Qərbdəkilər Rusiya hərbçilərinə Donbasda işğalçı, Qarabağda xilaskar kimi yanaşırlar
Qərbdəkilər Rusiya hərbçilərinə Donbasda işğalçı, Qarabağda xilaskar kimi yanaşırlar
13.03.2023 Sahib Alıyev Tərəfindən

"Bayraktar"ı Azərbaycanda iblis, Ukraynada mələk gözündə görənlərin yaramazlıqlarının daha bir təsdiqi Toyvo Klaarın Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinə yanaşmada sərgilədiyi mövqedir. Belə çıxır ki, qərbdəkilər Rusiya hərbçilərinə Donbasda işğalçı, Qarabağda xilaskar kimi yanaşırlar.

Əlbəttə, bu, heç də onların Rusiya hərbi kontingenti haqqında yüksək fikirdə olmalarından qaynaqlanmır. Qərbdəkilərin Laçın yoluyla bağlı sərgilədikləri mövqe, Qarabağdakı hayların gələcəyinin beynəlxalq mexanizm çərçivəsində həlli təkliflərində də qətiyyən ikincilərin marağı güdülmür. Məqsədləri yaxın da olmasa, orta perspektivdə Ermənistan kimi, bizim torpağın da bir hissəsini öz forpostlarına çevirməkdir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın konstruktivlikdən tam uzaq son açıqlaması da, özünün yox, onu yetişdirib siyasətçi edənlərin regiona son səfərlərindən sonra bir hayın dili ilə səsləndirdikləridir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev dünənki intervüsündə Qarabağda özlərinə plasdarm axtaranların, bütövlükdə regionu qarşıdurma poliqonuna çevirməyə çalışanların cavablarını verdi. Həmən intervüdə mənim diqqətimi ən çox çəkən isə rəsmi İrəvanın indiki siyasətini davam etdirəcəyi təqdirdə Azərbaycanın da Ermənistana qarşı ərazi iddiası irəli sürəcəyi ilə bağlı xəbərdarlıqdı.

Azərbaycan Prezidenti Administrasiyasının Qarabağdakı hayların təmsilçilərini "reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün' Bakıda keçirilməsi planlaşdırılan ikinci görüşə dəvətinə də mən problemlərin həlli ilə bağlı sözü gedən intervüdə səslənən fikirlərin davamı kimi baxıram.

Bu o deməkdir ki, Qarabağdakı haylara qapımız da açıqdır, yolumuz da. Reinteqrasiyanı seçənlər buyurub Bakıya gələ bilərlər. "Miatsum" deyənlər isə hara istəyirlər, ora da getsinlər. Məsələn, Marselə, Los-Ancelesə, Krasondara, bərk ayaqda lap Tehrana. Yəni Azərbaycan demokratik və humanist dövlət olaraq onlara öz seçimlərində tam sərbəstlik verir.

Millət vəkili Sahib Alıyev

visiontv.az