Müasir hakimlik - təkamül və dəyişməz prinsiplər ətrafında düşüncələr
01.03.2023

Bu gün heç bir idman növünü hakimlərsiz təsəvvür etmək mümkün deyil. Hətta ilk baxışda ən sakit və "hakimsiz də keçirilə bilər”,- deyə biləcəyimiz yarış növü olan şahmatda belə hakimlərsiz keçinmək olmur.

O da bir həqiqətdir ki, hakimlər idmançı və məşqçilərə nisbətən az tanınır, hətta demək olar ki, nəzərə çarpmır. Yalnız ən populyar idman növlərində bir sıra hakimlər var ki, verdiyi ekstremal qərarlar və müxtəlif davranış hərəkətləri ilə idman həvəskarlarının yaddaşında dərin iz buraxır. Uzağa getməyək, həmyerlimiz, futbol üzrə beynəlxalq dərəcəli hakim Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatının finalında qalibi müəyyən edəcək həlledici qərarın verilməsinə səbəbkar oldu. Bu gün Tofiq Bəhramov həmin oyunda iştirak edən futbolçuların çoxundan məşhurdur. Əlbəttə, belə hallar istisnadır. Hakimlər əksər hallarda üzərlərinə düşən vəzifəni icra edir, obrazlı desək, idman "femidası” rolunu oynayırlar. Hətta ədalət təmsilçiləri idmançı və onların məşqçilərindən qəribə, bir az "kədərli” şəkildə fərqlənir. Belə ki, sonunculardan fərqli olaraq hakimlər öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdikcə daha az nəzərə çarpırlar və bunun nəticəsi olaraq, insanlar gözəl bir idman yarışını izləyirlər. Beləliklə, önə çıxan, məşhurlaşan idmançı və onların məşqçiləri olur.

Bir anlıq illərlə seyr etdiyiniz möhtəşəm finalları, ayrı-ayrı görüşləri təsəvvürünüzdə canlandırın... İndi isə onları idarə edən hakimlərin adlarını yadınıza salmağa çalışın. Çətinlik çəkirsiniz, deyilmi? Bəli, hakimlər idmanın bütün məsuliyyətini çiynində daşıyan və arxa planda görünən təbəqənin nümayəndələridirlər. Məşqlərdə tər tökən, çalışan idmançı və onların müəllimlərinin haqqını məhz hakimlər verir. Lakin hər sahədə olduğu kimi, burada da səhvlərdən, ədalətsiz qərarlardan qaçmaq mümkün deyil. Obyektiv və subyektiv səbəblər buraya da şamil olunur...

...Nə qədər idman növü vardırsa, bir o qədər də ona uyğun hakim kollektivi, birlikləri mövcuddur. Hakimlər təmsil etdikləri növlər üzrə bilik-bacarıqlarına, peşəkarlığına və nəhayət, neytrallığına görə fərqlənirlər. Hər hansı bir hakim daim yenilənən, inkişafda olan mövcud təlimləri keçmədən yarışlara buraxıla bilməz. Əks təqdirdə onun etdiyi hakimlik çox aşağı səviyyədə olar. Ədalət təmsilçiləri də idmançılar kimidir - daim öz bilik və bacarıqlarını artırmaq üçün müxtəlif nəzəri və praktiki seminarlarda, həmçinin müxtəlif yarışlarda iştirak edir, təcrübə toplayırlar. Əks halda səhvlər və ədalətsiz qərarlar qaçılmaz olar. Bütün bunların baş verməməsi üçün hər bir hakim daim öz üzərində işləməlidir. Çünki günümüzdə hər sahədə olduğu kimi idman da inkişaf edir, mərhələ adlayır, qaydalar və tələblər dəyişir.

Bəs hakim səhvləri ilə ədalətsizlik arasında hansı oxşar və ziddiyyətli cəhətlər var? Hər bir sahədə olduğu kimi məşqçilər də uğur qazanmaq üçün tələbələri ilə hərəsi öz bacardığı tərzdə təlimlər keçirlər. Amma onlar çox vaxt keçdikləri məşqin effektivlik dərəcəsinin nə qədər olduğunu bilmirlər. Əksər məşqçilər özünün keçdiyi məşqin çox yüksək səviyyədə olduğunu zənn edir və yetirmələrinin yarışda qalib olacağını düşünürlər. Nəticə uğursuz olduqda isə bu hal həmin məşqçi üçün daxili stresə, hətta demək olar ki faciəyə bərabər olur. Bu məqamda özünütənqiddən əvvəl hakimlər qınaq obyektinə çevrilir və ədalət təmsilçilərinə edilən təzyiq bir qədər təcrübəsi az olan hakimlərin görüş zamanı müəyyən səhv etməsinə səbəb olur.

Digər ölkələrdə olduğu kimi, respublikamızda da müxtəlif yarışlar zamanı hakim səhvlərinə rast gəlinir. Bu səhvləri təhlil etdikdə isə səbəblərin müxtəlif olduğunu görürük. Məsələn:

 

* Hakim yorğunluğu

* Fənd zamanı hakimin düzgün mövqe seçməməsi

* Yarış qrafikindəki gərginlik və sıxlıq

* Hakimlərə kənardan tamaşaçı və məşqçilər tərəfindən edilən təzyiqlər (əksər hallarda bu yarışın keçirildiyi ölkə tərəfindən olur)

* Təkrar baxış sistemində olan nasazlıqlar, epizodun qeyri - peşəkar təqdimi, yəni texniki amillər

* Yarış iştirakçılarından birinin hakimi aldatma cəhdləri, yəni çirkin mübarizə (burada hakimin yarış iştirakçıları haqda detallı məlumatlara malik olması, onların hər birinə fərdi yanaşması vacibdir)

Əlbəttə, bu səhvləri edən hakim cəzalandırılır. Amma əsas zərərçəkən idmançı və məşqçi olur ki, bu zərərləri sığortalamaq mümkün olmur. Bu səhvləri minimuma endirmək üçün tez-tez nəzəri və praktiki seminarlar təşkil olunur, yarışqabağı isə hakimlərlə psixoloji və profilaktik söhbətlər aparılır. Bütün bu görülən işlərə baxmayaraq, etiraf etməliyik ki, insan amili olan yerdə səhvlər qaçılmazdır. Əlbəttə, buraxılan səhv öz işini sevən və ədalətli olan hər bir hakimə mənəvi cəhətdən pis təsir edir. Qəlbinin dərinliklərində bu səhvi bilməyərəkdən etdiyini dərk edir və müəyyən vaxtdan sonra sakitləşir.

Bəhs etmək istədiyim daha ciddi və daha təhlükəli məsələ isə "hakim ədalətsizliyi”dir. Bu, bütün dövrlərdə keçirilən yarışların gözəlliyini pozan, idmançıları sevdiyi işdən soyudan, onların karyerasına zərbə vuran və tamaşaçıları zövq almaqdan məhrum edən bir bəlaya çevrilib. Bu qəbildən olan hakim ədalətsizliyi, yəni bilərəkdən yanlış qərar vermə, həmişə özünü sözün əsl mənasında idmana sırımış, mənəviyyatı çox aşağı səviyyədə olan, ondan öz məqsədləri üçün istifadə edən və özünə hörmət qoymayan təsadüfi hakimlərə aiddir. Təəssüf ki, Azərbaycan idmançıları hakim ədalətsizliyi ilə ən çox qarşılaşan atletlərdəndir.

Sevdiyim və 10 yaşımdan başlayaraq məşğul olduğum cüdo növündə müxtəlif illərdə yuxarıda sadaladığım vəziyyətlərlə dəfələrlə üzləşmişəm. Bəzən hakimlərin mənə qarşı qərəzli olduğunu sanmışam. Lakin etiraf edirəm ki, hakimliyə başlayandan sonra fikirlərimdə nəzərə çarpacaq dərəcədə dəyişikliklər olduğunun fərqinə vardım. Məğlub olan idmançı istər-istəməz hakimdən tam şəkildə razı qalmır. Bu, birmənalıdır. Hakimin əsas vəzifəsi isə bu narazılığı minimuma endirməkdir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, heç bir insan özünü qarşısındakılardan ağıllı saymamalıdır. Adətən qəsdən ədalətsizlik edən hakimlər özlərini daha ağıllı sayır, heç kəsin başa düşməyəcəyinə əmin olaraq bu addımı atırlar. İşin ən kədərli məqamı ondandır ki, bu addım perspektivli bir gəncin karyerasını alt-üst edir. Hətta etiraf etməliyik ki, bu səbəbdən ölkəni tərk edib, başqa dövlətin bayrağı altında uğur qazanan həmyerlilərimiz də var.

Bu məsələyə bir neçə tərəfdən yanaşmaq olar. Uduzdurulmuş idmançı ola bilər ki bu görüşdən sonra idmanı atsın və bir daha idmana qayıtmasın. Bu halda o mənəvi cəhətdən stress almış olur və heç bir vaxt həmin ədalətsiz hakimi yadından çıxarmır. Onun yaddaşında bu hakim həmişə mənfi bir obraz kimi qalır. Hətta yeri gəldikcə öz qohum və dostlarına bu mənfi obraz haqqında pis təəssuratlarından danışır. Ədalətsizliyə uğramış məşqçi isə öz tələbələrinin və məşqçi yoldaşlarının yanında məyus olur, ona qarşı edilmiş ədalətsizliyi heç cür həzm edə bilmir. Daxili əxlaqı və yarışın ümumi qaydaları onun daha kəskin hərəkətlər etməsinə imkan vermir. Daxilində həmin hakimdən olanların əvəzini çıxmaq üçün fürsət axtarır. Bu hal isə uzun illər ədalətsizlik edən hakim və haqsızlığa məruz qalmış məşqçi arasında gərginliyin davam etməsinə səbəb olur.

Tamaşaçılar sevdikləri idman növündə keçirilən yarışdan zövq almaq üçün vaxtını və pulunu xərcləyərək arenalara gəlirlər. Əlbəttə, yarışın gözəl təşkilatçılığı ilə yanaşı, həmin turnirə rəng qatan hakimlərdir. Ədalət təmsilçiləri öz dürüstlüyü, bilikləri ilə həmin yarışı daha maraqlı və tamaşaçılar üçün baxımlı etməyə borcludurlar.

Hər bir idman növünün özünəməxsus xüsusiyyətləri var. Bəzi idman növlərində daha çox fiziki, bəzilərində taktiki, bəzilərində isə zehni hazırlıq önəmli rol oynayır. Ona görə də gənclər özlərinə uyğun idman növü seçmək və onunla məşğul olmaq üçün yarış meydanlarına gedir və ya televiziyadan turnirləri izləyirlər. Həyata ilk addımlarını atan və təhsili ilə bərabər idmanla da məşğul olmaq istəyən gəncin hər hansı bir idman növündə görəcəyi ədalətsiz hakimin qərarları onda bu idman növünə nifrət yarada bilər. Bununla da bir ədalətsiz hakimin etdiyi düşünülməmiş hərəkət bir çox gənci idmandan uzaqlaşdıra, yaxud da yuxarıda qeyd etdiyimiz ki, karyerasını başqa ölkədə davam etdirməsinə səbəb ola bilər.

Ədalətsiz, hakimin bilməyərəkdən verdiyi qərarlarla qalib gəlmiş idmançıya bu qalibiyyət ilk baxışdan xoş gəlsə də, sonralar bu mənəvi "travmaya” çevrilir. İdmançı - "kaş ki özüm həqiqətən qalib gəlsəydim”, - deyərək bunu uzun illər xatırlayır.

Bu, hakim üçün də keçərlidir - o da bunun peşmançılığını karyerası boyu çəkir. Hakimlik sənəti çətin və çox şərəflidir. Gənc hakimlərə tövsiyəm odur ki, həlledici məqamda verdiyiniz qərarla ədaləti bərpa və yaxud da yox edə bilərsiniz.

Yuxarıda misal çəkdiyimiz məşhur futbol hakimimiz Tofiq Bəhramov kimi... İngiltərə azarkeşləri və idman ictimaiyyəti öz ökələrinin dünya çempionu olmasından həlledici amillərdən birinin də azərbaycanlı hakimin verdiyi qərara bağlayırlar. Ötən il Qətərdə keçirilən futbol üzrə dünya çempionatında da müasir texnologiyanın köməyi ilə hakim səhvlərinin minimuma endirilməsinə şahidlik etdik. Hətta bu vəziyyətdə belə son sözü yarışın baş hakimi söyləyir. Məhz bu səbəbdən gənc hakimlərin yetişdirilməsinə xüsusi əhəmiyyət verməliyik. Unutmaq lazım deyil ki, hakimilərimiz beynəlxalq arenada eyni zamanda ölkəmizi təmsil edir və bizim haqqımızda fikir formalaşdırırlar.

Mətin Rəhimli,

Hakimlər üzrə menecer,

A kateqoriyalı beynəlxalq dərəcəli hakim

Visiontv.az