Təəssüf ki, hələ də köhnə təfəkkürlü, geridə qalmış məmurlarımız var
Təəssüf ki, hələ də köhnə təfəkkürlü, geridə qalmış məmurlarımız var
08.12.2021 Nəsib Məhəməliyev Tərəfindən

Millət vəkili Nəsib Məhəməliyev suallara cavab verir.

-Salam Nəsib müəllim. Son günlər mətbuatda gedən bir məlumat nədənsə ictimai rəydə elə də ciddi müzakirə olunmadı. Amma mənim fikrimcə ciddi bir məsələ idi. Söhbət Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ İqtisadi Zonasına öz səlahiyyətli nümayəndəsinin təyin edilməsindən gedir. Bu məlumatdan sonra belə bir fikir səsləndi ki, artıq icra hakimiyyətlərinin funksiyaları ləğv ediləcək və prezidentin bölgələrdə səlahiyyətli nümayəndəsi mərkəzləşdirilmiş iqtisadi zonaların rəhbərləri olacaq. Mənim üçün maraqlıdır Qarabağ İqtisadi Zonasına prezidentin nümayəndəsi kimi Emil Hüseynovun təyin olunmasını yeni idarəetmə sisteminə keçid saymaq olarmı?

- Emil Hüseynovun Qarabağ İqtisadi Zonasının başçısı təyin olunması hesab edirəm ki, idarəetmədə yeni bir sistemin başlanğıcıdır. Yəni müstəqillik əldə etdiyimiz dövrdən indiyə qədər Azərbaycanda yerli idarəetmə sistemini icra hakimiyyətinin başçıları, prezidentin yerlərdəki səlahiyyətli nümayəndələri həyata keçirib. Prezidentin təsdiq etdiyi yerli icra hakimiyyəti orqanları haqqında əsasnaməyə zaman-zaman müxtəlif əlavələr edilib. Son dəyişikliklər də təxminən 2012-ci ildə səhv eləmirəmsə baş verdi. Ondan sonra yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə xeyli məhdudiyyətlər qoyuldu. Məhdudiyyətlər əsasən mərkəzi icra hakimiyyətinin orqanlarının yerlərdəki nümayəndəliklərini əhatə etdi. Bütün nazirliklərin fəailiyyətlərini yerlərdə regional idarəetmələr vasitəsi ilə həyata keşirməyə başladılar. Yəni buna da ilk növbədə səhv etmirəmsə 2000-ci illərin əvvəllərində Vergilər Nazirliyi başladı. Daha sonra digər nazirliklər də müxtəlif zonalar üzrə öz regional idarələrini formalaşdırdılar.

Bunun təbii ki, müsbət tərəfləri ondan ibarətdir ki, bürokratik əngəllərin, məmur özbaşınalıqlarının maksimum qarşısının alınmasıdır. İşə ümumilikdə təsir göstərən ikili tabeçiliklərin aradan qaldırılması baxımından bu təbii ki, müəyyən effekt verdi. Bu da normaldır. Hər bir dövlətdə məhsuldar qüvvələr və qeyri-məhsuldar qüvvələr var. Nə qədər qeyri-məhsuldar qüvvələrin sayı cəmiyyətdə az olarsa, məhsuldar qüvvələrin sayı artacaq. Yəni bu baxımdan daha çox istehsal olacaq, daha çox vətəndaşlarımız bizneslə məşğul olacaq, öz işlərini quracaqlar. Bu baxımdan dövlətin iqtisadi imkanlarının artmasına xidmət edən amillərdən biri də budur. Nəzərə alsaq ki, yerli icra hakimiyyəti rəhbərliklərində kifayət qədər neqativ hallar oldu, icra başçılarının fəaliyyətlərində cinayət xarakterli hadisələrə yol verildi. Hətta iş o yerə gəlib çıxdı ki, sosial müavinatlara göz dikildi, prezidentin ən həssas, kasıb təbəqə üçün nəzərdə tutduğu sosial işlər üçün ayırdığı vəsaitin kütləvi şəkildə mənimsənilməsi halları baş verdi. Bu baxımdan icra başçılarının səlahiyyətlərində də xeyli məhdudiyyətlər qoyuldu. Əgər məntiqlə fikirləşsək, bütün mərkəzi icra orqanlarının yerlərdəki nümayəndələri ancaq regionlar qurumlar vasitəsiylə idarə olunur. Bu baxımdan artıq mənə elə gəlir ki, Qarabağda tətbiq olunan bu sistem respublikanın digər bölgələrini də əhatə edə bilər.

-Bu addım gələcəkdə Qarabağda yerli özünüidarəetmə, bələdiyyələrin daha aktiv fəaliyyətinə imkan yarada bilərmi? Yəni burda həssas məqam nədir? Ortada ermənilərlə birgə yaşayış deyilən bir anlayış var. Biz bu birgəyaşayışı təmin etməliyik. Yeni idarəetmə mexanizmi bu məsələni həll edə bilərmi?

-Qarabağ İqtisadi Zonasında faktiki olaraq bərpa işləri həyata keçirilir. Orada hazırda insanlar yaşamır. Bu zonanın yeni təyin olunan rəhbəri hazırda faktiki olaraq əhaliylə demək olar ki, xidmət göstərmir. O bölgənin bərpa, yenidənqurma, yeni infrastruktur layihələrinin icrası və prezidentin birbaşa tapşırıqlarını icra edir. Orada daha çox bərpa, tikinti işləriylə məşğul olan şirkətlərlə işləyir. Müvəqqəti olaraq bölgədə kifayət qədər çoxsaylı maliyyə təminatı tələb edən layihələrin icrasıyla məşğuldur. İstənilən halda tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində korrupsiya faktları tikinti sahəsində daha çoxdur. Şəffaflığın təmin olunması, korrupsiya zəncirinin aradan qaldırılması baxımından bilavasitə prezidentin oradaki nümayəndəsinin olması olduqca effektiv bir yanaşmadır. Yəni burada ortada olan çoxsaylı qurumlar aradan götürülür. Yəni biz bunu digər iqtisadi zonalarla eyniləşdirməli deyilik. Hesab edirəm ki, o bölgədə işlərin daha effektli, daha operativ, daha keyfiyyətli aparılması üçün iqtisadi zonanın başçısının olması daha vacibdir. Nəyinki ayrı-ayrı kiçik rayonlar üzrə. Birmənalı şəkildə bunun effekti daha üstündür.

Düşünürəm ki, əhali ora gələcəkdə inteqrasiya olunandan sonra, məskunlaşma prosessləri başa çatdıqdan sonra təqdicən bu institut özünü doğruldacaqsa, niyə də yox? Digər iqtisadi rayonlara, bölgələrə də belə bir təyinat ola bilər. Yəni belə desək, təkamül yoluyla. İndiki vəziyyətdə mövcud kadrlarla regionlaşma ümumi işə hesab edirəm ki, ziyan gətirə bilər. Belə bir təcrübə 1962-63-cü illərdə SSRİ-nin o vaxtki başçısı Nikita Xruşov tərəfindən aparılıb. Ancaq il yarımdan sonra ləğv edilib. Təsəvvür edin Rusiya Federasiyasının üç vilayətini birləşdirib bir vilayət etmişdilər. Bu da özünü doğrultmadı. Sırf idarəetmə baxımından mən hesab edirəm ki, indiki strukturda elə bir ciddi problem yoxdu. İKT əsridir, artıq əvvəlki dövrlərdəki kimi hansısa insanı axtarıb tapmaq texniki baxımdan heç bir problem yaratmır. Amma problemlər subyektiv xarakterli qalır. Təəssüflər olsun ki, hələ də köhnə təfəkkürlə, köhnə fikirlərlə işlərinə yanaşanlar, kifayət qədər geridə qalmış, gerizəkalı məmurlarımız var. Bunlar problemdir.

- Sualı bir az başqa formada verim. Bələdiyyə, yerli özünüidarəetmə məsləsinə istərdim toxunaq. Milli Məclisdə də bunu müzakirə etdiniz. Təzadlı fikirlər də oldu, ziddiyyət yaradan məqamlar da. Yenə Qarabağ məsələsini önə çıxartmaq istəyirəm. Biz Qarabağda birgəyaşayışı təmin etmək üçün bələdiyyə sistemini istər-istəməz ön plana çıxarmağa məcbur olacağıq. Bunu biz deməliyik. Çünki ermənini bizlə normal yaşatmaq üçün bələdiyyə sistemini mütləq tətbiq etməliyik. Çünki bələdiyyədə özünü ifadə, seçib-seçilmək imkanları var. Təbii ki, prezidentin nümayəndəsi olmaq şərtiylə. Bu hər yerdə belədir. Belə baxıram Qarabağda ermənilərdən canımımızı bir dəfəlik qurtarmaq mümkün deyil. Birlikdə yaşamalıyıq. Birgə yaşamaq üçün də bələdiyyə sistemi təkmilləşdirilməlidir ki, onlar bütün dünyaya car çəkib deməsinlər biz təzyiq altındayıq, heç bir hüququmuz yoxdur, səs verib özümüzə rəhbər seçə bilmirik və s. Bu baxımdan demək istəyirəm ki, yeni təyinat, bələdiyyə sistemlərinin dirçəlişi, inkişafı və bunu bir test kimi müsbət nəticə verməsi digər regionlara da inteqrasiyası etməsi mümkündürmü?

- Ermənilərin bizimlə Qarabağda birgə yaşamasını bələdiyyə sistemləriylə o qədər də bağlamıram. Əksinə hesab edirəm ki, Böyük Sülh Sazişi imzalansa, bu prosesslər avtomatik həll olunacaq. Çünki Azərbaycan unitar dövlətdir. Bələdiyyə sistemini, yerli özünüidarəetmə orqanlarının orada fəaliyyət göstərməsi, respublikanın digər bölgələrində olduğu kimi həyata keçiriləcək. Bu birmənalıdır. Hesab edirəm ki, sülh sazişi imzalandıqdan sonra ermənilər təbii ki, öz bələdiyyə institutunu özləri həyata keçirəcəklər. Orada yaşayan ermənilər sırf Azərbaycan qanunvericiliyinə uyğun şəkildə hərəkət edəcək. Müsbət nəsə olacaqsa Azərbaycanın digər regionlarına da sirayət edəcək. Ümidvaram ki, müsbət olacaq.

Zəngəzur dəhlizinin açılmasına mane olan Türkiyəfobiyadır

-Ermənilərdən danışmışkən, “Böyük sülh” sazişi barədə dediniz. Moskvada baş nazirlərin görüşləri yarımçıq qaldı. Belə çıxır ki, erməni tərəfi, konkret desək Paşinyan Soçi bəyanatını sabotaj etdi?

- Sadəcə tarix təkrarlanır. Aleksandr Düma 19-cu əsrin əvvəllərində “Qafqaza səyahət” kitabında ermənin tərifini konkret yazıb: “Onlar elə bir millətdir ki, imzalarından imtina edirlər”.  Görüşdən əvvəl Paşinyan demişdi ki, heç bir razılıq olmayacaq, heç bir sənədə imza atmayacam. Soçi görüşündə imza atdı, yekun bəyannamə qəbul olundu. Ondan sonra imtina etdilər. Bu erməni xislətinin bariz nümunəsidir. Amma bütövlükdə, düşünürəm ki, Paşinyana ciddi xarici və daxili təsirlər var, təzyiqlər çox güclüdü. Çüki Ermənistanın daxilində siyasi partiyaların rəhbərlərinin müsahibələrinə, fikirlərinə diqqət yetirsək görərik ki, artıq hələ bir neçə ay bundan əvvəl onlar açıq şəkildə bildirirdilər ki, bizə heç kim Zəngəzur dəhlizinin açılması üçün təzyiq edə bilməz.

- Axı Ermənistanda Paşinyanı devirəcək elə də ciddi qüvvə yoxdur. Paşinyanın Soçi görüşünü sabotaj edilməsi, Soçi bəyannaməsini əhəmiyyətsiz etməyinin səbəbibi biz bəlkə Brüsseldə axtaraq?

- Həm Brüsseldə axtarmaq lazımdır, həm də cənub qonşumuzda. İran Ermənistana çox büyük təzyiqlər edir ki, Zəngəzur dəhlizi açılmasın. İran çox açıq şəkildə deyir bunu. Baxmayaraq ki, Aşqabad görüşündən sonra İran prezidenti ilə cənab prezident İlahm Əliyev arasında  məhsuldar bir görüş oldu. Fikirlərə aydınlıq gətirildi. Ancaq, mənim düşüncəmə görə, ən böyük təzyiqlər elə İrandan gəlir. İran hec bir halda Zəngəzur dəhlizinin açılmasıyla barışmaq istəmir və barışmayacaq. Özümüza aldatmayaq. Brüssel məsələsinə gəlincə. Brüsseldə inanmıram ki, ciddi nəsə real qərarlar qəbul olunsun. Avropa İttifaqının ümumiyyətlə son 20-25 ildə fəaliyyətinə baxsaq, Minsk Qrupunun fəaliyyətiylə eyni səviyyədədir. Uzağı tərəfləri sülhə çağıracaqlar. Real təsir imkanlarına malik ən güclü tərəf isə Rusiyadır. İndiki halda Rusiya ilə Azərbaycanın maraqları üst-üstə düşür. Nəzərə alsaq ki, həm 10 noyabr, eyni zamanda Soçidə görüşlər bilavasitə Rusiya prezidenti Vladimir Putinin imzasıyla, onun moderatorluğu ilə təşkil olunub və burada nüfuz məsələsi ortadadır. Həmçinin Rusiya-Qərb qarşıdurması artıq kuliminasiya nöqtəsinə çatıbdır. İndiki halda Rusiya çox gözəl başa düşür ki, Ermənistan etibarlı tərəfdaş deyil. Ermənistan dövləti tarixən olduğu kimi hər zaman arxadan bıçaq vurmağa hazırdır. Bu baxımdan hesab edirəm ki, Rusiya bu məsələdə daha qətiyyət gösərəcək.

- Paşinyan təzyiqdən ehtiyyat edir həmişə. Təzyiqdən sonra nəyəsə imza atır, nəyisə həyata keçirir. Hazırki vəziyyətdə Azərbaycanın və Rusiyanın əlində hansı təzyiq inustrumentləri var? Biz hansı instrumentən istifadə etməliyik?

- Rusiyanın bir dövlər olaraq əlində həm iqtisadi, həm hərbi, eyni zamanda digər resurslar, təsir vasitələri kifayət qədərdir ki, Ermənistanı sazişin bütün bəndlərini yerinə yetirməyə məcbur etsin. Əgər sırf iqtisadi cəhətdən yanaşsaq, əsas iqtisadi subyektləri Rusiya Federasiyasının idarəetməsindədir. Bir çoxları bilavasitə Rusiyanın mülkiyyətindədir. Enerji daşıyıcıları 80%  Rusiyadan alınır, 20% İrandan gəlir. Ermənistanın əsas xarici ticarət tərəfdaşı Rusiya Federasiyasıdır. Ermənistan həm gömrük, həm də Avrasiya İttifaqından kifayət qədər bəhrələnir. Hərbi nöqteyi nəzərdən Ermənistanın Azərbaycan istisna olmaqla, bütün sərhədlərini Rusiya Sərhəd Qoşunları qoruyur. Eyni zamanda Rusiyanın Ermənistanda 102-ci böyük bir hərbi bazası var. Yəni Rusiyanın Ermənistanı sazişin bütün bəndlərini icra etməyə vadar edəcək kifayət qədər təsir rıçakları var. Hələ mən nəzərə almıram ki, Dağlıq Qarabağ ətrafında Rusiya sülhməramlılarının kifayət qədər hərbi kontingenti var və onlar orada olmasa, sabah Azərbaycanın təsiri olmadan belə orada bir dənə də erməni qalmayacaq. 

- Onda belə çıxır ki, Rusiya hələ Paşinyana ciddi təzyiq göstərməkdə maraqlı deyil?

- Rusiyanın Qafqaza qarşı konkret strateji bir siyasəti mövcuddur. Bir tərəfdə Rusiyaya baha başa gələn Ermənistan adında bir layihə var. Geosiyasi reallıqları nəzərə alaraq Rusiya orada hərbi bazanı saxlamaq məcburiyyətindədir. Xeyli vəsait xərcləyir bura. Rusiya Qarabağa  Ermənistanın tərkib hissəsi kimi baxmır. Bu aydın məsələdir. Amma Rusiya hesab edir ki, əgər Ermənistanda, Qarabağ ərazisində hərbi kontingenti olmasa, tək Cənubi Qafqazdan yox, ümimiyyətlə Qafqazdan sıxışdırılma ehtimalı var. Mən Rusiyanın siyasətini müəyyən mənada başa düşürəm. Nəzərə alsaq ki, son zamanlar arıtq NATO-nun genişlənməsi proqramında Ukrayna, Gürcüstan, Moldova, Pribaltika Respublikaları var. Ermənistan kifayət qədər NATO ilə, Qərblə əlaqələrini möhkəmləndirməyə çalışır. Qeyd edim ki, Qərbyönümlü siyasət aparmağa cəhd etdiklərinə görə Gürcüstan 2008-ci ildə 2 bölgəsini, Ukrayna isə 2014-cü ildə  Krımı, Donbası, Luqanskı itirdi. Artıq bunların arasında çox ciddi bir qarşıdurma var. Bu baxımdan Qərbin birbaşa və dolayısıyla Ermənistanda fəaliyyəti var. Nəzərə alın ki, tək ABŞ-ın səfirliyinin İrəvanda 2500-dən yuxarı əməkdaş var. Bu baxımdan Rusiya həm də nəzərə almalıdır ki, biz Türk dünyasının bir parçasıyıq. Azərbaycan Türkiyə ilə Türkdilli dövlətlər arasında bir körpü rolunu oynayır. Yəni bunların inteqrasiyası baxımından Azərbaycanın əhəmiyyəti olduqca böyükdür. Bütün bunlar nəzərə alınır.

- O günü bir iranlı politoloqa söhbət edirəm. Və soruşdum ki, Ermənistandaki ABŞ səfirliyində fəailiyyət göstərən 2500 nəfər kontingent nə əcəb İranı narahat etmir? Amma Azərbaycanda İsrail səfiri bir cümlə işlətdi Tehran bizimlə sərhəddə qoşun yığdı. Amma İrəvanda ABŞ səfirliyində dediyim kimi 2500 nəfərlik heyyət var və onlardan 30-40 nəfər diplomat ola ya olmaya. Digərləri kimdir bunu İrəvan da, Tehran da, Moskva da yaxşı bilir. Amma heç birinin etirazı yoxdur. Sözü düzü cavab verməyə çətinlik çəkdi.  

- İran ən çox öz təhlükəsizliyinə təhdid kimi Türkiyə və Türk dünyasını görür. ABŞ, Avropa aysberqin görünən tərəfidir. Bunlar açıq deməsələr də, amma fars imperiyası daim türk dünyası ilə rəqabətdə olub. Və, bu siyasət indi də davam edir. Mən Ərdoğan hakimiyyətə gələndən sonra çoxsaylı barışıq jestlərinin, bəyanatlarının şahidi olmuşam. Eyni zamanda, İrana qarşı Qərbin tətbiq etdiyi sanksiyaların heç birinə Ərdoğan dəstək vermir. Amma hər zaman İran Türkiyənin bu addımına qarşı siyasət yürüdüb. Və bu gün nə qədər təəccüblü olsa da yenə Zəngəzur dəhlizinin açılmasının ən böyük əleyhdarı İrandır. Yəni onlar Türk dünyasını ən böyük təhlükə hesab edirlər. Onlar elə fikirləşirlər ki, sabah əlaqələr genişlənəcək, inteqrasiya prosessləri sürətlənəcək və bu İranın dağılmasına səbəb olacaq. 40 milyonluq azərbaycanlı öz dövlətini qrumaq istəyəcək. Onlar əsas bu təhlükəni görürlər. Ancaq proqmatik siyasətçilər buna getməməlidir. Biz heç vaxt İrana qarşı ərazi iddiaları ilə çıxış etməmişik. O cümlədən güneyli soydaşlarımız da çıxış etməyib.

- Son hadisələrdə Türkiyənin rolunu istəyərdim biraz izah edək. Türkiyənin rolu burada haradadır? Soçi görüşü oldu, Brüssel görüşü gözlənilir. Kommunikasiyaların açılması məsələsi, Zəngəzur dəhlizi məsələsinin bu dəqiqə ciddi üzərində durublar. Türkiyə son hadisələrdə sizə elə gəlmir ki, biraz passiv mövqe nümayiş etdirir?

- Yox, heç bir halda. Türkiyə hesab edirəm ki, son 100 ildə ən proqmatik, doğru bir addım atdı. Cəsarətlə haqqın yanında durdu. Türkiyə dövləti digər coğrafiyalara qarşı da, istər Liviya, istər Suriya, istər İraq, istər Qətər olsun haqqın yanında yer aldı. Hər zaman ədalətin tərəfində oldu. Liviyada BMT-nin tanıdığı höküməti müdafiə etdi. Türkiyə haqqın, ədalətin beynəlxalq hüququn yanında oldu. Bizim bölgə çox həssas bir bölgədir. Ona görə də çox müdaxilə ümumi işə mənfi təsir edər. Əgər hər gün Türkiyənin hərbi-siyasi rəhbərliyinin bəyanatlarına diqqət yetirsək, onlar hər zaman deyirlər ki, biz istənilən halda azərbaycanlı qardaşlarımızın yanındayıq. Bu böyük bir qazancdır bizim üçün. Bu elə-belə deyilmir. Dünyaya sübut edirlər ki, biz hər an bu məsələlərdə Azərnbaycanı müdafiə edəcəyik. Digəır tərəfdən biz Azərbaycan olaraq müstəqillik siyasət aparırıq. Mən bunu alqışlayıram. Cənab prezident beynəlxalq münasibətlər sistemini, o cümlədən beynəlxalq təhlükəsizlik sistemini kifayət qədər dəqiqliklə mənumsəmiş bir insandır. Və bütün qüvvələr balansını çox dəqiq bilir ki, kim harada olmalıdır. Zərurət yaranarsa, Türkiyədən də, Pakistandan da dəstək olacaq. Digər siyasi məsələlərdə prezidentin sədrliyiylə Qoşulmama Hərəkatından biz effektiv istifadə etdik. Yəni hər xırda məsələ üçün Türkiyəni bura qatmaq lazım deyil. Türkiyənin kifayət qədər öz problemləri var. Nəzərə alsaq ki, 30-a yaxın ölkə Aralıq dənizində Türkiyə əlehinə siyasət aparır. Şimali Afrikada, Körfəz ölkələri arasında. İndi də maksimum çalışırlar ki, iqtisadi cəhətdən Türkiyəni çökdürsünlər. Bütün bunlar Türkiyənin inkişafının qarşısını almağa hesablanıb. Mən çox təəssüf edirəm ki, Türkiyənin daxilində ana müxalifət adlandırılan bəzəi partiyalar hakimiyyətə gəlmək üçün terrorçularla əlbir olurlar. Bu çox ziyanlı bir vəziyyətdir. Türkiyənin gücü bizim gücümüzdür. Mən hesab etmirəm ki, Türkiyə son vaxtlar passivləşib. Əksinə hesab edirəm ki, Türkiyə prosessləri çox yaxından izləyir. Eyni zamanda, Rusiya ilə əməkdaşlıq edir. Bizimlə bərabər üçtərəfli bəyanatın icrasını tələb edir.

- Sonuncu sualı Zəngəzur dəhliziylə bağlı vermək istəyirəm. Bu dəhlizin açılmasında tək bizim yox, bəzi böyük dövlətlərin də marağı var. Burada Türkiyənin, Çinin, Pakistanın, İngiltərənin marağı var. Hətta Rusiyanın marağı var. Bu baxımdan sizcə Brüssel görüşündə Zəngəzur dəhlizi məsələsinə konkret nöqtə qoyulacaq?

- Təxminən il yarım bundan əvvəl bir kəmər, bir yol layihəsi var idi. Bəzi qüvvələr maksimum çalışırdılar ki, o xəttin bir hissəsi Azərbaycan ərazisindən keçməsin. İranın, Ermənistan ərazisindən keçsin. Təxminən o vaxtdan prosesslərə xronologiya üzrə baxsaq, görərik ki, bu dəhliz açılacaq. Bu dəhlizin açılmasında Avropa İttifaqı da maraqlı olmalıdır. Burada mane olan nədir? Mane olan əsas amil, Türkiyəfobiyadır. İslam dünyasına ikili münasibətdir. Bu ikili baxışlar görə bir çox hallarda Amerikanın, Avropanın siyasətçiləri öz dövlətlərinin siyasi-iqtisadi maraqlarına zidd qərarlar qəbul edirlər. Yəni problem budur. Bu günki reallıq ondan ibarətdir ki, Avropanın enerji təhlükəsizliyində açar rollarından birini Türkiyə oynayır. Problemin kökü bundadır. Ancaq kimin kimlə danışmasından asılı olmayaraq inanıram ki, o dəhliz açılacaq. Buna ermənilər də kəskin etiraz edə bilmirlər. Sadəcə onlar söz oyunu oynayırlar. Maksimum çalışırlar ki “dəhliz” sözü işlətməsinlər, onlar iqtisadi dividentlər əldə etsinlər. İstəyirlər ki, Ermənistan gömrük postları qoyulsun, hər girən-çıxan maşınlardan pul alsınlar. Belə olduğu halda biz də Laçın dəhlizinə mütləq bunu tətbiq etməliyik.

- Mən də fikirləşirəm ki, artıq tikintisi gedən bir dəhlizin qarşısını kəsmək mümkün olmayacaq.

-Mümkün deyil. Fakt qarşısında hamı acizdir. Baxın biz 44 gün ərzində erməni qoşunlarını darmadağın etdik. Dünya heç nə edə bilmədi. Çünki beynəlxalq hüquq var. O cümlədən Brüsseldə də çalışacaqlar ki, münasibətlərə normallıq gətirsinlər. Onlar istəyirlər ki, artıq bu problem həllini tapsın. Bakı ilə Brüssel arasında kifayət qədər iqtisadi əlaqələr var. Ermənistan isə iqtisadi baxımdan heç bir cazibə kəsb etmir onlar üçün. Ancaq erməni olduqlarına, xristian olduqlarına, türklərin əleyhinə olduqlarına görə dəstəklənirlər. Bunun başqa bir səbəbi yoxdur.

- Müsahibə üçün sağ olun.  

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış;


 
Şöhrət El-Dəniz

İlahə Əliyeva

Visiontv.az