İsrail - Azərbaycan münasibətləri: Azərbaycanın silahlanması davam edəcək
İsrail - Azərbaycan münasibətləri: Azərbaycanın silahlanması davam edəcək
04.10.2022 MEDİA Tərəfindən

İsrailin müdafiə naziri Benyamin Qans 3 oktyabr tarixində Azərbaycana səfərə gəlib. İsrail Müdafiə nazirinin Azərbaycana qəfil səfərinin pərdəarxası məqamı və hərbi əməkdaşlığın yeni müstəviyə keçmə ehtimalı varmı? Bu səfəri son günlər Hindistanın Ermənistana silah satışı o cümlədən ABŞ və Fransanın İrəvana silah verməsi ilə bağlı çağrışlarına adekvat hesab etmək olarmı? İsrailin Azərbaycana daha müasir silah-sursat və daha ağır texnika satması mümkündürmü?

Bu suallar ətrafında millət vəkili Hikmət Babaoğlu və politoloq Xəyal Bəşirov Visiontv. az saytına açıqlama veriblər.

Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, İsrail - Azərbaycan münasibətləri dost münasibətləridir: "Bu münasibətlərin dərin tarixi kökləri var. Və hər iki ölkə sülh yaratmaq üçün uzun illərdir ki, davamlı səylər göstərirlər. Zəfərlə başa çatan Vətən müharibəsində İsrail daima Azərbaycanın, beynəlxalq hüququn və ədalətin yanında olub. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. İsrail vətəndaşları isə Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər. Yəni siyasi münasibətlərimizin belə yüksək səviyyədə olması iki ölkənin ən strateji sahələrdə sıx əməkdaşlığını şərtləndirir. Ona görə də dünyada baş verən mürəkkəb tarixi proseslər kontekstində İsrailin müdafiə nazirinin Azərbaycana səfər etməsi təsadüfi deyil. Bu səfərdə müzakirə edilən məsələr isə hər iki ölkənin milli maraqlarının realizə olunması baxımından olduqca əhəmiyyətlidir. Bizə məlumdur ki, məğlub Ermənistan yeni reallığı və beynəlxalq hüququ qəbul etmək istəmir. Özünə yeni hərbi-siyasi havadarlar tapmaqla Cənubi Qafqazı yenidən dünyanın ən hərbiləşdirilmiş regionlarından birinə çevirməyə çalışır. Hidistandan silah ,Fransadan, İrandan, Ynanıstandan siyasi dəstək almaqla yeni müharibəyə hazırlaşır .Belə olan halda Azərbaycan büynəlxalq hüquqa hörmət edən, regionda sülhün yaranmasında maraqlı olan öz təbii müttəfiqləri ilə yəni Türkiyə və İsraillə münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmaqdadır. Bu bizim üçün strateji prioritetdir. Ona görə də dost İsraillə artıq sınaqlardan çıxmış etibarlı tərəfdaşlıq kontekstində hər cür hərbi-siyasi əməkdaşlıq mümkündür.”


Politoloq Xəyal Bəşirov isə bildirdi ki, İsrail müdafiə nazirinin Azərbaycana səfəri zamanı bir sıra əhəmiyyətli görüşlərin keçirilməsi təsadüfi bir addım deyil: "Əslində İsraillə Azərbaycanın münasibətlər uzun illərə söykənir. Biz bilirik ki, İsraillə Azərbaycan arasında bir sıra mövzularda o cümlədən də müasir silahların istehsalı ilə məşğul olan İsrailin Azərbaycanla hərbi sahədə yaxın əməkdaşlığı var. Bu məsələ İkinci Qarabağ savaşı zamanı "Harop"ların Azərbaycan ordusuna verdiyi müsbət töhfələr bir daha ondan xəbər verir ki, Azərbaycanla İsrail arasındakı münasibətlər yüksək səviyyədədir. Mən hesab edirəm ki, İkinici Qarabağ müharibəsindən sonra regionda sülhə, təhlükəsizliyə və sabitliyə təhdidin saxlanılması o cümlədən gərginliyin artırılması üçün Ermənistan bu gün də qanunsuz olaraq silahlandırılır. Ermənistan bu günə qədər əldə etdiyi bütün silahları ödəniş etmədən, İrəvana təcavüzkar siyasətinə dəstək nümayiş etdirən ölkələr tərəfindən pulsuz şəkildə əldə edib. Azərbaycanın əsaslandığı əsasən beynəlxalq hüququn prinsipləridir. Təbii ki, İsraillə də münasibətlərimiz bərabər əməkdaşlıq səviyyəsində qurulur. Bu görüş isə heç bir ölkənin ərazi bütövlüyünə təhdid xarakteri daşımır. Düşünürəm ki, bu məsələdə İsrailin Azərbaycanla əməkdaşlıq etməkdə təşəbbüs göstərməsi normaldır. Beləliklə Azərbaycanın silahlanması davam edəcək. Çünki biz açıq şəkildə görürük ki, Ermənistanı silahlandırırlar. Azərbaycanın regionda formalaşdırdığı yeni reallıq sülh şəraitinin təmin edilməsi və bunun fonunda gələcəkdə iqtisadi və nəqliyyat – kommunikasiyalarının işə düşməsindən sonra dayanıqlı iqtisadi inkişafın təminatı prosesinə maneəçilik törətmək istəyən qüvvələr bu gün Ermənistana açıq dəstək verirlər. Hindistanın Ermənistana 245 milyon dollarlıq silah – sursat verməsi, xaotik durumda olan Ermənistanın bu silahı pul müqabilində alması mümkün deyil.  Deyə bilərik ki, Ermənistan bu silahları da ödənişsiz şəkildə alır. Lakin Azərbaycanın silahlanması isə legitim xarakter daşıyır. Bir daha qeyd edirəm ki, Azərbaycanın bu silahlanma prosesi bundan sonra da davam edəcək. Orduya ayrılan dövlət vəsaitinin miqdarı da artmaqda davam edir. Biz ərazi bütövlüyümüzün qorunmasında qərarlıyıq. Çünki zamanında Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Bu gün bu təcrübəni Prezident İlham Əliyev tətbiq etməkdədir.”

Bünyamin Bünyadzadə

Visiontv.az