UNESCO BMT-yə qarşıdır?!
UNESCO BMT-yə qarşıdır?!
16.11.2022 Əkbər Qoşalı Tərəfindən

UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  XoşməramlıSəfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-UNESCO əməkdaşlığının yüksələn xətlə inkişafı, UNESCO-nun tərəfdar olduğu dəyərlərin təbliği yönündə çalışmalar, bir sıra ölkələrdə mədəni irsin qorunmasına göstərilən ciddi dəstək danılmaz faktlardır.

Buna baxmayaraq, UNESCO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməməsi də danıla bilməz.Bilindiyi kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, uzun illər sürən işğalçılıq siyasəti sonucunda xalqımızın tarixi, mədəni irsinin məhv edilməsi, özgələşdirilməsi, təhqir olunması məsələsi Azərbaycanın UNESCO qarşısında qaldırdığı əsas məsələlərdən olub.Ermənistanın cinayətləri - ölkəmizin mədəni sərvətlərinin dağıdılması, mənimsənilməsi kimi beynəlxalq hüquqa zidd aktlar barədə UNESCO-ya ardıcıl olaraq bilgilər verilib. Lakin buna baxmayaraq, təəssüflər ki, UNESCO son 30 ildə işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə, missiya göndərməyib.Tam tərsinə, Azərbaycan Vətən müharibəsində Zəfər qazanan kimi, guya bizim bəzi abidələri dağıtmağımız(?!) barədə Ermənistanın əsassız iddiaları əsas alınaraq, UNESCO missiyanın göndərilməsi yönündə canfəşanlıq edilib. Bu dəfə də, Azərbaycanın xoş məram nümayiş etdirərək, missiyaya razılıq verməsinə baxmayaraq, UNESCO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə (?!) Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirib və yenə də missiya gercəkləşməyib. Təsəvvür edin: BMT-nin qurumu BMT-nin tam hüquqlu üzvü olan Azərbaycanın ərazilərini mübahisələndirirmiş kimi davranır. Həmin UNESCO-nun üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı məşhur Qətnamələri vardır. Guya UNESCO başbilənləri bunu bilmirlər? Həmin Qətnamələr UNESCO-nun birtərəfli qaydada müdafiə etməyə, ərkələməyə qalxdığı Ermənistanın qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

Belə çıxır ki, UNESCO BMT-yə qarşıdır?!.Yəni bütün bunlar bir daha göstərir ki, UNESCO-nun Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması istisna edilməməlidir.O da nəzərə alınmalıdır ki, hələ 2005-ci ildə - baş direktor Koiçiro Maatsura dövründə UNESCO ən azından, Azərbaycanın çağırışlarına reaksiya vermişdi. - Təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi sonucunda əraziyə girişin mümkün olmaması göstərilmişdi. Öncəki baş direktorlar tərəfindən sərgilənən qismən ədalətli mövqeyə, UNESCO-nun prinsiplərinə sayğıya baxmayaraq, Odri Azulayın yanaşmalarının təməlində Fransanın ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı təzadlı mövqeyin dayandığı ehtimal olunur.Azərbaycan məhv edilmiş mədəni irsin bərpasında UNESCO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanatlara belə məhəl qoyulmadığı açıq-aydın qərəz kimi qiymətləndirilməlidir.Azərbaycanın UNESCO-nun işinə uzun illər verdiyi töhfənin məhz təşkilatın imicinin qaldırılmasına əsaslandığını, ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alaraq, Azərbaycanın Birinci vitse-prezidentinin Xoşməramlı səfir vəzifəsindən imtinasından sonra itirən tərəf məhz UNESCO olacaqdır. Mehriban xanım UNESCO-nun ideyalarına sədaqət örnəyi göstərən Xoşməramlı səfir idi. Onu da nəzərə alaq ki, Xoşməramlı səfir vəzifəsindən imtina tez-tez rastlanan hal deyil, belə deyək, nadir hadisələr kateqoriyasına aiddir.

Mehriban xanımın bu imtinası, heç şübhəsiz dünyada əks-səda verəcək və UNESCO-nun düşdüyü durum müzakirələrə, suallara səbəb olacaq. İkilistandartlar çox yerdə vardır, barı Elm, Təhsil, Mədəniyyət qurumundasa olmamalıydı…UNESCO ilə son illərdə baş verən proseslərdən göründüyü kimi, xanım Mehriban Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə (özəlliklə son illər) sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır. Bu kübarca imtina, əsası Prezident İlham Əliyev tərəfindən qoyulmuş və zəruri məqamlarda uğurla tətbiq olunan hücum diplomatiyası kursu ilə də üzvi surətdə səsləşir. Təsadüfi deyil ki, Mehriban xanımın UNESCO-nun baş direktoruna ünvanladığı məktubda Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə missiyanın tezliklə təşkili mövzusuna vurğu edilib.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Visiontv.az