Təxribatların anlamını Rusiyanın ümumi Qafqaz siyasətində axtarmaq lazımdır
Təxribatların anlamını Rusiyanın ümumi Qafqaz siyasətində axtarmaq lazımdır
29.03.2022 Nəsib Məhəməliyev Tərəfindən

Son günlər Rusiyanın bəzi rəsmi və qeyri-rəsmi dairələri Qarabağla əlaqədar Azərbaycana qarşı silsilə təxtibatlar törədir.

Çox maraqlıdır ki, bu cür təxribatları hazırda Ukrayna ilə gedən biabırçı müharibəyə başçılıq edən Rusiya Müdafiə Nazirliyinin əməkdaşları daha çox törədir. Bəs səbəb nədir? Suallarımıza Milli Məclisin deputatı Nəsib Məhəməliyev cavab verdi.

- Salam Nəsib müəllim. Sizcə Rusiya Müdafiə Nazirliyinin Qarabağla əlaqədar xəritə və məlumat təxribatının arxasında nə dayanır?

- Rusiya Müdafiə nazirliyinin Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı bəyanatı qanunsuzdur, həqiqəti əks etdirmir və qətiyyən qəbul oluna bilməz. Hər şeydən əvvəl nəzərə alınmalıdır ki, bəyanatda qeyd olunan Xocalı rayonunun Fərrux (Furux yox) kəndi Azərbaycanın suveren ərazisidir. Hər bir suveren dövlət öz ərazisində anti-terror əməliyyatları keçirə, silahlı qüvvələrinin dislokasiya yerini dəyişə bilər. Heç bir ölkənin ərazisində iki fərqli ordu ola bilməz. Fərrux kəndinin üzərində yerləşən Daşbaşı yüksəkliyi strateji əhəmiyyətə malikdir və erməni terrorçuları həmin yüksəklikdə səngərlər, medafiə istehkamları qurmaqla möhkəmlənir və mütəmadi olaraq ordumuzun mövqelərini atəşə tuturdular. RF-n Prezidenti Putinin də imzaladığı üçtərəfli razılaşmanın 4-cü bəndinə əsasən Qarabağda silahlı erməni dəstələri olmamalıdlr. Onların çıxarılmasına məsuliyyəti isə, sülhməramlılar daşıyır. Təəssüf ki, sülhməramlılar nəinki, öhdəliklərini yerinə yetirir, əksinə, terrorçulara təşkilatlanmaq üçün şərait yaradılır. Təxribatların anlamına gəldikdə isə, bu yeni bir şey deyil. Səbəbini Rusiyanın ümumi Qafqaz siyasətində axtarmaq lazımdır. Heç kəsə sirr deyil ki, Cənubi Qafqazda sülhün bərqərar olması, bölgədə xarici güclərin zərurətini aradan qaldırır.

- Fərrux kəndindən Azərbaycan hərbiçilərinin geri çəkilməsi ilıə bağlı Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumatı Azərbaycana hansısa formada təzyiq kimi qiymətləndirmək düzgün olardı, yoxsa erməniləri sakitləşdirmək üçün yazılan bir xəbər idi?

- Fərrux kəndindən Azərbaycan hərbçilərinin geri çəkilməsi ilə bağlı bəyanat, hesab edirəm ki, məsuliyyətsiz, isterik şəkildə verilmişdir. Ölkəmizə qarşı təzyiq məqsədi daşıyır. Ukrayna münaqişəsi fonunda, əksər ölkələr Rusiyanın əleyhinə birləşmiş, tarixdə görünməmiş sanksiyalar tətbiq olunmuşdur. Azərbaycan azsaylı ölkələrdəndir ki, qonşuluq, dostluq münasibətlərinə sadiqliyini qoruyub saxlayır. Ona görə də, şimal qonşumuz belə bəyanatları verməzdən əvvəl götür-qoy etməli, ətraflı düşünməlidir. Sülhməramlıların əsas vəzifəsi üçtərəfli razılaşmalardan irəli gələn öhdəlikləri icra etməkdir. Terrorçuları yenidən təşkilatlandırmaq, separatizmi bərpa etmək, yox.

-Azərbaycan ordusunun mövqe dəqiqləşdirməsinə Ukraynada bir-birinə düşmən olan Rusiya, ABŞ və Avropanın eyni mövqedən çıxış etməsinin səbəbi xristian təşəbbüslüyüdür, yoxsa bölgəmizdə öz nüfuzunu artıqrmaq üçün gedən mübarizədir?

-Nə qədər təəccüblü olsa da, beynəlxalq münasibətlər sistemində “erməni məsələsi” özünəməxsus yer tutur. Paradoks ondan ibarətdir ki, biri-biri ilə uzun illər düşmənçilik edən, iqtisadi, siyasi, hərbi sahədə kəskin rəqabət dövlətlər erməni məsələsinə gəldikdə vahid mövqe sərgiləyirlər. ABŞ ilə Avropa Birliyinin Rusiyaya münasibəti hər kəsə bəllidir. Eyni zamanda cənub qonşumuz İranın həmin ölkələrlə düşmənçilik münasibətləri heç kim üçün sirr deyil. Ancaq, erməni məsələsi, yeganə məsələdir ki, bu ölkələrin siyasəti üst-üstə düşür. Bunun iki səbəbi var; birinci səbəb xristian təssübkeşliyi. İkinci səbəb isə, geosiyasi faktorlarla əlaqəlidir. Ermənistan-Azərbaycan münaqişəsinə regional aspektdən yanaşmaq doğru deyil. 19-cu əsrin əvvəllərindən başlayan konfliktin kökündə geosiyasi faktorlar dayanır. Bu coğrafiyada gərginliyin saxlanması əsasən Türkiyə faktoru ilə bağlıdır və qlobal güclərin maraq dairəsindədir. Sadaladığım dövlətlərin heç biri güclü Turan Birliyini istəmir və inkişaf etmiş Türk dövlətlərini özləri üçün təhlükə olaraq görürlər.

- Sizcə bu məslədə Azərbaycan sərt mövqeyə, yoxsa diplomatik dilə daha çox müraciət etməlidir?

- Prezident İlham Əliyevin artıq özünü təsdiq etmiş sözlərini xatırlatmaq istərdim. “Mən nəyi, necə, nə zaman etməyi yaxşı bilirəm”. Xalqımız zamanla ölkə Başçısının apardlğı siyasətin bəhrəsini görmüşdür. Düşünürəm ki, bu məsələ ilə bağlı Müdafiə Nazirliyimizin verdyi reaksiya kifayət qədər əsaslandırılmış, sərt və tam adekvatdır. Son hadisələr ermənilər üçün növbəti siqnal oldu. Qalan məsələlər zamanla həllini tapacaqdlr. Həddindən artıq gərginliyə ehtiyac yoxdur.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

İlahə Əliyeva