KTMT ilə MDB-ni "calaq" etmək istəyən adam...
17.05.2022

Dünən KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) adlanan amorf və "ölü" qurumun Kremldə keçirilən 20 illik yubiley "şou"nu izlədik.

Putinin inteqrasiya anlayışı olduqca əcaibdir. Ukraynanın hədsiz dərəcədə güclü beynəlxalq dəstək qazanmasından və İsveç ilə Finlandiyanın NATO alyansına üzv olmaq niyyətini qətiyyətlə ortaya qoymasından həm həsəd, həm də qəzəb hissi keçirən Rusiya prezidenti özünün təklənmədiyini göstərmək və biraz da NATO-ya meydan oxumaq üçün bu gün 5 postsovet ölkəsinin liderlərini Moskvada topladı. 

Lukaşenkonun özünü Putinin dilmancı kimi apardığı, Paşinyanın isə Rusiya prezidentinin soyadını çəkərkən dili dolaşdığı bu yubiley "şou"su əslində Putinin "kiçik NATO"-sunun yaradılmasına xidmət edirdi. Məhz bu məqsədinə nail olmaq üçün Vladmir Putin KTMT-nin bugünkü sammitində absurd bir təşəbbüslə çıxış etdi. Belə ki, o, MDB-yə (Müstəqil Dövlətlər Birliyi) KTMT-da müşahidəçi statusunun verilməsini təklif etdi. Əslində bu təklifdən çox birtərəfli qərara oxşayırdı. 

Putinin çıxışından sitat:
“Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyindən olan tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək lazımdır. Bizə elə gəlir ki, bu, məqsədəuyğun və düzgün olardı və biz bunu MDB-yə KTMT-də müşahidəçi statusu verərək müzakirə edəcəyik”. 

Bu, MDB-ni KTMT-nın "quyruğ"una qoşmaqdan, ona zorla pərçim etməkdən başqa bir şey deyil. Ukraynaya qarşı müharibədə KTMT-dan umduğu dəstəyi ala bilməyən Putin, indi də bu iki təşkilatı "calaq" etməklə gücünü artırmaq, daha doğrusu, görüntü yaratmaq istəyir. 

Əslində KTMT-na üzv olan dövlətlərin liderləri bugünkü zirvə toplantısında Ukraynaya qarşı təcavüzkar siyasətinə görə Putini açıq şəkildə qınamalı və KTMT-nın buraxılması təşəbbüsü ilə çıxış etməliydilər. 

Lakin biz bunu görmədik. Nə Lukaşenko, nə Paşinyan, nə İmomali Rahmon (Tacikistan), nə Qasım-Comərd Tokayev (Qazaxıstan), nədəki Sadır Japarov (Qırğızıstan) Kremlin Ukraynaya qarşı 82 gündür davam edən "xüsusi əməliyyat" adlı müharibə siyasətinə etirazını bildirmədi. 

Əksinə, onların KTMT sammitinin yekunu ilə bağlı imzaladıqları  bəyanatda nasizm, irqçilik və ksenofobiya ilə mübarizəyə dair maddələr yer aldı.

Bunun özü də absurdun ifrat səviyyəsidir. Rusiyanın özü hazırda "denasifikasiya" bəhanəsi ilə Ukraynaya qarşı neonasist siyasət yürüdürsə, o, nasizmə qarşı necə mübarizə apara bilər? 

Və yaxud, faşist Njdeyə İrəvanın mərkəzində heykəl ucaldan Ermənistan adlı təcavüzkar dövlətin nasizmə, faşizmə qarşı mübarizə aparmaq niyyəti nə dərəcədə səmimi səslənir?

Gəlin sözügedən bəyanatdan bir abzasa diqqət yetirək:

“Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu bir daha təsdiqləyirik. Biz nasist təcavüzünə qarşı mübarizədə birgə töhfəmizlə bağlı tarixi hadisələri saxtalaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Biz birlikdə nasizmi qəhrəmanlaşdırmaq və neonasizmi yaymaq cəhdlərinə, eləcə də irqçilik və ksenofobiyaya qarşı mübarizə aparmağa davam edəcəyik”. 

Sözün düzü, bəyanatın bu hissəsini oxuyanda doyunca güldüm. Bunlar nasizmi qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı birgə mübarizə aparmaq istəyirlərsə, gərək əvvəlcə yığışıb İrəvana getsinlər, Njdenin heykəlinin sökülməsindən başlasınlar...

KTMT-nın NATO ilə əməkdaşlıq söhbəti isə lap gülməlidir. Bu gün Rusiya faşizminə qarşı mübarizədə Ukraynaya dəstək verən NATO hara, KTMT hara?..

Bəybala Mirzəyev

visiontv.az