Paşinyana izah olundu ki, Avropa ilə müzakirələrdə qırmızı xətt haradan keçir
Paşinyana izah olundu ki, Avropa ilə müzakirələrdə qırmızı xətt haradan keçir
27.11.2021 Nəsib Məhəməliyev Tərəfindən

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin Soçi görüşü ictimaiyyətə açıq olan və olmayan məqamlarla diqqəti cəlb etdi. Dövlət başçıları açıq mesajlar verməklə yanaşı, hələ deyiləsi mümkün hesab etmədikləri fikrilərin olduğuna da işarə vurdular. Ola bilsən Soçi bəyannaməsindən bir həftə sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinəri səviyyəsində keçirilən görüşdən sonra bəzi məqamlara aydınlıq gətirilsin. Hələlik isə əlimizdə olan, imzalanan bəyannamə və dövlət başçılarının dedikləri fikirlərdir. Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyevdən qısa müsahibə götürdük.

-Nəsib müəllim sizcə Soçi görüşündə pərdəarxası hansı proseslər baş verdi. Və ictimaiyyətə nə deyilmədi?

-Soçi görüşündə təbii ki, 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmaların bütün bəndlərinin icra vəziyyəti müzakirə olundu. Görüşün yekunu ilə bağlı hər üç dövlət Başçısı tərəfindən bəyanat imzalandı və mən bunu münaqişənin nizamlanması istiqamətində müsbət addım, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi qiymətləndirirəm. Pərdəarxası məqamlara gəldikdə isə, düşünürəm ki, Rusiya və Azərbaycan Prezidentləri açıq tekstlə mövcud geosiyasi reallıqları Paşinyana bir daha başa saldılar ki, Ermənistanın gələcək taleyi nədən asılıdır. Məlumdur ki, Paşinyan eyni vaxtda iki stulda oturmağa cəhd edir. Dekabr ayında Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində qurumun prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan Liderlərinin görüşü baş tutacaqdır. Qərbin ermənipərəst dairələrinin dəstəyi ilə Paşinyan çalışır ki, Minsk qrupunu bərpa etsin və hansısa “status” məsələsində Azərbaycana təzyiqlər olunsun.

  Aydın məsələdir ki, Qərb dairələrinin münaqişənin həllinə cəlb olunması Rusiya tərəfindən heç cür qəbul oluna bilməz. Ələlxüsus, Qərbin regiona təsir imkanları da, demək olar ki, yoxdur. Yalnız iqtisadi təsirlər vasitəsilə cüzi güzəştlər əldə edilə bilər. Burada da, Avropa üçün Azərbaycan daha cəlb edicidir, nəinki Ermənistan. Ona görə düşünürəm ki, Paşinyana açıq şəkildə izah olunmuşdur ki, Avropa ilə müzakirələrdə qırmızı xətt haradan keçir.

Ermənistan tərəfindən yeni təxribatlar gözləniləndir

-Putin belə bir fikir bildirdi ki, detalları bir həftədən sonra Moskvada baş nazir müavinələri səviyyəsində keçirilən görüşdən sonra bəyan ediləcək. Sizcə bəyanatda təsbit edilən hansı fikirlərin detalları qeyd ediləcək?

- Putin Rusiyanın mövqeyini açıq şəkildə ifadə etdi və qeyd etmək yerinə düşər ki, belə yanaşma Azərbaycanın dövlət maraqları ilə uzlaşır. Ancaq, burada bir məsələni nəzərə almalıyıq ki, Ermənistan daxilində ciddi parçalanmalar, xaricdən və daxildən Paşinyana təzyiqlər var. Erməni diasporası, millətçi kəsim çalışır ki, sülh sazişi imzalanmasın və yeni müharibə üçün maksimum vaxt qazanılsın. Mənə elə gəlir ki, Ermənistan tərəfindən yeni təxribatlar gözləniləndir. Moskvada keçirilən görüşdə isə çox guman ki, bəyanatda təsbit edilən “sərhədlərin delimitasiya və demarkasiyası” üçün müştərək komissiya yaradılacaq, Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atılacaqdır. Baxmayaraq ki, dəhlizin açılmasını istəməyən çoxsaylı daxili və xarici qüvvələr mövcuddur. Erməni tərəfi qarşıdurmaya getsə, Rusiyanın təzyiqlərini görə bilərik.

- Azərbaycan tərəfi Soçi görüşündən və imzalanan bəyanatdan razı qalmalıdırmı?

-Azərbaycan, əsasən bu bəyanatdan razı qalmalıdır. Cənab Prezident görüşlə bağlı müsbət münasibətini bildirdi. İstənilən halda, Azərbaycan hərbi sahədə olduğu kimi, diplomatik müstəvidə də üstün, diktə edən tərəfdir. Bu isə, olduqca vacib məsələdir.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

İlahə Əliyeva