Siyasi "sevgi"lər...
Siyasi "sevgi"lər...
26.05.2023 Bəybala Mirzəyev Tərəfindən

HDP-nin 14 may seçkilərində olduğu kimi 28 may öncəsində də yenə Kılıçdaroğlunu seçməsində təəccüblü heçnə yoxdur.

PKK terror təşkilatının siyasi qanadı kimi tanınan Xalqların Demokrat Partiyası (HDP) 28 may prezident seçkilərinin ikinci turunda "Millət İttifaqı"nın namizədinə deyil də, bəs kimə səs verəcəkdi?

Ərdoğanamı?

Güldürməyin.

Bu gün Türkiyədəki kürdlərin malik olduqları bütün azadlıqların, demokratik haqq və hüquqların müəllifi məhz 2000-ci illərin əvvəllərində "Kürd açılımı" və "Demokratik açılım" projelərini həyata keçirməklə ölkəsindəki milli azlıqlar üçün yeni reallıqlar yaradan Rəcəb Tayyib Ərdoğana təşəkkür etməli olan HDP, tam əksinə, ona qarşı dərin nifrətini gizlətmir.

Ona görə də, HDP-nin həmsədri Pervin Buldanın, "14 mayda harada idiksə, yenə də ordayıq" deyə, açıqlama verməsi və 28 mayda Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyəcəklərini bəyan etməsi qayət təbiidir.

Çünki Kılıçdaroğlunun 28 mayda qalib gəlməsi PKK və HDP üçün daha böyük imkanlar aça bilər. Üstəgəl, İmralıdakı terrorçubaşını - Ocalanı da azadlığa çıxarmaq onların çoxdankı arzusudur. Onlar Ərdoğandan fərqli olaraq Kılıçdaroğlunun buna gedəcəyini çox yaxşı bilirlər. HDP-lilərin Kılıçdaroğlu "sevgi"si də məhz onun bu kimi seçkiöncəsi vədlərindən qaynaqlanır.

P.S.

Çox heyf. Böyük Atatürkün vəfatından sonra CHP-ni hələ heç kim Kamal Kılıçdaroğlu qədər bunca rəzil duruma salmamışdı. Bu günkü Türkiyədə siyasi sevgi və nifrətlərin, rəğbət və antipatiyaların yeri həqiqətən də səhv düşüb...

Bəybala Mirzəyev

visiontv.az