İranda eyni anda müxtəlif dövlətlərin iştirakı ilə iki hərbi təlim keçirilir
İranda eyni anda müxtəlif dövlətlərin iştirakı ilə iki hərbi təlim keçirilir
16.08.2022 MEDİA Tərəfindən

İran, Rusiya, Belarus və Ermənistanın hərbi hava qüvvələrinin iştirakı ilə İranın Kaşan şəhərində təlimlərə başlanılıb. 4 ölkənin birgə keçirdiyi hərbi təlimdə havadan müdafiə taktikası öyrənilir.

Hərbi təlimə pilotsuz uçan aparatlar da cəlb olunub. Təlimlar zamanı İran hərbçiləri həmkarlarına dronlardan istifadə qaydalarını öyrədəcəklər. Tehran bu təlimlərin məqsədini regionda sülhün qorunub saxlanması, qlobal terrorçuluğa və davamlı təhlükəsizliyin təmin edilməsindən ibarət olduğunu açıqlasa da, Ermənistanın məqsədi bu deyil, İrəvan dronların necə əldə edilməsi yollarını axtarır. İranın Yəzd şəhərində isə "Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Snayper həddi” müsabiqəsi keçirilir. Bu müsabiqədə isə İranla yanaşı Azərbaycan, Belarus, Çin, Özbəkistan, Rusiya və Zimbabve hərbçiləri iştirak edirlər.

Birinci təlimlər avqustun 28-də, ikinci müsabiqə isə avqustun 27-də bitəcək. Görünür, sanksiyalardan qurtulmağa çalışan İran birgə hərbi təlimlər və müsabiqələr təşkil etməklə beynəlxalq aləmə tək olmadığını sübut etməyə çalışır. Elə Rusiyanın prezidenti Vladimir Putin də “Ordu-2022” forumundakı dünənki çıxışında sanksiyalara rəğmən, ad çəkmədən ölkəsinin dost və tərəfdaşlarının sayının çox olduğunu göstərməyə çalışıb.

Elxan Şahinoğlu

visiontv.az