Paşinyan məqsədinə çatmaq üçün Qarabağ və Azərbaycanla problemlər yükündən azad olmaq istəyir
10.09.2021

Ermənistan mətbuatında sülh müqaviləsi ilə əlaqəli gedən məlumatlar və bu fonda Paşinyanın müəyyən müsbət fikirlər söyləməsi, hesab edirəm ki, baş nazirin gələcək məqsədlərinə çatmaq üçün tələsdiyini göstərir.

Paşinyan vaxtının az olduğunu başa düşür. O, bilir ki, Rusiya onun əsl məqsədlərini yaxşı bilir və hələlik onu nəzarətdə saxlayır. Məqamı gələndə onu devirməyə ciddi cəhd edəcək. Odur ki, Paşinyan əsl məqsədinə çatmaq üçün Qarabağ və ümumiyyətlə, Azərbaycanla problemlər yükündən azad olmaq istəyir.

Paşinyanın əsl məqsədi Qərbə inteqrasiyadır. Bunu başa düşmək üçün dərin fikirləşməyə ehtiyac yoxdur. Hökumətin tərkibinə baxmaq kifayət edir. Əksəriyyəti Qərbyönlüdür.

Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlayıb, eyni zamanda, Türkiyə tərəfdən də arxayın olmaq, ondan sonra Rusiya ilə məsələni həll etmək istəyir.

Bunun üçün əsas həll ediləcək məsələ Rusiyanın özəlləşdirilib, özünə tabe etdiyi infrastruktur və sənaye müəssisələrini geri almaq və sonra rus ordusunun Ermənistandan çıxarılmasını təmin etməkdir. Avropanın ayırdığı milyardlarla avronu və Amerikanın verəcəyi dollarları buna sərf edəcəyi şübhəsizdir ki, böyük ehtimalla, yenə də ayrılacaq.

Paşinyan Rusiyanın Ermənistana verə biləcək bir şeyinin qalmadığını, əksinə veriklərinin geri alınmasının vaxtının gəldiyini yaxşı başa düşür.

O, Azərbaycan və Türkiyənin komunikasiyaların  açılması ilə Ermənistana daha çox xeyir verə biləcəyini də başa düşür. Bilir ki, düşmənçilik onlara heç nə vermədi. Bu düşmənçiliyi öz maraqları naminə saxlamağa çalışan Rusiyanın qarşısını ancaq Azərbaycan və Türkiyə ilə birlikdə ala biləcəyini də anlamış olmalıdır.

Siyasi şərhçi Azər Qasımov

Visiontv.az