“Ölkəmizdə aqrar sahə üçün yararlı torpaq kifayət qədər deyil...” Müsahibə
“Ölkəmizdə aqrar sahə üçün yararlı torpaq kifayət qədər deyil...” Müsahibə
22.11.2022 MEDİA Tərəfindən

Bütün sahələr kimi aqrar sahə də hər bir ölkənin iqtisadiyyatı üçün mühüm sahələrdən biridir.

Bu dəfəki müsahibimiz aqrar və iqtisadi məsələlər üzrə ekspert Eldəniz Əmirovdur. Eldəniz Əmirovla müsahibəni sizə təqdim edirik.

Torpaqlarımızın aqrar potensialını necə qiymətləndirirsiniz?

Ümumiyyətlə ölkəmizin aqrar potensialı yüksək səviyyədədir. Bu potensialı reallaşdırmaqdan ötrü kənd təsərrüfatında istifadə olunan ən müasir texnoloji, aqrotexniki və innovativ yanaşmalardan istifadəyə ehtiyac var. Ölkəmizdə aqrar sahə üçün yararlı torpaq sahəsinin ümumi həcmi 4,7 milyon hektardır ki, bu adambaşına düşən bölgüdə dünyanın aparıcı aqrar istehsalçıları ilə müqayisədə kifayət qədər azdır. Əslində əhəmiyyətli torpaq ehtiyatları ölkəmizdə çox deyil. Bu baxımdan rentabelliyə fikir vermək və məhsuldarlığın artırılmasına nail olmaq lazımdır.

Kənd təsərrüfatı sahəsində bəzi ölkələr böyük nailiyyətlər əldə ediblər. Bunun sirri nədədir?

Bunun sirri birbaşa ən yeni texnoloji avadanlıqların tətbiqi ilə bağlıdır. Misal üçün Rusiya və Qazaxısatan kimi ərazisi geniş olan ölkələrdə təbii ki, müasir texnoloji tətbiqlər olmasa belə aşağı məhsuldarlıqla da böyük həcmdə istehsala nail olmaq olar. Amma İsrail və ya Niderland kimi ölkələrdə isə mütləq şəkildə aqrar sahədə ən yeni tətbiqləri həyata keçirməklə buna nail olmaq olar. Həmin ölkələr də məhz bu yolla bu sahədə uğurlara nail olublar.

Hal-hazırda ölkəmizdə aqrar sığortanın tətbiqi ilə bağlı vəziyyət necədir, nəticələrdən razısınızmı?

Sığorta məsələsi bilavasitə risklərin qarşılanması üçün bir mexanizmdir. Bu sahədə də ölkəmizdə müəyyən problemlər qalmaqdadır. Bu problemlər içərisində ən böyük problem də məhz aqrar sığorta problemidir. Çünki bu sahədə sığorta işi daha çətindir.  Səbəbi də odur ki, bu sahədə risk amili çoxdur. Bir çox hallarda bu sahədə sığortalanmaya sığorta şirkətləri də maraqlı deyil. Ona görə də bu istiqamətdə işlək sığorta sisteminin yaradılmasında çətinliklər var.

Adətən aqrar sahədə fermerlərin qarşılaşdığı problemlərdən biri də satış məsələsidir. Fikrinizcə fermer yarmarkada satış etməlidirmi?

Əslində ölkəmizdə elə bir məhsul yoxdur ki, onun alıcısı olmasın. Nəzərə alsaq ki, Azərbaycan xarici ölkələrdən də aqrar məhsullar idxal edir. Sadəcə satış zamanı problemlər logistik problemlərdir. Bununla bağlı əvvəllər də kənd təsərrüfatı yarmarkaları həyat keçirilirdi. Və o yarmarkaları uğurlu adlandırmaq olardı. Lakin indiki yarmarkalara nəzərə salarkən görürük ki, bu yarmarkalarda iştirak edən fermerlər digər bazarlarda olan fermerlərdir.  Ənənəvi bazarda olan şəxslər şənbə - bazar günləri də həmin yarmarkalarda fəaliyyət göstərirlər. Yəni mahiyyət etibarilə o qədər də ciddi fərqlər olmur. Məhsulun bazara çıxarılması üçün ilk növbədə logistika problemləri var.

Söhbətləşdi: Bünyamin Bünyadzadə
Visiontv.az