QMİ-də "Vətən və iman" kitabının təqdimatı olub
04.11.2021

"Azad Qarabağda Azərbaycanın üçrəngli dövlət bayrağının dalğalanması və azan səsinin ucalması böyük nemətdir".

Visiontv.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Vətən və iman" kitabının təqdimatında bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz səyləri ilə Azərbaycan dövlətçiliyinin Zəfəri bu gün azad Qarabağda bayram namazları, Novruz tonqalları və Xarı Bülbül festivalları ilə, abadlaşan kənd və şəhərlər, yenidən qurulan məscid və məbədlərlə, Füzuli Beynəlxalq hava limanı və Şuşaya aparan Zəfər yolu ilə davam edir: ""Vətən və İman" adlı nəşr birinci və ikinci Qarabağ müharibələri dövründə Azərbaycanın din xadimlərinin imanlı mücadiləsinə, Vətən torpağı uğrunda mübarizəsinə dair indiyədək heç yerdə dərc olunmamış məlumatları ilk dəfə geniş oxucu kütləsinin diqqətinə təqdim edir. Hazırda kitabın ingilis dilinə tərcüməsi üzərində hazırda iş gedir. Nəşrdə əksini tapan həqiqətlər elm və təhsil müəssisələrində öyrənilməli, tədris olunmalı, məscidlərimizdə, din xadimlərimizin moizələrində təbliğ və təşviq olunmalıdır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, kitabda Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğurunda gedən mübarizədə din xadimlərinin bir neçə istiqamətində fəaliyyətindən bəhs edilib: "44 günlük müharibə dövrünün hər bir günündə dövlət başçısı dünyaya məlumatlar çatdırırdı. 44 günlük müharibənin gedişi dövründə dünya miqyasında erməni lobbisinin təsiri altında olan dünya siyasətçiləri şər və böhtan yayırdı. Ermənilər bunu dini müharibə kimi qələmə verməyə çalışırdı. Dünyanın bir çox ölkələrində bu və ya digər formada onları dəstəkləyənləri görürdük. Bu məqamda bir çox beynəlxalq və regional qurumlarla sıx işləyərək bunun Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün olduğu, işğal faktının BMT Qətnamələrində yer aldığı qeyd edilirdi. Bunun heç bir halda dini, dinlərarası müharibə olmadığı bildirilirdi. Azərbaycanın apardığı müharibədə din xadimlərinin də digər fəaliyyətləri ilə yanaşı, informasiya müharibəsində də iştirakı var idi. Bu, dövlət başçısı tərəfindən də qeyd edilib".

Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı deyib ki, 1990-cı illər dövrü Azərbaycanın mürəkkəb, xaosla dolu proseslərin baş verdiyi dövrdür: "1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyatın iflic olan sahələrini yenidən dirçəltməyə və milli-mənəvi həmrəyliyi, ictimai-siyasi sabitliyi bərpa etməyə başladı. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdə bu fundament üzərində yeni inkişaf strategiyaları ortaya qoyub. Nəticədə gərgin tarixi şəraitdə möhtəşəm qələbə qazanıldı. Düşmən və onun arxasındakı güclər Azərbaycandakı mənəvi həmrəyliyi, etnik dini vəhdəti, dövlət-iqtidar-xalq birliyini pozmaq üçün məkrli təxribatlar, təbliğatlar həyata keçirirdi və bu gün də keçirir. Vətən müharibəsində Orduda dini mənsubiyyətindən asılı olmayaraq, bütün gənclər, vətəndaşlar ölümə getdilər. Müharibə dövründə Prezidentin təkbaşına dünya auditoriyası qarşısında çıxışı həqiqətləri bir daha ortaya çıxardı. Dindarların da bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri danılmazdır".

Tədbirdə millət vəkilləri və dini konfessiya rəhbərləri də kitabın əhəmiyyəti ilə bağlı fikirlərini çatdırıblar.