Ürəyin zəifləməsinin 5 səbəbi
16.09.2021

Müasir insanın ürəyi stress, həyat şəraiti və zərərli qidalanmadan 30 yaşından sonra artıq zəifləməyə və qocalmağa doğru gedir. Visiontv.az "İki sahil" a istinadla zəif ürəyin 5 səbəbini təqdim edir.

Birinci geniş yayılmış səbəb - müntəzəm olaraq təzyiqin qalxması və 140/90 və daha yüksək qalmasıdır. 50 yaşdan yuxarı hər 3 şəxsdən biri hipertonikdir. Çox adam isə gün ərzində təzyiqinin neçə olmasını bilmir. 140 təzyiq zamanı insan özünü normal hiss etsə də, ürək üçün bu təzyiq yükdür və onu sıradan çıxarır. Yüksək təzyiqlə barışmaq və onunla mübarizə aparmamaq gələcəkdə insult və infarktla üz-üzə qalmaqdır.

İkinci səbəb - miokardın infarktı. Koronar arteriyaların trombozu infarktın əsas səbəbidir. Hazırda kardioloji əməliyyatlarla infakrkta gəlib çatmadan damarların açılması, şuntlanması və stendlənməsi xəstələri xilas edir və ayağa qaldırır. Ona görə də 45 yaşdan sonra ürək damarları 2-3 ildən bir yoxlanmalıdır. Yüksək xolesterin və təzyiq bu damarları tutur.

Üçüncü səbəb - ürəyin əzələsinin virus zədələnməsi: miokardit. İstənilən virusdan - qrip, respirator, indiki halda koronavirus, herpes və s.-dən ürək zədələnə bilər. Ona görə də qrip və xəstəliklər zamanı yataq rejiminə əməl etməli, çox gəzmək, işləmək, idman etmək olmaz. Hər qripdən sonra mütləq ürəyi EKQ etdirmək lazımdır.

Dördüncü səbəb - klapanların revmatizm, müxtəlif bakterial infeksiyalardan və stenozdan zədələnməsi. Bunun qarşısını almaq üçün revmatizm zamanı ürəyi diqqətdə saxlamaq, kardioloq müalicəsini almalı, ürəyi daim müayinə və müalicə etdirmək lazımdır.

Beşinci səbəb - Ürəyin toksiki zədələnməsi, yəni zəhərlənməsi. Bu içkidən və müxtəlif dərmanlardan ola bilir. Uzun müddət içki içənlərdə ürək əzələsi qocalır, ürək ölçüsü böyüyür, kardiomiopatiya baş verir.

Bu problemlər zamanla gizli gedə, heç bir əlamət verməyə bilər. Ürəyiniz hələ normal ikən, onu vaxtında yoxladıb, müalicə etdirməlisiz.