Koronavirus çip qıtlığı yaratdı: bu məhsullar bahalaşacaq
Koronavirus çip qıtlığı yaratdı: bu məhsullar bahalaşacaq
28.04.2021 Elvin ABBASOV Tərəfindən

Dünya üzrə yaşanan çip qıtlığı son dövrlərdə əsas gündəm məsələlərindən birinə çevrilib.

 

Çip çatışmazlığı səbəbilə bir sıra şirkətlər istehsalı azaltmağa başlayıb. Məsələn, Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi Motors” çip tədarükü probleminə görə may ayında Yaponiya və Taylanddakı zavodlarında istehsalı 16 min ədəd azaldacağını açıqlayıb. 

Mövcud çip çatışmazlığının davam etməsi isə texnologiya məhsullarının istehsalında bir sıra problemlərin ortaya çıxacağından xəbər verir.

Məsələ ilə bağlı “Ölkə.az”a açıqlama verən IKT üzrə ekspert Elvin Abbasov bildirdi ki, çip qıtlığı iki dalğada özünü biruzə verdi:“İlk olaraq pandemiya dövründə müvəqqəti bağlanan çip fabrikləri açıldıqdan sonra tələbi qarşılamaqda çətinlik çəkdilər. Stoklardakı ehtiyat çiplər sürətlə satıldıqdan sonra istehsalat üçün daha bir problemlər oldu. Tələblər pandemiya öncəsi ilə müqayisədə artdığı üçün çip istehsalatında ehtiyat hissə problemi yarandı və dünyanın ən böyük çip istehsalı şəhəri olan Tayvanda yaşanan quraqlıq çip istehsalatına ciddi təsir etdi. Çip istehsalı ilə məşğul olan TSMC-nin istehsalat gücü ölkədə yaşanan quraqlıq səbəbindən aşağı düşdü. Çip istehsalında tonlarla saf su istifadə olduğunu nəzərə alsaq, quraqlığın təsirini başa düşmək çətin olmaz. İstehsalçılar hal-hazırda kənardan suyu daşıma yolu ilə tələbləri çatdırmağa çalışırlar”.

Ekspertin sözlərinə görə, tam avtonom sistemlərə keçən sektorların hər biri bu çiplərdən istifadə edir: “Misal olaraq, 5-ci nəsil silah texnologiyaları və ya yeni model avtomobillərdə 100-dən çox çip istifadə olunur. Oyun konsollarından tutmuş robot toxnologiyaları, ağıllı evlər, kəndlər və şəhərlərin hər birini təşkil edən elementlər, yəni avadanlıqların əsas hissəsi - beyni çipdir. Bu baxımdan deyə bilərəm ki, mövcud qıtlıqdan bütün sektorlar təsirlənəcək. Hal-hazırda görünən odur ki, avtomobil sektoru bu problemdən ən çox zərər çəkən sektor olub. Texnologiya şirkətlərindən isə “Cisco”, “Samsung”, “Apple”, “Xbox” və bir çox texnologiya şirkətləri məhsullarını gecikdirməli oldu”.

“IoT (internet of things) dövrünə keçdiyimiz bir zamanda, yəni bütün əşyaların internetə bağlandığı dövrdə çip qıtlığı yaşamaq təbii ki, tərəqqi edən texnologiya sənayesinə böyük təsir edəcək. Hal-hazırda bir çox tədbirlər görülməkdədir”, - deyə ekspert əlavə edib.

İnformasiya texnologiyaları üzrə ekspert Asif İbrahimov isə “Ölkə.az”a açıqlamasında bildirdi ki, çiplər kompyuterlərin, planşet və smartfonların ən vacib və əsas hissəsidir. Bu baxımdan çip tədarükündə yaranan qıtlıq qiymətlərə də təsir edə bilər: “Çip qıtlığı elektronika və texnologiya məhsullarının istehsalına təsir etməklə, sözügedən məhsulların qiymət artımına gətirib çıxara bilər”