Moskva müqaviləsi nə üçün imzalanmışdı...? "Sülh müqavilələri" rubrikası...
Moskva müqaviləsi nə üçün imzalanmışdı...? "Sülh müqavilələri" rubrikası...
07.02.2023 MEDİA Tərəfindən

Moskva müqaviləsi — 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış "dostluq və qardaşlıq" haqqında müqavilədir. Müqavilə 16 maddə və 3 əlavədən ibarətdir.

Sovet Rusiyası  ilə  Türkiyə arasında   növbəti rəsmi  görüş  1921-ci il  fevralın  26-da başladı. Moskva danışıqlarında  Sovet  Rusiyasını Q.Çiçerin  və  C.Qorxmazov təmsil  edirdi. Konfransı  açan Q.Çiçerin  ilk  nitqində bildirdi  ki, konfransın  əsas  məqsədi  Sovet Rusiyası  ilə  Türkiyə arasında  ötən  il ana  xətləri  cızılmış bir  dostluq  müqaviləsini imzalamaqdır. Sovet Rusiyası  Moskva  danışıqlarına Azərbaycan, Gürcüstan  və  Ermənistanın da  qatılmasını  israr edirdi. Rus  diplomatiyası  bununla Cənubi  Qafqaz  respublikalarının  xarici siyasətlərini  öz  əlində  cəmləşdirmək  və  bunları Türkiyəyə  qarşı  qoymaq niyyətində  idi. Lakin  Türkiyə nümayəndə  heyəti  Cənubi Qafqaz  respublikaları  ilə danışıqlar  aparmaq  üçün  səlahiyyətli  olmadığını bildirib  qəti  olaraq bu  təklifə  qarşı çıxdı.

Əslində Moskva  konfransında  Azərbaycanla bağlı  məsələlər  müzakirə mövzusu  idi  və bu  məsələlər  Batum məsələsindən  sonra  daha çox  müzakirələrə  səbəb olmuşdu. Azərbaycanla  bağlı  məsələlər ölkə  üçün  həyati önəmə  sahib  məsələlər idi  ki,  bunlardan biri  Naxçıvan, digəri  isə  Azərbaycanın  müstəqilliyi məsələsi  idi. Moskva danışıqlarında  Naxçıvanla  bağlı  əsas  məsələlər konfransın  10, 12  və 14  mart  tarixli iclaslarında  gərgin  müzakirə olundu. Türk  heyəti  Naxçıvanın Türkiyənin  himayəsində  qalmasını istəyirdi. Lakin  Sovet  Rusiyası tərəfi  bunu  qətiyyətlə rədd  edirdi. İ.Stalin  türk heyəti  ilə  Naxçıvan məsələsini  müzakirə  etdi.  

Martın 10-da  keçirilən  iclasda  Türkiyə  nümayəndələri  belə bir  mövqedən  çıxış edirdilər  ki, Naxçıvan  bölgəsi əhalisinin  türk  qoşunlarını dəvət  və  qəbul etməsi   faktı  onun Türkiyənin  himayəsi  altında olduğunu  göstərir.  Naxçıvanın Türkiyənin  himayəsində  qalması ilə  bağlı  təklif qəbul  olunmadıqda, türk  heyəti təklif  etdi  ki, Naxçıvan Türkiyə  ilə  Azərbaycanın müştərək  himayəsi  altında müstəqil  bir  dövlət olsun. Lakin  Sovet  Rusiyası tərəfi  bu  təklifi də  qəbul  etmədi. Belə olan  təqdirdə  türk heyəti  bildirdi  ki, Türkiyə bölgə  üzərindəki  bu himayəni  Azərbaycanın  üçüncü bir  dövlətə  güzəştə getməyəcəyinə  dair  öhdəlik götürdüyü  təqdirdə  ona verməyə  hazırdır.

Rusiya  nümayəndələri  sadəcə Azərbaycanın  himayəsi  altında Naxçıvanın  muxtariyyəti  məsələsinin qoyulmasını  və  sərhədlərin müəyyənləşdirilməsini  təklif  edirdilər. Konfransın  martın  12-də  keçirilən iclasında  əsasən  Naxçıvan və  Ermənistan  arasında müəyyənləşdirilən  sərhədlər  ətrafında mübahisələr  getdi. Sovet  Rusiyası tərəfi  bildirdi  ki, ekspertlərin  müəyyənləşdirdiyi  sərhəd xətti  Azərbaycanın  maksimum tələblərini  də  ötüb keçir, çünki  o, heç  vaxt İrəvan  qəzasının  hər hansı  bir  hissəsinə himayəçiliyə iddia  etməyib.

Konfransın 1921-ci  il  martın 14-də  keçirilən  iclasında Naxçıvanın  statusu  tam olaraq  müəyyənləşdirildi. Beləliklə, danışıqlarda  yaranmış  gərginliklərə baxmayaraq, türk diplomatiyasının  göstərdiyi  ciddi səyləri  sayəsində  Moskva konfransında  Azərbaycanın  ərazi bütövlüyünün  qismən  də olsa, qorunmasına  nail  oldu, Naxçıvanın  heç bir  dövlətə  güzəştə gedilməməsi  şərtilə  Azərbaycanın tərkibində  saxlanılması  razılaşdırıldı.

1921-ci ilin fevralında Ankara hökumətinin xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad Cebesoy və doktor Riza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gəldikdən sonra danışıqlara başlanmışdır. RSFSR tərəfdən müqaviləni Xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə TBMM Xarici işlər vəkili Yusuf Kemal bəy, türk deleqasiyasının üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad paşa imzaladılar. Danışıqlarda Azərbaycanın Türkiyədəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinskidə iştirak edib. Müqavilənin giriş  hissəsində   RSFSR  və   Türkiyə   Böyük Millət  Məclisi   hökümətlərinin   millətlərin  qardaşlığı  və   xalqların  öz müqəddəratını    özləri  təyin   etmək   prinsiplərinə   şərik  çıxdıqları,  hər  iki  tərəfin   qarşılıqlı  maraqlarına   əsaslanan , öz   aralarında daimi  olaraq  qarşılıqlı münasibət  və   qırılmaz  həqiqi   dostluğun   yaradılması  arzusunda   olduqları   qeyd olunub.

Müqavilənin  birinci   maddəsində    RSFSR  hökümətinin   Türkiyəyə  aid  olan   və   Böyük Millət  Məclisində   təmsil  olunan   Türkiyə   milli  höküməti   tərəfindən   tanınmayan  heç   bir  beynəlxalq  müqaviləni   tanımadığı   qeyd  edilib. Müqavilənin ikinci   maddəsində   Türkiyənin  Batum  şəhəri  və  liman  üzərindəki   suverenliyini   Gürcüstana  güzəştə   getməyə  razı olduğu   əks olunub. Bir  şərtlə  ki, bu  ərazilərə   geniş  muxtariyyətin   verilməsi   və  Türkiyədən   gələn  və Türkiyəyə  gedən   hər   cür malların   sərbəst  tranzitinə  imkan  veriləcək.

Müqavilənin  üçüncü   maddəsində    hər  iki   tərəfin   Naxçıvan  əyalətini   Azərbaycanın   himayəsi  altında   muxtar  ərazi  təşkil etməsinə  razı olduğu   öz  əksini tapmışdır.  O  şərtlə ki,  Azərbaycan  bu  himayə  haqqını   heç bir  zaman  üçüncü  bir  dövlətə güzəştə  getməyəcəkdir.Müqavilənin dördüncü  maddəsində   xalqların öz  azadlıqlarına  uyğun idarə  formasını  seçməsi vurğulanıb. Müqavilənin  beşinci  maddəsində    boğazlardan  azad ticarət   edilməsi öz  əksini tapıb. Müqavilənin  altıncı maddəsində   bu   vaxta  kimi   hər   iki  tərəf  arasında  imzalanmış  qeyri-bərabər  müqavilələrin   ləğv  edilməsi  qeyd  olunub.

Müqavilənin   yeddinci maddəsində   Sovet  Rusiyası və  Türkiyə  kapitulyasiya   rejiminin  ləğv  olunması   barəsində razılığa  gəlir. Müqavilənin   səkkizinci maddəsində  hər  iki  tərəfin  öz  ərazilərində  digər ölkənin  höküməti  roluna və  ya  onun  ərazisinin  bir hissəsinə  iddia  edən  təşkilat  və ya  qrupların  yerləşməsinə yol  verməməyi  öz  öhdələrinə  götürür. Müqavilənin doqquzuncu  müqaviləsində  razılığa gələn  tərəflər  hər iki  ölkə   arasında əlaqələrin  fasiləsizliyini  təmin etmək  məqsədilə  qarşılıqlı razılıq  üzrə  dəmir yol, teleqraf  və  digər  əlaqə vasitələrini  saxlamaq  və mümkün  olduqca  inkişaf etdirmək, həmçinin  iki  tərəf arasında  adamların  və malların  azad  və maneəsiz  hərəkətini  təmin etmək  üçün  lazım olan  bütün  tədbirləri görməyi  öz  öhdələrinə götürdükləri  əks  olunub.

Müqavilənin onuncu  maddəsində  hər iki  tərəfin  ərazisində olan  vətəndaşlarına  ölkənin qanunlarından  irəli  gələn bütün  hüquq və azadlıqların  şamil  olunması qeyd  edilib. Müqavilənin on  birinci  maddəsində razılığa  gələn  hər iki  tərəflərdən  hər birinin digər  tərəfin ərazisində  olan  vətəndaşlarına  daha  əlverişli  şərait prinsipinin  tətbiq  etməyə razı  olduğu  göstərilib.

Müqavilənin on  ikinci  maddəsində 1918-ci  ilədək  Rusiyanın tərkib  hissəsi  olan bu  müqavilə  ilə Türkiyənin  suverenliyi  altında olan   və  RSFSR hökümətinin  tanıdığı  ərazilərin  hər  bir  sakininin öz  əşyaları  və  əmlakı  ilə birlikdə  Türkiyəni  sərbəst tərk etmək  hüququnun olduğu  qeyd  olunub. Müqavilənin  on  üçüncü maddəsində  isə   əsirlərin  qaytarılması   məsələsi   öz  əksini   tapıb.

Müqavilənin on  dördüncü  maddəsində konsulluq  məsələsinin  həll edilməsi  bildirdilib. Müqavilənin sonuncu-on  altıncı   maddəsində  isə  müqavilənin  ratifikasiya olunmalı  olduğu  əks olunmuşdur.  Müqaviləyə  əsasən Sovet   Rusiyası   Türkiyəyə təmənnasız   olaraq   silah və   hərbi  sursat, həmçinin   10 min  rubl (qızılla)  verirdi. 16  mart  müqaviləsinin      I (C)   əlavəsində  Naxçıvanın sərhədləri  aşağıdakı  kimi müəyyənləşdirildi: “Ararat stansiyası- Saray  Bulaq  dağı- Kömürlü dağı- Sayat  dağ- Kürd-qulaq  dağı- Həməsur dağı-Küküdağ  və  keçmiş Naxçıvan  qəzasının  şərq inzibati  sərhədi”.

Moskva danışıqlarında  Azərbaycanla  bağlı digər  bir  məsələ isə  TBMM  hökümətinin Azərbaycanla  ayrı  bir müqavilə  imzalamaq cəhdidir. Lakin  Sovet Rusiyası  Türkiyənin  Cənubi Qafqaz  respublikaları  ilə ayrı-ayrılıqda  müqavilə  imzalamasını istəmirdi, çünki Sovetlərin  siyasəti “sosialist  mərkəzçiliyə” yönəlmişdi. Bölgənin sərhədləri belə müəyyənləşdirilirdi: Ararat stansiyası-Sarıbulaq dağları-Kömürlüdağ-Sayatdağ-Qurdqulaq kəndi-Həməsür dağı-8022-ci yüksəklik-Küküdağ və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi. Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilmədisə də,regionun türklərin əlində qalması təmin edilmişdi,Naxçıvan Azərbaycanın himayəsinə verildi. Naxçıvan müsəlmanları bir daha soyqırımına məruz qalcağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirildi Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsini RSFSR MİK (20 mart 1921) və Türkiyə Böyük Millət Məclisi(21 iyul 1921) tərəfindən təsdiqləmişdir. Moskva müqaviləsinin 3-cü maddəsində qeyd olunmuşdur: "Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Komissiya tərəfindən dəqiqləşdiriləcəkdir". Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı. 2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri KİV-də gündəmə gəlib.

Bünyamin Bünyadzadə

Visiontv.az