Kremlin əsas ruporlarından biri Marqarita Simonyan: Qarabağ eşşəkləri olduğunuzu boynunuza alın
24.05.2023

Ermənistanın baş naziri Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdikdən sonra Rusiya təbliğatının əsas ruporlarından biri Marqarita Simonyan sosial şəbəkələrdə buna kəskin münasibət bildirib. Simonyan Kremlin böyük bir ideoloji maşınının rəhbər şəxslərindəndir, onun başlıca xəttindən hətta şəxsi şərhlərində də kənara çıxa bilməz. Bu baxımdan yazdıqları maraqlıdır:

“Paşinyan Qarabağın Azərbaycan olduğunu tanıdı.

Elə bunu da sübut etmək lazım idi.

O, bunun üçün hakimiyyətə gəlmişdi. Onu əlindən tutub bunun üçün ora gətirmişdilər. 

Lap əvvəldən belə deyirdim.

Onun saçını tumarlayan, ona səs verən, meydanlarda dalınca qaçan, mənə tonlarla təhqir və hədələr yazan, məni türk soxulcanı adlandıran, Paşinyanı dəstəkləməmək erməni xalqını dəstəkləməmək olduğunu düşünən sizlər, heç nə eşitmək istəməyənlər, göz önündə olanları görməyənlər, başçısının arxasına düşüb sürü ilə erməni xalqını satmağa doğru gedənlər, elə bu dəqiqə güzgüyə yaxınlaşın, özünüz öz sifətinizə tüpürün və indiyədək Qarabağ eşşəkləri olduğunuzu boynunuza alın,  ömrünüzün sonunadək bu ağır etirafla yaşayın. Elə eşşək də qalmışınız.

Ancaq daha Qarabağ eşşəyi deyilsiniz”.

Fikir – Rusiyanın ali rəhbərliyinin son dövrlərdə dəfələrlə səsləndirdiyi fikirdir (Putinin 2022-ci ilin oktyabrında “Valday” klubunda dediklərinin yada salın). Sadəcə, ifadə forması fərqlidir.  

Xatırlatma: 2022-ci ilin oktyabrında “Valday”da Rusiya prezidenti  demişdi: “Əgər erməni xalqı, bugünkü erməni rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanıyan Vaşinqton variantını seçmək lazımdır, əgər Ermənistan belə istəyirsə, buyursun”. Ancaq sonra açıq-aşkar işarə vermişdi: “Əgər erməni xalqı, rəhbərliyi hesab edirsə ki, Qarabağın özəllikləri var və həmin özəlliklər nəzərə alınmalı, gələcək sülh müqaviləsində razılaşdırılmalıdır, bu da mümkündür”.

Press Klub