İqorun biri getdi, digəri gəldi...
İqorun biri getdi, digəri gəldi...
30.07.2021 Bəybala Mirzəyev Tərəfindən

Rusiyalı həmsədrin dəyişməsi nədən xəbər verir?

ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun demək olar ki, tamamilə sıradan çıxdığı bir məqamda Kreml birdən-birə Rusiyadan olan həmsədri dəyişmək qərarına gəldi.

Belə ki, İqor Anatoliyeviç Xovayev adlı 59 yaşlı bu təcrübəli diplomat ATƏT-in Minsk Qrupunun Rusiya üzrə həmsədri təyin olunub. 2010-cu ildən Rusiyanı Minsk Qrupunda həmsədr kimi təmsil edən İqor Valentinoviç Popov isə geri çağrılıb.

Qeyd edək ki, diplomatik karyerasına keçmiş SSRİ-nin son illərində başlamış İqor Xovayev Asiya ölkələri ixtisaslaşmış diplomat sayılır. O, 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb və bu ölkə ilə Rusiyanın əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayıb.
Xovayev inadkar və döyüşkən diplomatlardan sayılır. Siyasi şərhçilər belələrini "qırğı" adlandırırlar. Məhz bu keyfiyyəti də onun Minsk Qrupuna həmsədr təyin edilməsində həlledici amil rolunu oynayıb.

44 günlük müharibədən sonra Minsk Qrupunun sıradan çıxdığını, oyundankənar vəziyyətə düşdüyünü zənn edən rəsmi Moskva hazırda ABŞ və Fransanın bu qurumun fəaliyyətini "reanimasiya" etməyə, yenidən dirçəltməyə çalışdığını görərək, Popovu təcili qaydada Xovayevlə əvəz etdi. Çünki Xovayev daha çevik və fəndgir diplomatdır.

Maraqlıdır ki, yeni həmsədr bu posta təyin olunar-olunmaz, onun imzası Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı ATƏT-in Minsk Qrupu adından bu gün yayılan bəyanatın altında yer alıb. Belə ki, sözügedən bəyanat Fransalı həmsədr Stefani Viskonti, ABŞ-dan olan həmsədr Endryu Şofer və Rusiyadan olan həmsədr İqor Xovayevin adından yayılıb.

Bu həmsədrlər həmin bəyanatda utanmaz-utanmaz riyakarlığa yol verərək, yenə də Azərbaycan ilə Ermənistanı (aqressoru) tərəzinin eyni gözünə qoyublar və tərəfləri vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 10 noyabr Bəyanatı, eləcə də digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırış ediblər. Daha sonra isə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə yenidən danışıqlara başlamağı təklif ediblər.

Yeri gəlmişkən, bu gün ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays da bəyanat yayıb və tərəfləri Minsk Qrupunun vasitəçiliyi ilə dərhal danışıqlara başlamağa çağırıb.

Beləliklə, üç böyük dövlət yenidən "həmsədr" donuna bürünərək Qarabağın işğaldan azad edilməsini 30 il əngəllədikləri kimi, indi də eyni ssenarini bir qədər dəyişik formada təkrarlamağa hazırlaşırlar.

Böyük oyun başlanır.

Azərbaycan Ordusu artıq bir dəfə bu oyunu pozub, torpaqlarımızı işğaldan azad edib. İnşAllah növbəti oyunları da pozmağa gücümüz çatar.

Bəybala Mirzəyev

Visiontv.az