Rusiya, Qərb, Çin qarşıdurması Qazaxıstanın başında çatladı
07.01.2022

Qazaxıstanda hadisələr səhrada tufana bənzədi. İldırım sürətilə yayıldı. Baş verənlərin və sürətin tam təbii olması indadırıcı deyil. Bir çox faktorlar var. Bu faktorlara həm daxili problemlər, həm də xarici təsirlər daxildir. Rusiya, Qərb, Çin qarşıdurması Qazaxıstanın başında çatladı.

Qazaxıstanda böhran son dərəcə az ehtimal edilirdi. İlk baxışdan hər kəsə elə gəlirdi ki, bu sabitliyi heç nə poza bilməz. Lakin bu sabitlik bir göz qırpımında pozuldu və etirazlar bir anda bütün ölkəni əhatə etdi.

Sosial böhran və o böhrandan sui-istifadə cəhdləri də hər zaman bu qədər sürətli olur. Gözqırpımında alovlanır, yayılır, qarşısını almaq olmur. Nəticədə sosial böhran siyasi böhrana çevrilir. Qazaxıstanda bu gediş edildi. Sosial böhranı siyasi böhrana çevirdilər. Bütün bunlar isə Rusiyanın Qazaxıstana yolunu açdı. Rusiya üçün Qazaxıstan Mərkəzi Asiyaya girişi əngəlləyən “divar” sayılırdı. Qazaxıstanda sabitliyinin pozulması bu divarı uçurdu. Bununla da Rusiya sanki digər Mərkəzi Asiya ölkələrinə giriş vizası əldə etdi.

Baş verənlərin qarşısını almaq üçün müdrik Nazarbayevin müdrik olmayan addımları xüsusi rol oynadı. Nazarbayevin Qazaxıstanı balası kimi sevdiyinə inanıram. Amma bu sevginin bir həddi vardı. Sərhədsiz sevgi Qazaxıstanı bu duruma gətirməmliydi.

“Elbaşı”nın apardığı kurs Qazaxıstanda siyasi müxalifəti tamamilə sıradan çıxarıb. Nazarbayevə qarşı olanlar, müxalif siyasi elita faktiki olaraq ölkədən qovulub. Ona görə də Qazaxıstanda hadisələr məcrasından çıxdıqda idaərolunmaz prosesə çevrilərək, müstəqilliyi təhlkükəyə atdı. Ona görə ki, kütləni yönləndirəcək siyasi qüvvə, siyasi elita yox idi.

Siyasi elitasız Qazaxıstanda Tokayev xarici təsiri daha çox qabardaraq, KTMT-yə müraciət edərək, kömək istədi. Bir müraciətlə də o bir neçə gediş etdi. Birincisi, Nazarbayevi və onun komandasından qalanları oyundankənar vəziyyətə saldı.  Xalqa müraciətində Nazarbayevin ömürlük sədri olduğu Təhlüküəsizlik Şurasının rəhbərliyini öz üzərinə götürdü və “Elbaşı”nı proseslərdən tam təcrid edti. İkincisi isə asılılq yoluyla müvəqqəti də olsa, özünə təkbaşına hakimiyyət formalaşdırdı. Birincidən fərqli olaraq, Tokayevin ikinci qazancının uzunmüddət olacağı inandırcı deyil.  Qazaxıstandakı indiki sakitlik “Torf alovu”na oxşayır. Yavaş-yavaş tüstülənir, daha dərin yanğınlar olacağı qaçılmazdır.

Rəfail Becanov

Visiontv.az