında həqiqi hərbi xidmətə yola düşmüşdür.
2016-cı ildə Şükür Həmidovun rəhbərlik etdiyi hərbi hissənin əsgəri olaraq aprel döyüşlərində iştirak etmişdir. Həmin ildə həqiqi hərbi xidmətdən tərxis olunmuş və peşə təhsilini bitirərək “əczaçı” ixtisasına yiyələnmişdir.

2020-ci ildə Sadiq Bayramov könüllü olaraq Qarabağım düşmən işğalından azad edilməsi uğrunda döyüşlərə qatılmaq üçün müraciət etmişdir.
29 sentyabrdan etibarən Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün cəbhəyə getmişdir.

Topxana, Daşaltı, Şuşa, Xankəndi istiqamətindəki ağır döyüşlərdə iştirak etmişdir.

8 noyabr 2020-ci ildə Xankəndi uğrunda olan döyüşlərdə ağır yaralanmışdır. Uzun müddət müxtəlif hospitallarda müalicə alsa da, sağ qolumdakı zədə hal- hazırda da qalmaqdadır.

Qaziyə “sağ əl saidinin 1/3-nin qəlpə yaralanması nəticəsində amputasiyadan sonrakı iflici, sağ əlin nəzərə çarpan parezi” diaqnozu təyin edilmişdir.
Qeyd edək ki, muzeyin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova qazinin şəxsi əşyalarının muzeyə təhvil verilməsində vasitəçi olmuş, muzeyin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov qazinin şəxsi əşyalarını təhvil almışdır.