Ukrayna yaman günə qaldı, Rusiya isə yenidən dirçələcək
Ukrayna yaman günə qaldı, Rusiya isə yenidən dirçələcək
13.02.2025 Elbəyi Həsənli Tərəfindən

Tramp və administrasiyası deyir:

Rusiya işğal etdiyi Ukrayna torpaqlarında qalacaq. 

Ukrayna NATO-ya daxil olmur.

Ukrayna ərazisində Qərbin hərbi bazaları yerləşmir...

Bu qədər güzəştin müqabilində ABŞ Rusiyadan nə alacaq? Orası bəlli deyil. Ancaq aydındır ki, Amerika elə belə Rusiyaya güzəştə getməyib...

Təbii ki, ABŞ-Rusiya danışıqlarının nəticəsi Ukrayna üçün fəlakətdir. Ukrayna ərazisinin az qala beşdə birini itirmiş olacaq. Amerika Ukraynaya verdiyi silahların müqabilində isə bu ölkənin təbii sərvətlərinə əl qoyacaq. Düşünün, Ukrayna darmadağın olub, ölkəni bərpa etmək üçün pul lazımdır. Ukraynanın da təbii sərvətlərləri qəpik-quruşa Amerikaya axacaq.

Bu həm də o deməkdir ki, Volodimir Zelenskini yenidən prezident seçilməyəcək. Çünki onun Qərbə stavka edərək apardığı siyasət iflasa uğradı. Təbii ki, Rusiya bütün gücünü səfərbər edəcək ki, Ukraynanın növbəti prezidenti rusiyapərəst olsun...

ABŞ-Rusiya anlaşması rəsmi Moskvaya geniş manevr imkanları verəcək. Xüsusən keçmiş SSRİ məkanında. ABŞ-Rusiya anlaşması Rusiyanın yenidən Cənubi Qafqaz və Türkistanda fəallaşmasına gətirib çıxaracaq...

Azərbaycan və Ermənistan üçün çətin olacaq. Xüsusən Nikol Paşinyan çıxılmaz vəziyyətə düşəcək. Ukraynanı yaman günə qoyan Qərb kritik məqamda Ermənistana sahib çıxarmı? Düşünmürəm. Deməli, Ermənistanda olan Qarabağ klanı Rusiyanı arxasına alaraq hakimiyyət uğrunda daha inadla mübarizə aparacaq...

Bütün bu ziddiyyətlərin içində Zəngəzur dəhlizi açılacaqmı? Bu məsələ daha çox Türkiyə-Rusiya anlaşmasına bağlı olacaq...

Elbəyi Həsənli

Visiontv.az