Titrəyişləri ilə dünyanı lərzəyə salan zəlzələlər necə yaranır...?
Titrəyişləri ilə dünyanı lərzəyə salan zəlzələlər necə yaranır...?
06.02.2023 MEDİA Tərəfindən

Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani titrəməsi zəlzələ hadisəsidir..

Zəlzələ Yerdə baş verən dinamik proseslər nəticəsində yaranır. Planetin daxilindəki enerji tədricən toplanır və hər hansı yerdə süxurların müqavimət qabiliyyətindən artıq olduqda, onların parçalanması və ya çatlaması ilə müşayiət olunur. Bu, hər tərəfə yayılan və öz yolu qarşısındakı maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi sayılır. Mərkəzdə titrəyiş həmişə qısa müddətli olur və sonra ətrafa yayılır. 

Yerin özəyi və qabığı arasındakı litosfer layları zəlzələlərin yaranmasında böyük rol oynayır. Bu zaman müxtəlif layların sürüşməsi və toqquşması zamanı yaranan gərginlik boşalması yeraltı təkanlara səbəb olur. Zəlzələlər yaranma şəraitinə görə 3 tipə ayırır: Denudasiya, Vulkanik və Tektonik zəlzələlər.

Denudasiya zəlzələləri: Yeraltı suların dağıdıcı fəaliyyəti zamanı asanlıqla həll olan süxurlarda boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsinin təsiri altında uçur və şiddətlə yerə dəyərək zəlzələni yaradır. Bunlara karst zəlzələsi də deyilir.

Vulkanik zəlzələlər: Vulkan fəaliyyətinin ən aktiv dövründəki partlayışlar zamanı onun ətrafında hiss olunan müxtəlif yeraltı təkanlardır. Bu tip zəlzələlər qüvvətli olsa da, böyük sahəyə yayılmır. Tektonik zəlzələlər: Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi nəticəsində yaranır və böyük sahəyə yayılması ilə səciyyəvidir.

 

Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə hiposentr deyilir. Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür.

Səth zəlzələləri (hiposentr 10 km-ə qədər dərinlikdə), normal zəlzələlər (hiposentr 10-60 km dərinlikdə), dərinlik zəlzələləri (hiposentr 60-300 km dərinlik də), Çox böyük dərinlikli zəlzələləri (hiposentr 300-700 km dərinlikdə). Yer kürəsində baş verən zəlzələlər daha çox səth və normal zəlzələlərdir. Dərinliyi 700 km-ə çatan ocaqlar da mövcuddur. Onlar adətən Sakit Okean "Odlu qövsü"də baş verir. Zəlzələ ocağı nə qədər dərindirsə dalğaların təsirinə məruz qalan ərazi də bir o qədər geniş olur. Zəlzələ ocağının Yer səthinə perpendikulyar proyeksiyası "episentr" adlanır. 

Zəlzələnin intensivliyi əksər ölkələrdə 12 bala bölünmüş seysmik cədvəllə - Rixter şkalası ilə ölçülür. Bu cədvələ görə 1 bal-hiss olunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, 5 bal-nisbətən güclü, 7 bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal fəlakətli, 12 bal-ən fəlakətli zəlzələ sayılır.

Zəlzələ ilə məşğul olan elmə seysmologiya deyilir. Dünyada indiyədək qeydə alınan ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilinin Valdiviya şəhərində baş verib. “Böyük Çili zəlzələsi” kimi tarixə düşən zəlzələ Rixter cədvəli ilə 9,5 bal olub. Ən çox insan tələfatına səbəb olan zəlzələ isə 1556-cı il yanvarın 23-də Çində qeydə alınıb. Şensi əyalətində baş verən 8 bal gücündəki zəlzələ 830 min insanın həyatına son qoyub. 

Azərbaycan ərazisində baş vermiş ən dağıdıcı zəlzələ 1667-ci ildə Şamaxıda baş verib və 6.9 bal gücündə olub. 80 min insanın həlak olduğu bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilib və ABŞ Geologiya xidmətinin hazırladığı 28 böyük zəlzələ siyahısına daxil olub. 1902-ci ildə baş verən və eyni gücə malik daha bir zəlzələ isə 2 min insanın ölümü ilə nəticələnib, 

1139-cu ildə Gəncədə baş verən 6.3 bal gücündə olan zəlzələdə isə 230 min, bəzi məlumatlara görə isə 300 min insan həlak olub. Göy-gölün yaranması da bu zəlzələ ilə əlaqələndirilir.

Yerigəlmişkən bu gün Türkiyə və Suriya ərazisində zəlzələ baş verib. Ciddi insan təlafatı və böyük dağıntılar var. Vəfat edənlərə Tanrıdan rəhmət diləyirik. Yaralılara isə tezliklə şəfa tapmalarını arzu edirik.

Bünyamin Bünyadzadə

Visiontv.az