Ruslar Zaporojye AES-in baş direktorunu oğurlayıb
01.10.2022

Ruslar Zaporojye AES-in baş direktoru İqor Muraşovu oğurlayıblar - onun harada olduğu hazırda məlum deyil.

Visiontv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna "Energoatom" şirkətinin prezidenti Petr Kotin bildirib.

Onun sözlərinə görə, cümə günü, sentyabrın 30-da saat 16:00 radələrində Zaporojye AES-in baş direktoru İqor Muraşov stansiyadan Enerqodara gedən yolda rus patrulu tərəfindən saxlanılıb. Muraşovun idarə etdiyi avtomobil dayandırılıb, bundan sonra ZNPP-nin direktoru güc tətbiq edilməklə, gözləri bağlanaraq naməluma istiqamətdə aparılıb.

"Hazırda İqor Muraşovun harada olması və onun taleyi ilə bağlı heç bir məlumat yoxdur", - deyə Kotin bildirib.

Ukrayna rəsmisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə, AES üzrə Ümumdünya Atom Təşkilatının rəhbəri Tom Mitçellə Muraşovun təcili azad olunması istiqamətində bütün mümkün tədbirləri görmək üçün müraciət edib.

BAKU.WS