"Neftçi"yə yeni baş məşqçisi təyin olundu
22.06.2022

“Neftçi”nin Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında əsas komandaya baş məşqçinin təyin olunması ilə bağlı müzakirələr aparılıb.

Visiontv.az  xəbər verir ki,  iclasda qərara alınıb ki, bu vəzifəyə Laurentsiu Regekampf təyin edilsin.

Rumıniyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Regekampf 1975-ci il sentyabrın 19-da Rumıniyanın Tarqovişte şəhərində anadan olub. 2009-cu ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. Rumıniyanın “Snaqov” (2009-2010, 2011), “Krayova” (2010, 2011), “Qloriya” (2010), “Konkordiya” (2011-2012), “Styaua” (2012-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarını çalışdırıb.

Baş məşqçi kimi “Styaua” ilə Rumıniya çempionatının (2013, 2014), Superkubokunun (2013) və Liqa Kubokunun (2016) qalibi olub. 2012/2013 mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsinədək irəliləməyi bacarıb. 1/16 finalda “Ayaks”ı mübarizədən kənarlaşdıran Regekampfın komandası 1/8 finalda gələcək çempion “Çelsi”yə uduzaraq mübarizəni dayandırıb.

“Styaua”nı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyan 46 yaşlı mütəxəssis “Əl Hilal”la 2014-cü ildə Asiya Çempionlar Liqasının finalına yüksəlib, 2015-ci ildə isə Səudiyyə Ərəbistanının Şahzadə Kubokunda 2-ci yeri tutub. O, “Əl Vəhdə” klubu ilə BƏƏ Super Kubokunun (2017, 2018) və Liqa Kubokunun (2018) qalibi olub, BƏƏ çempionatında 2-ci yeri tutub (2018).

Laurentsiu Regekampf “Sporturilor” qəzetinin keçirdiyi sorğuya görə 2013-cü ildə Rumıniyada ilin baş məşqçisi seçilib.