"İslamofobiya gündəlik hadisələrdən soyqırıma qədər gedib çıxa bilər"
15.03.2023

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti " adlı plenar iclası keçirilib.

Visiontv.az xəbər verir ki, plenar iclasda çıxışçılar İslamofobiya, onun geniş vüsət alması, yaratdığı problemlər və digər məsələlər ətrafında müzakirə aparıblar.

Britaniyanın Lidz Universitetinin Sosiologiya və Sosial Siyasət Məktəbinin rəhbəri, Professor Salman Sayyid çıxışında deyib ki, İslamafobiya birdən-birə meydana gələn bir problem deyil, bununla bağlı artıq 30 ildən çoxdur araşdırmalar aparılır:

"İslamofobiyaya dünyanın istənilən nöqtəsində, rast gəlinə bilər. Bu həm müsəlmanların yaşamadığı ölkədə və ya çox yaşadığı ölkələrdə ola bilər. İslamofobiya irqçiliyin, ayrıseçkiliyin bir növüdür. 11 sentyabr terror aktından sonra ABŞ-da ilk müsəlman bu kontekstdə qətlə yetirilib".

Britaniydan olan professor xəbərdarlıq edib ki, İslamofobiya gündəlik hadisələrdən soyqırıma qədər gedib çıxa bilər:

"Bu arada "Quran" yandırılır, hicab məcburi şəkildə soyundurulur, hava limanınında “siz müsəlman olduğunuz üçün ciddi yoxlanışa məruz qalırsınız” və bu kimi təcrüblər ciddi, sistemli hal alır. Təbii ki, digər təhlükəli hallar da ola bilər, məsələn, Yeni Zelandiyada törədilən terror aktı kimi".

Salman Sayyid qeyd edib ki, İslamofobiyada kişilərdən daha çox qadınlar hədəf alınır, ona görə də bu, həm də gender əsaslı məsələdir:

"Qadınların ictimai həyatda iştirakına icazə verilmir, hicab taxan qadınlara cəmiyyətdə o yanlış hərəkət edirmiş kimi davranılır”.

O, artıq İslamofobiyanın yerli səviyyədən çıxaraq qlobal hal aldığını əlavə edib:

"Mətbuata gəlincə, artıq onlar bununla bağlı mesajları yayan tərəfə çevrilib".

O vurğulayıb ki, İslamofobiya ilə bağlı elmi tədqiqatlar aparılmalıdır.

"İslamofobiya din amili ilə bağlı deyil, müsəlmanlıqla bağlıdır. Müsəlmanların aşağılanması cəhdləri ilə bağlıdır. "Quran"ın yandırılması dini tənqid deyil, əksinə müsəlmanları alçaltmaq, qorxutmaq məqsədi daşıyır və bu savadsızlıqla da bağlı deyil. İslamofobiya siyasi mücadilədir və ona qarşı birləşməliyik. Elmi dairələrin işi isə ondan ibarətdir ki, buna sistemli yanaşmanı təşviq etsinlər, səthi yanaşmalara imkan vermək olmaz. Biz bu problemin fundamental səbəblərini araşdırmalıyıq. İslamofobiya dünyanın gələcək təhlükəli narratividir".

Qazaxıstandan gələn İslam Mədəniyyəti üzrə Misir Universitetinin rektoru Məhəmməd əl-Şahhat əl-Cindi "İslamafobiya İslama və Müsəlmanlara qarşı düşmənlik yaradır" mövzusunda çıxışında bildirib ki, İslama qarşı nifrət, müsəlmanlara qarşı ikrah aşkardır:

"İddia edilir ki, İslamın qadınlara qarşı olması ilə bağlı yanlış fikirlər səsləndirilir, biz bu iddalara cavab verməliyik. İslam dialoqu təşviq edir, qadınlara yüksək status verilir, İslam dincliyə, əmin amanlığa çağırışlar edilir. Bununla bağlı "Quran"da hədislər var".

O deyib ki, İslama qarşı planlaşdırılmış addımlar atılır, İslamı yanlış təssəvürlər formalaşdırılır. "Hətta müsəlmanların özləri belə bəzən İslamı doğru təqdim etmir. Biz bu istiqamətdə işləməliyik".

Rektor bildirib ki, bəzən İslama qarşı nifrət və kin ifadə azadlığı kimi təqdim olunur ki, bu, qəbuledilməzdir.

“Müsəlmanlara qarşı çox sayda addımlar atılır və biz bunların fərqindəyik. İstənilən dinə qarşı addımlar məsuliyyətə cəlb olunmalıdır, amma görünən odur ki, Qərbdə rəsmilər bunda maraqlı deyillər.

Müsəlmanlar olaraq dünyanın müxtəlif nöqtələrində sülh içində birgə yaşayış istəyirik. Müsəlmanların öz hüquq və haqlarını ifadə etmək azadlığı var", Məhəmməd əl-Şahhat əl-Cindi deyib.

Elm və İncəsənət üzrə Bosniya Akademiyasının Prezidenti, Makedoniyadan gələn iştirakçı Fərid Muhiç "İslamofobiya ilə mübarizə: Qlobal stabillik və sülh üçün zəruri və yetərli şərtlə" mövzusunda çıxış edib.

Fərid Muhiç İslamofobiyanın səbəbləri və motivləri barədə danışaraq deyib ki, bu, ideloji layihədir:

“İslamofobiyanın bir səbəbi də tarixi faktların saxtalaşdırılması ilə bağlıdır, iddia edilir ki, İslam dini Asiyadan gələrək Avropaya müdaxilə edib. İslam Avropaya daxil olduqdan üç əsr sonra Avropanın bir çox yerlərində Xristian dini qəbul edilib.

Əndəlus və Kordovada İslam hakim olarkən orada Xristianlığa aid heç bir abidə dağıdılmadığı halda, xristianlıq buraya qayıtdıqdan sonra İslam mədəniyyətinə aid nümunələr məhv edilmişdi. İndi İslama qarşı yalan kampaniyası aparılır, bunu bir siyasi konsepsiya kimi yürüdürlər. İslam heç vaxt qarşıdurma təşviq etməyib, əksinə tolerantlığı, dinc birgəyaşayışı təşviq edir. Avropa hətta bəzi dəyərlərini İslamdan götürüb. İslamofobiya ilə mübarizə üçün müəyyən əsaslar var: ali mənəvi dəyərlər və insan haqlarına hörmət, insanlığın gələcəyi üçün təhülkəli olan nifrət nitqinə qarşı mübarizə".

Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə isə İslamofobiyanın Cənubi Asiya ölkələrindəki təzahüründən danışıb.

"İslamofibiya Cənubi Asiya ölkələrində də geniş vüsət almaqdadır. Hindistanda son 10 il ərzində İslamofobiya və bu yöndə addımlar çox genişlənib. Müsəlmanlara qarşı ayrı-seçkilik və qərəzli mövqe açıq-aşkar nümayiş olunur. Məsələn, biz xatırlayırıq, dağıdılmış məscidin yerində başqa bir məbədin tikilməsinə Hindistan hökuməti razılıq vermişdi. Müsəlman məscidlərinin dağıdılması, onlara qarşı soyqırımı halları, təcavüz məsələləri tarixi faktdır.

Hindistanda etnik zəmində törədilən cinayətlərin sayı da artmaqdadır. İslam mədəniyyəti və tarixinə qarşı sıxışdırılma və bu kimi neqativ addımlar həyata keçirilir. Məsələn, şəhərlərin adının dəyişdirilməsi bunlardan biridir", - o vurğulayıb.

Yaxın Şərq, Asiya və Qlobal Tədqiqatların tədrisi üzrə dosent Saed Ahmed Xan, öz növbəsində, müsəlmanlara qarşı ümumi nifrət anlayışı və sıxışdırma siyasəti barədə fikirlərini bölüşüb:

"Yeni Zellandiyada, Kanadada müsəlmanlara qarşı baş verən hadisələr İslamofobiyanın nə dərəcədə ayaq açdığını göstərir. Həmçinin, hicaba qarşı mübarizə, müsəlmanların, bir növ, şeytan kimi təqdimi və digər bu cür məqamlar olduqca ciddi təhdiddir. Artıq, təəssüf ki, vətəndaş cəmiyyətində həm ideoloji, həm də patoloji olaraq müsəlmanlara qarşı mübarizənin şahidi oluruq. Müsəlmanlara qarşı təşkilatlanma halları bunun ən bariz nümunəsidir.

Hindistanda Mudi hökuməti "Bizim müsəlman ölkələri ilə işimiz yoxdur, onlarla əlaqələrimiz var, əməkdaşlığımız var" kimi fikirlər səsləndirir. Bu, əslində, məsələnin daha da təhlükəli olduğunu göstərir. Çünki bu fikir, birmənalı olaraq, fikri yayındırmağa xidmət edir.

Yaxud Tramp Admimistrasiyası 2017-ci ildə müsəlmanlara səyahət qadağası qoymuşdu. Bu qadağa İslamofobiya anlayışı üçün həm də bir təşəbbüs idi. Müsəlman dövlətləri, müsəlman təşkilatları Avropada, dünyaya geniş vüsət alan İslamofobiya ilə birgə mübarizə aparmalıdır".