"Lakey"in çağırışı...
"Lakey"in çağırışı...
01.07.2022 MEDİA Tərəfindən

Belarus prezidenti Aleksandr Lukaşenkonun MDB ölkələrini Belarus-Rusiya İttifaqına qoşulmağa çağırması riyakarlıqdan başqa bir şey deyil.

Bu adam özünü müstəqil dövlətin lideri, rəhbəri sanır. Ancaq əsl həqiqətdə isə Belarus artıq çoxdan öz suverenliyini, müstəqilliyini itirib və son 4-5 ayda isə tamamilə Rusiyanın hərbi bazasına çevrilib. Təsəvvür edirsinizmi, Putin Belarus kimi bir nəhəng MDB ölkəsindən Ukraynaya qarşı işğalçı müharibə üçün sadəcə baza kimi, plasdarm kimi istifadə edir və bunun da başlıca günahkarı məhz "kartof imperatoru" Aleksandr Lukaşenkodur. Adam Belarusun müstəqilliyini qanlı sinidə Putinə "peşkəş" edib.

Məhz bu səbəbə görədir ki, bu gün nə Belarusun suverenliyinin itirilməsi, nədəki digər postsovet respublikalarının müstəqilliyi Lukaşenko üçün heç bir əhəmiyyət daşımır. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu?

Ancaq ən pisi də budur ki, cəhənnəmə gedən şəxs özünə yoldaş axtardığı kimi Lukaşenko da Putinin təkbaşına köləsi, "lakey"i olmaq istəmir. O istəyir ki, onun özü kimi kölələrin sayı çox olsun. Lukaşenko yalnız bu halda diskomfort hissindən qurtula bilər. Ona görə də keçmiş SSRİ-nin yerində yeni ittifaq dövlətinin yaradılmasından ötrü bu qədər canfəşanlıq göstərir.

Putin də onun bu canfəşanlığından yararlanmağa çalışır, Lukaşenkonun ağzı ilə digər MDB ölkələrini yeni "ittifaq" tələsinə salmağı hədəfləyir. Bu mənada, Lukaşenko hazırda Putinin "danışan dil"i rolunda çıxış edir.

Gəlin onun Belarus və Rusiya Regionlar Forumunun plenar iclasında nümayiş etdirilən videomüraciətində səsləndirdiyi bir fikirə diqqət yetirək:

"Postsovet ölkələri suverenliyini qorumaq istəyirlərsə, Belarus-Rusiya İttifaqına yaxınlaşmalıdırlar. Bu gün postsovet məkanı ölkələri, əlbəttə ki, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Biz əminik ki, yalnız birlikdə qlobal çağırışlara qarşı durmaq olar. İndiki mərhələdə bizim birliyimiz (Belarus və Rusiya) inteqrasiya proseslərinin ümumi axınında lokomotiv rolunu oynayır. Bu, mədəni və iqtisadi dövlətlərarası əməkdaşlığın nümunəsidir, modelidir”.

Lukaşenko belə deyib.

Amma səmimiyyətdən danışan Lukaşenkonun bu fikirlərində zərrə qədər də səmimiyyət yoxdur.

Adam postsovet ölkələrini öz suverenliklərini və müstəqilliklərini qorumaq üçün onları "İttifaq dövləti" ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmağa təhrik etməkdənsə, ilk növbədə həmin ölkələrə qarşı, onların müstəqilliyinə qarşı təhlükənin hardan gəldiyini açıb göstərməliydi.

Lakin Lukaşenko sözügedən potensial təhlükə mənbəyini göstərməkdən riyakarcasına yayınıb. Çünki təhlükə mənbəyi elə Rusiyanın özüdür.

Bu gün bütün postsovet ölkələrinin suverenliyi və müstəqilliyinə ən böyük təhdid məhz Rusiyadan qaynaqlanır. Rusiya çoxbaşlı əjdaha kimi postsovet ölkələrini udmağa, onları "İttifaq dövləti" adlı idbar birliyin içində "əritməyə" hazırdır.

Bu hiyləgər plan həm də Qərbin total sanksiyaları ucbatından gün-gündən çökməkdə olan Rusiya və Belarusu postsovet ölkələrini öz qanadı altında birləşdirməklə xilas etmək məqsədi güdür.

100 il bundan əvvəl də eyni ssenarini müşahidə etmişik. Onda gorbagor Lenin bolşevik Rusiyasını inqilab xaosunun və müharibə dağıntılarının "cəhənnəm"indən qurtarmaq üçün Çar Rusiyasının keçmiş müstəmləkələrini SSRİ adlı vahid ittifaq dövlətinin "çətir"i altında birləşdirməyə qərar verdi. Və bu mənhus planın əsas hədəflərindən biri də Azərbaycan idi, Bakı nefti idi.

Aradan 100 il keçəndən sonra Rusiya Putinin ağılsız siyasəti nəticəsində yenə də müharibə və iqtisadi böhran məngənəsində çabalayır. Və bu məngənədən xilas olmağın sivil yollarını tapmağa cəhd edənlər də təəssüf ki, yoxdur. Yenə də ənənəvi, imperialist, barbar üsula əl atmağa, postsovet respublikalarını bu və ya digər üsullarla "qarmağ"a salmağa, yeni ittifaqda birləşdirməyə üstünlük verirlər.

Ancaq dünya isə 100 il bundan əvvəlki dünya deyil. Və postsovet respublikalarının da Rusiya ilə yeni ittifaqda birləşmək fikirləri yoxdur.

Bəybala Mirzəyev

visiontv.az