Türkiyə-Azərbaycan-Pakistan birliyi Azərbaycanın təhlükəsizliyinin qarantı olacağı şübhəsizdir
12.09.2021

Rusiyaya qarşı ritorikamızın sərtləşməsinın məqsədli olduğunu, bunun Türkiyə və Pakistanın regiona daxil olması üçün zəmin hazırlamaq məqsədi güddüyünü proqnoz etmək olar.

Bu, hesab edildiyi kimi, bizim təhlükəsizliyimizin qorunmasına bilavasitə regional təminat yaratmaq üçün deyil, eyni zamanda, geosiyasi arenada gedən və getməsi gözlənilən daha iri proseslərin dağıdıcı təsirindən qorumaq üçün atılan addımlardandır.

Məsələ Amerika, Çin, Rusiya üçbucağında gözlənilən gərginlik fonunda Amerikanın Rusiyaətrafı ölkələri ruslara qurban vermək və bununla da Rusiyanı Çinə qarşı hərəkət etməyə şirnikləndirmək cəhdləridir.

Rus politoloqların bu günkü fikirlərində də, həmişə qeyd etdiyim: "Amerika Çindən sonra Rusiya ilə məşğul olacaq" fikirləri onu göstərir ki, hələlik heç olmasa iki on il Rusiyaətrafı regionlarda rusların hegemonluğuna göz yumulacaq. Sadəcə çox ağalıq etməsinə imkan verilməyəcək ki, həddən artıq güclənməsin. Bu məqsədlə Taliban, Ukrayna məsələləri gündəmdə olacaq, eynən Qarabağ məsələsi kimi.

Amerikan səfirinin: "Qarabağın statusu ATƏT çərçivəsində həll edilməlidir"- fikri də, münaqişənin qalmasına hesablanıb.
Rusiyanın Belarusla baş tutan birləşməsi və 200min ordu ilə birgə Belarusda hərbi təlimləri Rusiyaətrafı regionlarda baş verəcək proseslərin işartılarıdır.

Azərbaycanın öz təhlükəsizliyini qorumaq üçün atdığı addımlar getdikcə daha açıq və proqnoz edilən xarakter daşıyır. Adından göründüyü kimi "Üç qardaşın" təlimlərə başlaması, Türkiyə-Azərbaycan-Pakistan birliyinin Azərbaycanın təhlükəsizliyinin qarantı olacağı şübhəsizdir.

Siyasi şərhçi Azər Qasımov

Visiontv.az