Mehriban missiya
Mehriban missiya
26.08.2022 Əkbər Qoşalı Tərəfindən

Bu gün Azərbaycan xeyirxahlıq institutuna yeni altun səhifələr qazandırmış, ölkənin ictimai-siyasəti mühitinə, əməli münasibətlər sisteminə şəfqət qatan, kübarlıq gətirən Mehriban xanımın adgünüdür. Müzəffər Ali Baş Komandanın etibarlı silahdaşı, ictimai-siyasi xadim, mədəniyyət və incəsənətin himayəçisi olan Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunu qısa zamanda bir Azərbaycan brendinə çevirməyi və ölkə hüdudlarından uzaqlarda da şan-şöhrət qazanmağı bacarmışdır.

– Mehriban xanımın öz ölkəmizin, bir sıra xarici ölkələrin, nüfuzlu beynəlxalq qurumların yüksək orden, medal və mükafatları ilə təltif olunması bu şan-şöhrətin təntənəsidir. Siyasi sistemdəki kübarlıq, ictimai münasibətlər sistemimizdə mehribanlıq, mədəniyyət təsərrüfatımızda yüksək zövq, səliqə-səhman Mehriban xanımın adı ilə sıx bağlıdır. Onun mədəni irsimizə həssas münasibəti, klassiklərə böyük sayğısı başqa bir aləmdir. Mehriban xanımın eks-prezidentlərin ailə üzvlərinə, onların xeyrinə-şərinə həssaslıqla yanaşması bilinən və ictimaiyyət arasında böyük rəğbət görən hadisələrdəndir.

Şəhidlərimizin ailələrinə, yaralı qazilərimizə, müharibə iştirakçılarına və müharibədən zərər görmüşlərə Mehriban xanımın öz adının energetikası ilə yanaşması onun duyğularının, hiss və həyəcanının, vətəncanlılığının parlaq örnəyidir.

***

Azərbaycanımızın maddi və qeyri-maddi irsinin, xalqımızın yaratmış olduğu gələnəklərin və dəyərlərin dünyada tanıdılması üçün Mehriban xanımın adı ilə sıx bağlı olan yüzlərlə təqdimat, sərgi və tədbir keçirilib – hamısı da peşəkarlıqla, sevgi ilə, vətəncanlılıqla. Ayrı-ayrı ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlayıb. Mehriban xanım Əliyevanın ideyası, təşəbbüsü, dəstəyi əsasında baş tutmuş – ölkəmizi beynəlxalq aləmə ləyaqətlə tanıtdırmış mədəni layihələrin bir bölümünü xatırlayaq:

-dilçi, tərcüməçi, tarixçi Mirzə Kazımbəyin 200 illik,
kimyaçı akademik Yusif Məmmədəliyevin,
xalçaçı-rəssam Lətif Kərimovun,
geologiya-mineralogiya elmləri doktoru, akademik Musa Əliyevin,
yazıçı, pedaqoq Mir Cəlal Paşayevin,
rəssam Səttar Bəhlulzadənin və
yazıçı-dramaturq İlyas Əfəndiyevin 100 illik,
Məhsəti Gəncəvi yaradıcılığının 900 illik,
həmçinin Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının,
“Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik,
“Kitabi-Dədə Qorqud” eposunun alman dilinə çevrilərək nəşr olunmasının 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilib.

Muğam və aşıq sənətinə, bu sənətin klassiklərinə, sənət yollarında yeni addımlayan istedadlı cavanlara məhz Mehriban xanımın ardıcıl diqqət-qayğısı milli sərvətlərimizə münasibətin yeni standartları kimi qəbul oluna bilər.

Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti, prinsipiallığı onun rəhbərlik etdiyi, məsul olduğu böyük layihələrdə, beynəlxalq tədbirlərdə biləvasitə üzə çıxdı: Azərbaycanın evsahibliyi ilə keçirilən – 2012-ci ildəki “Eurovision” Mahnı müsabiqəsi, 2015-ci ildəki I Avropa Oyunları, 2017-ci ildəki IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası və b. dediklərimizə sübutdur.

Mehriban xanım Əliyeva öz siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən məharətlə gəlib.
Mehriban xanımın zövqü, ideyası və rəyinin nəzərə alınmasının parlaq sonuclarını paytaxt Bakımızın mədəni infrastrukturuna son illər daxil olmuş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalçası Muzeyi, ÜNS Teatrı, Müasir İncəsənət Mərkəzi və b. mədəniyyət ocaqlarının timsalında bir daha görə bilirik. Mehriban xanımın adı olan layihələrdə, işlərdə, tikililərdə, nəşrlərdə, əsərlərdə... yüksək zövqün, vətəncanlılığın, sənətə vurğunluğun peşəkarlıqla üzvi surətdə birləşməsini görürük.

Ölkəmizin Mədəniyyət paytaxtı Şuşanın, Qarabağ və Gündoğar Zəngəzurun quruculuq-abadlıq işlərində, yenə, Müzəffər Ali Baş Komandanımızla çiyin-çiyinə, ürək-ürəyə Mehriban xanımın ideyalarını, təşəbbüslərini, zövqünü, düşüncə miqyası və üfüqügenişliyini görürük. Heç şübhə etmirik ki, Xankəndindəki Azərbaycan Bayrağı Meydanının, Xankəndi Heydər Əliyev Mərkəzinin, Əsgəranda, Ağdərədə mədəniyyət, təhsil ocaqlarının yeni ruhda, yeni nəfəsdə, yeni üslubda məhz Mehriban xanımın ideya, təşəbbüs və dəstəyi ilə qurulacağı gün uzaqda deyil. Xocalı şəhərisə xalqımızın kədəri ilə Zəfərini qoşa qanad kimi təcalla etdirən, kədəri bölüşüb azaltmağı, Zəfəri bölüşüb çoxaltmağı bacarmağımızın, hərbi-siyasi iradəmizin və Azərbaycanlı mənimizin zirvə hadisələrindən olacaq! Mehriban xanımın zövqü, ideyası, təşəbbüsü, təklifləri ilə Xocalı bir başqa Xocalı olacaq!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı 

Visiontv.az