İsraildən silah-sursat alınması məsələsi doğrudursa bunu ancaq alqışlamaq lazımdır
İsraildən silah-sursat alınması məsələsi doğrudursa bunu ancaq alqışlamaq lazımdır
13.08.2021 Sahib Alıyev Tərəfindən

İsrailin “İsrael Hayom” qəzeti bu dost dövlətdən 2 milyard dollarlıq yeni silah-sursat almağı planlaşdırdığımızı və bununla bağlı danışıqlar getdiyini yazır.

Yazılanlar doğrudursa, bunu ancaq alqışlamaq olar. Birincisi, ona görə ki, oradan aldığımız hərbi texnika həm 2016-cı ilin aprel döyüşlərində, həm də ikinci Qarabağ savaşında yüksək effektliliyilə diqqət çəkdi. Halbuki öz istehsal etdiklərinin tərifini göylərə qaldıran bəzi dövlətlərdən alınan silah-surastın müəyyən bir hissəsi onlara ehtiyac duyulmaması üzündən elə həmən ikinci Qarabağ savaşında anbarlarda yığılıb qalmışdı ki, çıxışlarından birində cənab Prezident də buna toxunmuşdu.

İkincisi, ikinci Qarabağ savaşından sonra Azərbaycanın torpaq bütünlüyü məsələsində əvvəlkindən guya fərqli mövqe sərgilədiklərini bildirsələr də, əl-altdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüsünün Qarabağda möhkəmlənməsinə çalışanlardan, oradakı separatçı ünsürlərə tırlarla yardım daşıyanlardan fərqli olaraq İsrail təkcə sözdə deyil, əməldə də bizim yanımızda yer aldığını təsdiqləyib.
Ona görə də fikirlərşirəm ki, biz ən qabaqcıl silah-sursat istehsalçılarının ilk üçlüyündə olan bu dost dövlətlə təkcə hərbi-texniki deyil, hərbi-siyasi əməkdaşlığı da dərinləşdirəcək və Ticarət Təmsilçiliyinin ardından tezliklə orada səfirlik  də açacağıq.

Üçüncüsü,  əgər haqqında söhbət gedən anlaşma da baş tutarsa, dost İsraildən təqribən 7,5 milyard dollarlıq silah-sursat almamız, qardaş Türkiyə və Pakistanla hərbi əməkdaşlığı genişləndirməmiz, bu ilin birinci yarısında  müdafiə-təhlükəsizlik xərclərini  əhəmiyyətli dərəcədə artırmamız onu göstərir ki, dövlətimiz öz torpaq bütünlüyünün tam təmini üçün əlindən nə gəlir edəcək. Və kimliyindən asılı olmayaraq buna maneçilik törətəməyə çalışanların hərəkətlərinə də seyirçi qalmaq fikrində deyil.  Azərbaycan Müdafiə Nazirliyinin Rusiyanın üzərinə götürdüyü öhdəliyə tam əməl etməyən  hərbi kontingenti haqda son açıqlaması, Qarabağın onların müvəqqəti nəzarətində olan hissəsindən bu gün də  Şuşa, Xocalı və Füzulidəki mövqelərimizi atəşə tutanlara tırlarla yük, yardım göndərən İranın Bakıdakı səfirinə verilən nota da məhz  bunun təsdiqidir.

Millət vəkili Sahib Alıyev

Visiontv.az