Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib
24.06.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Ukraynaya səfəri çərçivəsində Kiyevdə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının ofisində bu ölkədə yaşayan fəal azərbaycanlı gənclərlə görüş keçirilib. Gənclərlə görüşdə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli və digər Komitə rəsmiləri iştirak edib. Görüş zamanı Azərbaycan-Ukrayna münasibətləri, diaspor hərəkatında gənclərin rolu və Vətənə verə biləcəkləri töhfələr barədə danışılıb, müxtəlif movzülarda fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən aparat rəhbəri D.Rəcəbli qeyd edib ki, Azərbaycan dövləti bütün dövrlərdə gənclərə, onların problemlərinə həssas və diqqətlə yanaşıb. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.
Görüş zamanı gənclər istər vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı dövrlərdə hər zaman Vətənə bağlılığını ifadə edərək, daim müxtəlif formalarda Azərbaycana dəstək göstərdiklərini qeyd ediblər. Bildiriblər ki, gələcəkdə də Azərbaycanla bağlı həqiqətləri, milli və dövlətçilik maraqlarını yaşadıqları ölkələrdə və bütün dünyada təbliğ edəcəklər.

Tədbirin sonunda gənclərin gələcək fəaliyyətləri və vətənpərvərliklə bağlı müzakirələr aparılıb, gənclərə daimi Vətəni uca tutmaları tövsiyə edilib.