İran təkcə rəqiblərə deyil, "müttəfiqlər" üçün də zərərli dövlətdir
18.06.2022

Onun “himayə etdiyi”, "yardım göstərdiyi" heç bir müsəlman ölkəsində xaos bitməyib, əmin-amanlıq, sabitlik yaranmayıb.

Yəmən, Bəhreyn, Fələstin…. bu ölkələrin hər birində münaqişələrin 60-70  illik tarixi  var. Suriyada, Livanda 10 illərdir qətliamlar,  dağıntılar davam edir. Bu münaqişələrin hər birində İranın iştirakı var. İran “müdaxilə etdiyi” bu  prosesləri  dayandırmaq üçün gücə, qüdrətə  malik deyil. Amma məsələ təkcə İranın  modern tələblərdən geri qalmasında, müasir güc mərkəzləri ilə rəqabət aparmaq qabiliyyətinin olmamasında deyil. Təcrübə göstərir ki, İran “müdafiə etdiyi” müsəlman ölkələrində  münaqişələrin  bitməsində maraqlı deyil. Əksinə, bu ölkələrdə xaosun, dağıntının, münaqişənin  davam etməsi üçün çalışır. İran qeyd edilən dövlətlərdə münaqişələrin  davam etməsinə özünün həmin ərazilərdə mövcudluğunun səbəbi  kimi baxır. O, Qarabağ münaqişəsinə də bu kontekstdən yanaşıb. Qarabağ münaqişəsinin davam etməsi İranın Ermənistan vasitəsilə Qafqazda mövcud olması anlamını daşıyıb. Mollalar  “Qarabağın işğaldan azad edilmsi üçün fətva verdiklərini” deyiblər, amma reallıqda Ermənistana dəstək göstəriblər. Blokadada olan Ermənistana  nəfəslik açıblar. Hətta 44 günlük savaş müddətində Azərbaycanın uğurlarına mane olmaq üçün açıq müdaxilələr ediblər: öz hərbçilərini qanunsuz olaraq Cəbrayılın, Zəngilanın Arazboyu ərazilərinə yeridib, Azərbaycan ordusunun bu rayonları  azad etməsinə mane olmağa çalışıblar. 

İranın riyakar davranışları Qarabağ münaqişəsinin bitməsindən sonra da da davam edir. O, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini əngəlləmək üçün əlindən gələni edib. Azərbaycan əsgərinin  Gorus-Qafan yolundan qanunsuz keçid edən, Xankəndinə qaçaq mal daşıyan İran avtomobillərini saxladığını  hər kəs xatırlayır. Bu olay göstərdi ki, İran Qarabağ bölgəsində  separatizmə dəstək təşəbbüslərini bu gün də davam etdirir. O, II Qarabağ müharibəsi bitər-bitməz Azərbaycan sərhəddinə qoşun yığdı, hərbi təlim keçmək adı ilə ölkəmizə  hədə-qorxu gəlməyə çalışdı. 

Özünü  “islam dövləti”, “müsəlman təəssübkeşi”,  Azərbaycanın “mehriban qonşusu” kimi təqdim edən İranın riyakar davranışları son günlərdə daha da intensivləşib. Təşkilatlandırılmış insanları   Azərbaycanın Tehrandakı səfirliyi qarşısına çıxararaq  Azərbaycan əleyhinə şüarlar, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.  Bunu hər kəs  yaxşı bilir ki, səfirliyin qarşısında olan aksiyaların sifarişçisi kimdir və bu aksiyalar kimlər tərəfindən təşkil olunur. Bu aksiyalarda ənənəvi şüarlar səsləndirilir,  Azərbaycanın İsraillə əməkdaşlığı qınanılır, Bakı  “sionizmə dəstək verməkdə” ittiham olunur. Normal düşünmək qabiliyyətini itirmiş İran  rəsmiləri Azərbaycanı  müstəqil dövlət kimi qəbullanmaq problemi yaşayırlar. 

İran Livanda yaratdığı modelin- qeyri-stabillik, xaos şəraitinin Azərbaycanda da tətbiq edilməsi cəhdlərini hələ də davam etdirir. Hezbollah kimi hərbi-siyasi qüvvənin yetişdirilməsinə təşəbbüs göstərir. Azərbaycanda “dini kəsim” adı altında fəaliyyət göstərən İran agentlərinin qəhrəmanlaşdırılması, tərəfdarlarının yetişdirilməsi bu siyasətin tərkib hissəsidir.

Müşfiq Ələsgərli

Visiontv.az