“Mən Turan sevdalısıyam, Azərbaycan sevdalısıyam”
“Mən Turan sevdalısıyam, Azərbaycan sevdalısıyam”
24.05.2023 MEDİA Tərəfindən

Türkiyənin tanınmış sənət adamı Oktay Kaynarcanın baş rol aldığı “Mən bu cahana sığmazam” dizisində Azərbaycanın xəritəsinin yanlış verilməsi Azərbaycan ictimai xadimlərində etirazla qarşılanıb.

Türkiyədə səfərdə olan “Qardaşlığımız Ədəbidir” QHT koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bu yanlışlıqla bağlı aktyorun özü ilə əlaqə saxlayıb və narahatlığını ifadə edib.

Visiontv.az bildirir ki, bu barədə Emin Həsənli məlumat verib.

“Oktay Kaynarcanın baş rol aldığı son filmdə Azərbaycanın xəritəsinin yanlış verilməsinə görə onunla əlaqə saxladım. Üzr istədiyini bildirdi. Həmçinin vurğuladı ki, bu, işçi heyətinin yanlışıdır. Sənətçi  qeyd etdi ki, o Azərbaycanın sevdalısıdır, Turan sevdalısıdır. Turan birliyinə inanır və Azərbaycana böyük sevgisi var.
O həmçinin bildirdi ki, bununla bağlı öz sosial media səhifəsində paylaşım edəcək və yanlış düzəldiləcək”.

Söhbət əsnasında Oktay Kaynarca Azərbaycan xalqına, gənclərə, xüsusilə qazilərə salamlar çatdırmağı Emin həsənlidən xahiş edib.

“Qazilərə salamlarını çatdırmağımı, şəhid ailələrinin əlindən öpdüyünü bildirdi və Azərbaycanda hər kəsi sevdiyini, ölkəmizlə qürur duyduğunu, 44 günlük Vətən müharibəsində ölkəmizin böyük zəfərlər əldə etdiyini qeyd etdi. Azərbaycan qaziləri ilə İstanbulda görüşünü xüsusi xatırladığını bildirdi və hər zaman Azərbaycandan gələn heyətlə görüşməyə hazır olduğunu bəyan etdi”.

Xatırladaq ki, Oktay Kaynarcanın baş rol aldığı “Mən bu cahana sığmazam” dizisində Azərbaycanın xəritəsində Naxçıvan göstərilməyib və bu da haqlı narazılığa səbəb olub.