Niyə 44 gün? – Sirlər
Niyə 44 gün? – Sirlər
08.11.2022 Əkbər Qoşalı Tərəfindən

27 sentyabr – 10 noyabr 2020-ci il aralığında cərəyan etmiş II Qarabağ müharibəsindən sonra 44 ədədi biz Azərbaycanlıların sevimli ədədinə çevrilib.

44 – qoşa dörddən əmələ gəlib; bəlli olduğu kimi, 4 – sabitlik, möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla – kosmosun tərəfləri, ilin fəsilləri və eləcə də, su, hava, od və torpaq ünsürləri ilə ifadə olunur. Bizim Yenigün (Novruz) Bayramı öncə keçirdiyimiz çərşənbələr də dörddür: Su, Od, Yel və Torpaq çərşənbəsi…

44 – iki dördün bir araya gəlməsi: nizam-intizam, qazanc, vicdanlılıq, bilginlik, işgüzarlıq və təşkilatçılığı əhatə edən enerjilərin təsirini iki qat artırır.

44-ü (4+4=) 8 kimi də yorumlaya bilərik. – 8 – realizm, simmetriya, uğur və potensialı təmsil edir. Necə ki var! Tanrı necə haqqdır!

Mən numeroloq deyiləm, Pifaqorçu deyiləm ancaq rəqəmlərin atası sayılan ərəblərin ünlü kəlamına da biganə deyiləm: “Lə tucəd sadfətə fil aləm, hunəkə tavafuq” – “Bu aləmdə təsadüf yoxdur, nə olursa, təvaüfqlükdəndir”… Əgər belədirsə, bizim Vətən müharibəsinin, məsələn, 43, 45 deyil, məhz 44 gün sürməsində bir hikmət, bir müvafiqlik vardır…

Numeroloqların sözünü qəribçiliyə salmasaq, ədədlərə rəqəm və işarələrin ifadə etdiyi (necə deyərlər) quru kəmiyyət göstəricisi kimi deyil, onların özgü bir qüvvətə malik olduqlarına inanaraq baxmalıyıq. Pifaqor özü, onun öyrənciləri və yolunu davam etdirənlər rəqəmlərlə bağlı çox araşdırma aparıb, onlara çox anlamlar yükləyiblər.

Ünlü alman bilgini Kornelius Aqrippa (Netteşeimli Aqrippa; 14.09.1486, Köln – 18.02.1535, Qrenobl) 1533-cü ildə gün üzü görən “Okkult fəlsəfəsi” əsərində rəqəmlər və onların anlamını təkmilləşdirmiş oldu. Yəni, 4 rəqəmi, 44 ədədi qarışıq, bütün rəqəmlər və ədədlərin öz anlamı, öz dəyəri, öz fəlsəfi tutumu vardır.

Şərqin, Türk-İslam dünyasının, Azərbaycanın klassikləri – hürufilər, sufilərsə başqa bir aləmdir - inancları, yaraşdırmaları onların gizli elmlərə vaqif olduqlarını göstərir.

***

Qədim dövrlərdən 2020-ci ilə keçid edək.

Fikir verin, Qarabağ, Gündoğar Zəngəzur dənizqırağı deyil, oralarda bol sulu, enli, dərin çaylar yoxdur ancaq müharibədə SAH-larımız – sualtı hücum hərbi bölmələrimiz də iştirak etdi. İlk azad olunan böyük qəsəbəmiz Suqovuşan oldu və şəhərlərimiz xaric yalnız Suqovuşanın adına medal təsis edildi. – Bu, dörd ünsürün su amili ilə bağlı yığcam vurğularımız olsun.

30 il ürəyimizə od vurmuş, daşı-daş üstə qoymamış Ermənistan silahlı qüvvələrinin başına 44 gün içində od ələdik – onlar qaçdı, biz qovduq, sönən od-ocaqlarımızı qaladıq, torpağımız doğma nəfəsdən isindi, qaçan işğalçıların canına üşütmə düşdü.

Dərələrdən sel kimi, təpələrdən yel kimi irəli getdik; bir gün də geri çəkilmədik. Hava hücumlarında Ermənistan üzərində (onların gözləmədiyi şəkildə) əzici üstünlük qazandıq; üstəlik, onların əsas güvənc yeri sayılan hava hücumundan müdafiə sistemlərini ühulət-sühulətlə sıradan çıxardıq.

Və nəhayət Torpaq amili: torpaqlarımızı yağı tapdağından azad etdik. Bir də baxdıq, torpağa gül-çiçək qayıdır, qurumuş bulaqlara su qayıdır… Diqqət etmisizsə, daha çox belə deyirik: “Torpaqlarımızı azad etdik”! Necə deyərlər, dedirdicilər dedirdir. Torpağın üzü soyuqdu deyirlər, biz azad edilən torpağın üzünü isti gördük…

***

44-ün ruhani yorumlarına keçməmişdən öncə, 40+4 üstəgəlliyinə toxunmaq istərdim. Tanınmış folklorçu alim, Millət vəkili Əziz Ələkbərli önəmli bir toplantıda maraqlı paralellər apardı. O paralellik beləydi:

divin canının şüşədə, erməninin canının isə Şuşada olması;

sirrə 40 gün, 40 gecədə vaqif olma və Şuşaya girişin, şəhərə hakimliyin də, döyüşlərin 40-cı günü təmin olunması… -

Məgər folklorumuz yüzillər boyu Şuşa Zəfərini öz külçəsində saxlamış, daha doğrusu, əlamətlərlə nişan vermişdir… Bəlkə də, o folklore örnəkləri yarananda hələ Şuşa şəhəri salınmamışdı – şəhərdən öncə onun taleyi, bütövlükdə ölkənin, xalqın başına gələcəklər işarə edilə bilibsə… o zaman 40 günlük Şuşa zəfərinin, 44 günlük müharibədəki qalibiyyətin davamı gələcək – əminəm!

Dağlar incisi Şuşanın adı, onun saf, şəffaf dağ havasının rəmzi olan “şüşə” sözü ilə assosiasiya olunur. Bənzəri olmayan Şuşa bulaqlarından dördünün adına diqqət edək: İsti bulaq, Soyuq bulaq, Saxsı bulaq, Qırx bulaq... İstidən, soyuqdan keçib, 40-cı gün Şuşamızı qurtuluşa qovuşdurmuşuq!

Şuşa qalasının 4 qapısı olub. – Qala qapılarından üçünün – Gəncə, Ağoğlan və İrəvan qapılarının adları günümüzədək gəlib çatıb; dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Belə güman edilir ki, İbrahimxəlil xan qala divarlarını yenidən tikdirərkən həmin qapı ləğv edilib. Ancaq istərsiz, Azərbaycan Ordusunun işğalçı Ermənistanın “dağlarda toyu”nu vaya döndərdiyi gün şəhərə girdiyi gizli qapını dördüncü qapı kimi qəbul edək, adına Ordu qapısı deyək, Qurtuluş qapısı deyək!..

***

İndi isə 40-dan 44-ə keçid edək. Bəs 44-ün nə kimi anlamları vardır? Araşdırmaçı-yazar, ilahiyyatçı Tural İrfanın da düşüncələrini alaraq, belə bir mənzərə hasil etmiş olduq. –

44 – “Dörd qapı” qatlarına görə bu şəkildə sıralanmaqdadır:

Şəriət qapısı;

Təriqət qapısı;

Mərifət qapısı;

Həqiqət qapısı.

Bu qapılar ilə məqamlar birlikdə qırx dörd məqam edir. Hər qapının “on” məqamı vardır.

Şəriət qapısının məqamları: İman etmək, Elm öyrənmək, Halal qazanmaq,

İbadət etmək, Ailəsinə faydalı olmaq, Çevrəyə zərər verməmək, Peyğəmbərin əmrlərinə tabe olmaq, Şəfqətli olmaq, Təmiz olmaq, Yaramaz işlərdən çəkinmək.

Təriqət qapısının məqamları: Tövbə etmək, Mürşidin öyüdlərinə tabe olmaq, Təmiz geyinmək, Yaxşılıq yolunda savaşmaq, mübarizə aparmaq,

Xidmət etməyi sevmək, Haqsızlıqdan qorxmaq, Ümidsizliyə düşməmək,

İbrət almaq, Nemət paylamaq, Özünü fəqir görmək (Fəqrirlik burada Tanrının verdiyinə razı olmaq, qənaətlə yaşamaq, dünyanın haram nemətlərindən qaçmaq anlamlarını ifadə edir).

Mərifət qapısının məqamları: Ədəbli olmaq, Mənəmlik, kin və qərəzdən uzaq olmaq, Pəhrizkarlıq (çox istəklərə sınır qoymaq), Səbr və qənaət,

Həya, Comərdlik, Elm, Xoşgörü, Özünü bilmək, Ariflik.

Həqiqət qapısının məqamları: Alçaqkönüllü (təvazökar, mütəvazi) olmaq,

Kimsənin ayıbını görməmək, Edə biləcəyin heç bir yaxşılığı əsirgəməmək,

Tanrının hər yaratdığını sevmək (Yaradılanı Yaradana görə sevmək), Bütün insanları bir görmək, Birliyə yönəlmək (və yönəltmək), Gerçəyi gizlətməmək, Mənanı bilmək, Tanrısal sirri öyrənmək, Tanrısal varlığa yetişmək (vəhdəti-vücud; fənafillah-bəqa billah məqamı)…

Siz bircə, bu anlamlı vurğulardakı dərinliyə, üfüqə diqqət edirsizmi? Bu qədər təsadüf ola bilərmi, yahu? Təsadüf olmadığını qəbul ediriksə, deməli, təvafüqlük, qanunauyğunluq vardır.

“Dörd qapı”nı artıq dedik. Təkrarçılıq olmasın deyə, fikrimizi özəl seçmələr üzrə davam edək:

İman etmək – Vətəni sevmək imandandır;

Elm öyrənmək – burada: Hərb elmini öyrənmək;

Halal qazanmaq – həm bizim olanı azad edib, ona yiyələndik, həm də, müharibənin qayda-qanununa halallıqla əməl etdik;

İbadət etmək – hər azad olunan torpağımızda əsgərlərimizin ilk səliqə-səhman yaratdığı, ibadət etdiyi yer məscidlər yaxud məscid xarabalıqları oldu;

Ailəsinə faydalı olmaq – b.: ölkəsinə, xalqına, böyük ailəsinə - dövlətinə faydalı olmaq;

Çevrəyə zərər verməmək – Şuşanın tarixi tikililəri, görünüşü zədələnməsin deyə, ağır texnikadan istifadə etmədən, unikal hərbi əməliyyatla, yüngül silahlarla azad edilidi;

Peyğəmbərin əmrlərinə tabe olmaq – torpaqlarımızı işğal edən düşməmlə savaşmaq İlahi əmrdir, üstəlik, Ordumuz müharibədə qızıl ləyaqət göstərdi, mülki əhali, uşaq, qadın, qoca ilə deyil, döyüş meydanında hərbçilərlə savaşdı və qələbəni hərb meydanında qazandı!

Bəli, 44 gün içindəki savaş elə məhz

Yaxşılıq yolunda savaşmaq, mübarizə aparmaqdı;

Vətənə Xidmət etməyi sevməkdi,

döyüşlərin ən qızğın çağında belə Ümidsizliyə düşməməkdi,

vaxtilə olanlardan İbrət almaqdı!

“Sən bizim ellərin Ruhuna bir bax”! – Uzun illər boyu saxta “qalib” ədasından cırılan ermənilərdən fərqli olaraq, mərifət qapısının məqamlarına vaqif hərbçilərimiz öz

Ədəbləri ilə seçilir, Mənəmlikdən, kin və qərəzdən uzaq olur!

Həya, Comərdlik, Elm, Xoşgörü, Özünü bilmək, Ariflik – Azərbaycan Silahlı Qüvvələri mənsublarına necə də yaraşır!

Bəli, bizlər Yaradılanı Yaradana görə sevənlərik.

Bəli, bizlər Birliyə yönəldik, Birliyə yönəltdik və Zəfər çaldıq!

***

44-ün digər anlamlarına diqqət edək:

Nömrələr kainatın kod kitabının bir hissəsidir. – Belə deyilir, belə yazılır. Özəlliklə, 44-ü görmək, 44-ə qovuşmaq əla bir əlamət sayılır. Uyğun mövzulu qaynaqlarda belə yazılır: “Gələcəyinizə uzun sürəcək bir təməl qurursunuz. 44 intizam, realizm, praktiki və həyatın müxtəlif durumlarına, suallarına təsirli yanaşmaları təmsil edir”. Budur, yenə qarşımıza İntizam və Realizm çıxır! – Bu aləmdə təsadüf yoxdur!..

Bəs “Kimya dili” nə deyir? –

Elmi olaraq, Rutenium (Ru) elementi 44 atom nömrəsini daşıyır. Ru dövri cədvəldəki nəcib metallara və platin metal qrupuna (da) aid olan sərt, gümüşü ağ rəngli bir keçid metaldır və çox nadirdir. Aşınmaya mane olmaq üçün elektrik kontaktlarında və rezistorlarda istifadə olunur.

“Kimya dili” də öncəki kursu davam etdirir: Nəciblik, Sərtlik, Nadirlik, Aşınmaya mane olmaq! – Gəl də, bir bu qədər uyğunluğa təsadüf de, görüm, necə deyirsən?..

Bir daha görürük ki, 44 dinamizmi, imkanların gücünü ifadə edir.

44-ə mələk sayı da deyilir.

Deyilir ki, mələklər bizə yardım təklif etdiklərini bildirməyin bir üsulu olaraq ədədi işarələrdən yararlanır. Mələk sayı 44, İlahi müttəfiqlərinizin sizin üçün (həqiqətən) vacib bir şeyin həyata keçirilməsində köməyinizdə durduğunu bildirir.

Göründüyü kimi, 44-ün mənəvi, ruhani anlamlarına inansaq, doğrudan da, kainat bizi eşdib, mübarizəmizi görüb və haqq etdiklərimizi almaqçün hər şey hazır olub: Su, Od, Hava, Torpaq!

Göylər bizi eşitdi, Tanrı bizə yar və yardımçı oldu! Çünki bizim işimiz haqq işiydi!

Ona görə də, 44 gün bütün rəmzləri ilə bir gerçək oldu, ömrümüzə Günəş kimi doğdu!

Tanrı 44 gün ismarıncı ilə bizi unutmadığını, xalqımızın, ölkəmizin Zəfəri haqq etdiyini, sevgiyə, yaxşılığa, xeyirxahlığa... – bütün yaxşılıqlara layiq olduğunu işarə etdi. Diləklərimiz gerçəklikdə əks olundu. “Mümkün olmayan”ı mümkün etdik!

ZƏFƏRİMİZ QUTLU OLSUN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

visiontv.az