Madam Pekress Azərbaycanın “qara siyahısı”na düşən ilk prezident ola bilər
20.01.2022

“Cəsarəti həyasızlıq və kobudluqla qarışdırmayın: həm mənşəyinə, həm də nəticəsinə görə ondan fərqli bir şey yoxdur”.

Bu ifadə fransız filosof-maarifçisi, siyasi mütəfəkkiri, yazıçı Jan Jak Russoya məxsusdur. Və bu gün, görkəmli mütəfəkkirin ölümündən üç əsr sonra bəzi həmvətənləri onun sözlərini nəzərə alsalar, çox yaxşı olardı. Daha dəqiq desək, Fransanın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Valeri Pekress qanunları və əxlaq normalarını kobud şəkildə pozmasını inadla və həyasızcasına “cəsarət” kimi qələmə verməyə çalışır.

Xatırladaq ki, o, bu yaxınlarda seçkiqabağı kampaniyası çərçivəsində Ermənistana, daha sonra Azərbaycanla sərhədi qanunsuz keçərək müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə səfər edib. Pekress Azərbaycan qanunlarını kobud şəkildə pozduğunu çox gözəl bilirdi və buna görə də səfər barədə əvvəlcədən xəbər vermədi: bu haqda xəbərlər artıq sonra, o ölkəni tərk etdikdən sonra ortaya çıxdı. Həmçinin sosial şəbəkələrdə fransalı qonağın ermənilərin uduzduqları müharibədə itkilərinə hədsiz dərəcədə kədərli sima ilə məhv edilmiş separatçıların məzarları üzərinə gül qoyduğu foto yayılıb. Bu şəkil təkcə soydaşlarımızın deyil, sosial şəbəkə istifadəçilərinin də hiddətinə səbəb olub. Halbuki bu, bir neçə dəfə ifrat sağçı fikirlərə qoşulmuş, hətta nasistlərə dəstək verən Valeri Pekress üçün normal haldır.

Təbii ki, Azərbaycanın suverenliyinin belə həyasız və görünməmiş şəkildə pozulması cavabsız qala bilməzdi. Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı səfirliyinə kəskin etiraz notası təqdim edərək Fransa siyasətçilərinin, xüsusən də yüksək vəzifələrə can atanların bu cür təxribat xarakterli hərəkətlərinin yolverilməzliyini qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev də yanvarın 12-də yerli telekanallara müsahibəsində təxribat xarakterli qanunsuz səfərdən danışıb. “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekress istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə”, - deyə dövlət başçısı bildirib.

V.Pekress öz hərəkətinə görə üzr istəmək və ən azı ədəb naminə özünü “ağartmaq” üçün hansısa bəhanələr gətirmək əvəzinə Azərbaycan dövlətinin bəyanatını “şoka salan” adlandırıb. Prezidentliyə namizəd Fransa Xarici İşlər Nazirliyini ona qarşı təhdidlərə cavab verməməkdə ittiham edib. Üstəlik, reklam məqsədi ilə Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə etdiyi təbliğat turunun uğursuzluğa düçar olmasından əsəbiləşən Pekress bildirib ki, Fransa prezidentliyinə namizəd kimi istədiyi yerə getməyə tam hüququ var və heç kimin onu dayandırmağa haqqı yoxdur. Pekress qeyd edib ki, guya o, regiondakı xristian icmasının nümayəndələri ilə görüşlər keçirməyi qarşısına məqsəd qoymuşdu. O, erməni turnesinin təsirini itirməmək və düşən reytinqini artırmaq üçün özünü dünyada “xristianlığın yeganə müdafiəçisi” və artan türk “təhlükəsinə qarşı mübarizə aparan şəxs” kimi təqdim etməyə çalışıb.

Burada ən azı iki sual yaranır: birincisi, Cənubi Qafqazda xristianlığı qəbul edən yalnız ermənilərdirmi? Bəs gürcülər? Bir də məgər Fransanın bütün vətəndaşları xristianlardır? Belə çıxır ki, Valeri Pekress indidən bəyan edir ki, dövlət başçısı seçilərsə, o, yalnız ölkənin xristian əhalisi üçün prezident olacaq və başqa dinə etiqad edən vətəndaşların hüquqlarını pozacaq?

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Pekressin həyasız ittihamlarına cavab verərək qeyd edib ki, Fransa prezidentliyinə namizədin guya “ölüm təhdidləri” və onun Azərbaycana davamlı hücumları ilə bağlı açıqlamaları qəbuledilməzdir: “O, bu bəyanatı ilə Azərbaycan Respublikası ərazisinə səfərinin qanunsuz olduğunu gizlətməyə çalışır. Pekress Azərbaycan Respublikasının Xankəndiyə səfərinin qanunsuz olduğunu yaxşı bilir. Potensial namizəd bilməlidir ki, Avropa İttifaqı ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən və ya təhdid edən hər hansı hərəkətləri qadağan edir”.

Lakin bəzi fransız məmurlarının həyasızlığı bununla da tükənmədi. Fransanın “Le Journal du Dimanche” qəzeti Fransa Senatının deputatlarının prezident Emmanuel Makrona açıq məktubunu dərc edib. Onlar Makrondan bir qədər absurd görünsə də, Azərbaycan prezidentinin Valeri Pekressdən açıq şəkildə üzr istəməsini tələb etməyi xahiş edirlər. Xüsusilə qəzəb doğuran fakt budur ki, məktubda onlar “Qarabağ heç vaxt Azərbaycanın ərazisi olmayıb” deyə qeyd ediblər. Başqa sözlə, məktubu imzalayanlar Azərbaycanın ərazi bütövlüyünə kobud hörmətsizlik nümayiş etdiriblər.
Fransız deputatlardan soruşmaq lazımdır: suveren ölkənin ərazisinə gizli daxil olmaq, orada gizli görüşlər keçirmək demokratiyanın, azadlığın təzahürüdür, öz ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə hörmət tələbi isə despotizmin?

Yuxarıda qeyd olunanlarla bağlı Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Respublikasının Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar. “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekressin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı? Lakin heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz. Biz bu məsuliyyətsiz addımı qətiyyətlə qınayırıq”, - deyə müraciətdə qeyd edilir. Həmçinin vurğulanır ki, xanım Pekress və müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır.

Müraciətdə daha sonra bildirilir: “Xanım Pekress namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, Fransa və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin o, Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan Azərbaycan ərazisinə gizli keçməsi Azərbaycan qanunvericiliyini, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur”.

İctimaiyyət nümayəndələri xatırladıblar ki, Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında 28 il davam etmiş münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. O, həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaq və sülh səylərini dəstəkləmək öhdəliyinə malikdir. Ümid etmək qalır ki, bu ədalətli müraciət ümumbəşəri dəyərlərin və dini siyasətdən ayıran dövlətin təməl daşları olduğu Fransada eşidiləcək.

Qeyd etmək lazımdır ki, Fransada bir çox insan Pekressin öz siyasi baxışlarını tez-tez dəyişməsinə bələddir. Belə ki, gəncliyində solçu baxışların və kommunist ideyalarının qızğın tərəfdarı, Sovet İttifaqının dostu olan Valeri, hətta yay tətilini də məşhur “Artek” pioner düşərgəsində keçirib. Lakin bu işdən çox pul qazanmayacağını başa düşdükdən sonra o, tez bir zamanda siyasi rəngini dəyişdi və sağçı Respublika düşərgəsində görkəmli sima və o vaxtkı Paris meri Jak Şirakın başçılıq etdiyi Qollistlərin qızğın tərəfdarı oldu. Bununla belə, sovet izləri və DTK ilə əlaqələrə dair şübhələr (heç də əsassız olmayan) Valerini bütün siyasi fəaliyyəti boyunca təqib edəcək.

Bu yaxınlarda Parisin “La Letter Patriote” nəşri də Fransanın enerji və müdafiə sənayesinin flaqmanı olan “Alstom”un Amerikanın “General Electric” şirkətinə satılması ilə bağlı qalmaqalla əlaqədar araşdırma dərc edib. Bəhs edilən dövrdə Fransa mediası həyəcan təbili çalırdı ki, bu sövdələşmə ölkənin suverenliyinin görünməmiş dərəcədə itirilməsi deməkdir. Bütün bunlara baxmayaraq, o vaxtkı büdcə naziri Valeri Pekress bu sövdələşməyə razılıq verdi və onun həyata keçirilməsini əri Jeroma həvalə etdi. Jerom bunun qarşılığında 2 milyon avro mükafat aldı və “General Electric”in Fransadakı törəməsi - “GE Renewable Energy”də baş direktor vəzifəsini aldı. Qalmaqal sonradan yatırılsa da, yerli iqtisadi müşahidəçilər indidən xəbərdarlıq edirlər ki, Pekress seçkidə qalib gələrsə, Fransa iqtisadiyyatını satışa çıxaracaq.

Bu cür qaranlıq keçmişini, qalmaqallarını və maxinasiyalarını nəzərə alsaq, onun niyə erməni diasporunu sevindirməyə bu qədər səy göstərdiyi aydın olur. Məsələnin maddi tərəfi, erməni diasporunun varlı nümayəndələrindən qrantlar alması ilə yanaşı, Fransada yaşayan 700 min erməninin səsi ona hakimiyyətdə möhkəmlənmək və keçmişini “təmizləməyə” imkan yaradacaq.

Bununla belə, həyatda devizi “Həyasızlıq ikinci xoşbəxtlikdir” olan Fransa prezidentliyinə namizəd başqa bir atalar sözünü də xatırlamalıdır - “Həyasızlıq yaxşılığa aparmır”. Və Valeri Pekress Fransanın rəhbəri seçilərsə, adı Azərbaycanın “qara siyahı”sına salınan ilk prezident olmaq riski altındadır.

Taleh Ağaverdiyev

yeniazerbaycan.com