Necə yəni bu dində yoxdur? - Hacı Şahin Məhərrəm ayı ilə bağlı yaranan söz-söhbətə aydınlıq gətirdi
25.08.2021

Hacı Şahin Həsənli son günlər Məhərrəm ayı ilə bağlı yaranan mübahisəli məqamlara aydınlıq gətirib.

Visiontv.az xəbər verir ki, din xadimi bildirib ki, Kərbala hadisəsi soyqırımdır, Peyğəmbər və onun ailəsinin yer üzündən silinməsini istəyənlərin törətdiyi əməldir:

"Deyirlər ki, min il bundan qabaq iki ərəb döyüşüb, bunun bizə nə dəxli var. Vay-şüvən salmaq nəyə lazımdır? Bəsdir də yaslandıq, qəmləndik bizə sevinc lazımdır. Bəsdir qaragünlüyü təbliğ edib ağlaşma qurdunuz. Bir qrup insanlar bunu deyir. Çox görünsələr də, sayları azdır.

Mən qısa-qısa bunlara cavab verirəm. Əvvəla sən bunun adını niyə vay-şüvən qoyursan, yaxına gəl, oturaq, müzakirə edək.

İmam Hüseynin əzasında mahnı oxumayacaqsan ki? Dində də buyurulub ki, Hüseynə əza saxla, Peyğəmbər deyib. Necə yəni bu dində yoxdur? Sən zorla deyəcəksən, mən də qəbul edəcəyəm?! Din deyir, hər xalqın öz adət-ənənəsi var. Məsələn, qədim ağılarımız var, onlarda da sinə vurma var. Azərbaycan xalqının əzadarlıq ənənəsidir. Bunu bu şəkildə edir, çox gözəl. Narahat edici nə var? Bu həm də bir həmahənglikdir. Sən buna estetik yöndən bax. Deyir, orduda inancın olması, və yaxud İmam Hüseyn eşqinin bəyan edilməsi təhlükəlidir. Əksinə təhlükələrdən qoruyur. Xüsusi təyinatlı hərbçimiz özü mənə danışırdı ki, biz Şuşa ətrafında 300 nəfər mühasirəyə düşmüşdük, təkbir deyən kimi hamısı qaçdılar. Deyir, Allah rəhmət eləsin Sabirə. Sabirin tənqid elədiyi İslamı mən də tənqid edirəm. Neçə ildir minbərdən deyirəm ki, bunu eləmək olmaz. İmam Hüseyn əzaları ilə bağlı internetdə axtarış verəndə üzü qana bulanmış şəkillər çıxır. Bu məqsədli şəkildə belə edilir. Qurandan da sui istifadə var. Onda Qurandan imtina edək?!".

"İmam Hüseynin şüarlarına baxın, orda bir dənə də olsun ərəbə aid söz yoxdur. İmam Hüseynin sözləri insanlığa, bəşərə aiddir. O deyib ki, öz haqqın üçün yox, gərək haqqın özü üçün çalışasan. Öz haqqından da haqqa görə keçəsən. Bu artıq daha mütərəqqidir. Aşura cinayətkarlığa, zorakılığa qarşı olan bir hadisədir. Pis bir şeydir?! Bizim xalqımız İmam Hüseyn sevgisinə xəyanət etməyib, onu hətta sovet dövründə də yaşadıb və bunun bəhrəsini də görüb", deyə Hacı Şahin Həsənli qeyd edib.

Pravda.az