Sığortaçılar Assosiasiyası ilə UNEC arasında memorandum imzalanıb
01.12.2022

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında memorandum imzalanıb.

ASA-dan Visiontv.az-a verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ilə görüşüb. Görüşdə sığorta sektorunda təlim-tədris proseslərinin sistemli təşkili məqsədilə iki qurum arasında qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə edilib.

ASA-nın icraçı direktoru Elmar Mirsalayev assosiasiya haqqında, o cümlədən yerli sığorta bazarının mövcud inkişaf dinamikası və sektorda həyata keçirilən layihələr barədə məlumat verib. İcraçı direktor ASA-nın sığorta sektorunda peşəkar kadrların formalaşmasında maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bununla əlaqədar yerli nüfuzlu ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığın qurulması assosiasiyanın başlıca maraq dairəsindədir.

UNEC-in rektoru, professor Ədalət Muradov, öz növbəsində, Assosiasiya nümayəndələrinə universitet haqqında məlumat verərək həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, UNEC rəqəmsal universitet modelini reallaşdıran bir ali təhsil ocağı olaraq bu gün iqtisadiyyatın bütün sahələri üzrə kadr hazırlığını həyata keçirir. Sığorta sahəsi də universitetin başlıca maraq dairəsindədir.

Tərəflər arasında yeni sığortaçıların hazırlığının həyata keçirilməsi məqsədilə ölkədə sistemli sığorta təhsilinin bərpa edilməsi və həyata keçirilməsi, bu prosesə yerli sığorta bazarında fəaliyyət göstərən peşəkar sığortaçıların cəlbi və bununla da sığorta sahəsində inkişafın təmin olunması məqsədilə bütün mövcud imkanlardan istifadə yönündə birgə əməkdaşlığın qurulmasına dair razılıq əldə olunub.