İndiki “Bayraq meydanı” düşünürəm ki, Zəfər muzey-memorial kompleksin inşası üçün ideal məkandır
İndiki “Bayraq meydanı” düşünürəm ki, Zəfər muzey-memorial kompleksin inşası üçün ideal məkandır
06.07.2021 Nəsib Məhəməliyev Tərəfindən

Vətən müharibəsindən sonra qalibiyyəti yaddaşlarda saxlamaq, gələcək nəslə ötürmək dövlətin və millətin qarşısına qoyduğu ən vacib məsələlərdən biridir. Bu həm də ideoloji baxımdan gəlcək nəsillər üçün əhəmiyyətlidir. “Hərbi qənimətlər” parkı buna bariz nümunə kimi göstərmək olar. Bununla yanaşı akademik səviyyədə də möhtəşəm bir muzeyə ehtiyac var. Bu baxımdan “Zəfər” muzeyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncam imzalaması dediyimizin bir başa təsdiqidir.

Mövzuyla bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Visiontv.az-ın suallarını cavablandırıb. 

-Nəsib müəllim “Zəfər “muzeyi ideyası sizcə hansı parametrlərə uyğun bir muzey olmalıdır?

-Aydın məsələdir ku, müharibələr hər bir xalqın tarixində silinməz iz buraxır və onların baş vermə səbəbləri, nəticələri, təhlil olunur, sənədləşdirilir. 44 günlük Vətən müharibəsində Ordumuz misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi. Düşmənin 30 ildə qurub yaratdığı müdafiə istehkamlarını mürəkkəb relyefi şəraitə baxmayaraq darmadağın etməklə, dünya hərb tarixinə şərəfli səhifələr yazdı. Bütün bunların lazımi səviyyədə sənədləşdirilməsi, gələcək nəsillərə ötürülməsi ideoloji baxımdan son dərəcə əhəmiyyətlidir. Bakıda Hərbi Qənimətlər parkının yaradılması bu istiqamətdə atılmış ilk addımdır. Qarabağın işğalı, müstəqilliyimizin tarixi ilə təxminən üst-üstə düşür. Deməli, 3-cü Respublikanın tarixini, şanlı Qələbəmizi tam təfərrüatı ilə, özündə əks etdirən Zəfər muzeyinə ehtiyac var. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalamış, aidiyyəti icra orqanlarına tapşırıqlarını vermişdir. Sürətlə hazırlıq işləri gedir və şübhə yoxdur ki, yaxın zamanlarda şəhərimizin əsas simvollarından birinə çevriləcək Memorial kompleksin, Zəfər muzeyinin açılışına şahidlik edəcəyik. Zəfər muzeylərinin, Zəfər tağlarının, memorial komplekslərinin yaradılması, müharibələrdən qalib çıxmış bir çox ölkələrdə rast gəlinir. Bu baxımdan Zəfər muzeyinin yaradılması ideyası qeyd etdiyiniz parametrlərə tam cavab verir.

-Sizin fikrinizcə bu muzeyin həm ideoloji parametirləri, həm də görüntü baxımdan əhəmiyyəti necə olmalıdır?

-Memorial kompleksinin-Zəfər muzeyinin İdeoloji parametrləri ilə yanaşı, estetik görünüşü , memarlıq üslubu da xüsusi əhəmiyyət kəsb edir. Belə bir şərəfli tarixi yaşamaq hər millətə qismət olmur. Biz buna tarixi hadisə kimi yanaşmalıyıq. 100 illər sonra gələcək nəsillərə yadigar qalacaq, bu dövrün hadisələri barədə tarixi faktları özündə əks etdirən abidə inşa olunmalıdır. Xarici görünüşünün cəlb edici olması, ölkəmizin təblğatı baxımından olduqca vacibdir.

-Bu muzeyin harada yerləşməsi də müzakirə predmetinə çevrilib.

-Bəli insanlar arasında muzeyin harada yerləşməsi barədə müxtəlif müzakirələr aparılır. Bu onun göstəricisidir ki, vətəndaşlarımız öz tarixinə biganə deyil. Hesab edirəm ki, bütün qələbələrin əsas memarı ölkə Başçımız İlham Əliyevin, bu işləri bilavasitə gündəlik nəzarətində saxlayan 1-ci vitse-Prezident Mehriban xanım yüksək zövqlə Zəfər muzeyinin tikintisini və tərtibatını həyata keçirəcəklər. Buna şübhə yoxdur. Adi bir vətəndaş olaraq, mənim fikrimi bilmək istəyirsinizsə, indiki “Bayraq meydanı” düşünürəm ki, Zəfər muzeyinin-memorial kompleksin inşa olunması üçün ideal məkandır. Geniş, fundamental əraziyə malik olması, turistik və şəhərin ümumi memarlıq ansamblı baxımından münasib yerdir. Eyni zamanda, coğrafi parametrləri, müxtəlif qütblərdən, o cümlədən dənizdən ideal görüntüsü də müsbət cəhətdən şərtləndirən amillərdəndir. Bayraq meydanı kimi Zəfər muzeyinin də memarı cənab Prezidentdir və hər iki tarixi abidənin əsas missiyası müstəqillik tariximizi yaşatmaqdır.

-Belə bir muzeyin beynəlxalq əhəmiyyətini artırmaq, gələn qonaqların ilk olaraq bu muzeyə can atmalarını təmin etmək üçün hansı addımlar atılmalıdır?

-Belə muzeylər Parisdə, Romada, Moskvada və s. böyük müharibələrdə qələbə çalmış şəhərlərdə var. Beynəlxalq əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, milyonlarla xarici turistlər muzeyə baş çəkəcək, xalqımızın şanlı tarixi ilə, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıqları ilə yaxından tanış olacaqlar. Bu da turizmin inkişafı, dövlətimizin təbliğatı baxımından son dərəcə əhəmiyyətlidir. Xüsusi olaraq, qürur hissi ilə qeyd etmək istəyirəm ki, müharibədən sonra, Azərbaycanın beynəlxalq nüfuzu kəskin artmışdır. İlk növbədə müharibədən sonra Türkdilli ölkələrin davranışlarında bir canlanma hiss olunur. Onların hər birisi Azərbaycanı bir lider dövlət olaraq görürlər. Daha hansı addımların atılmasına gəldikdə isə, mənim məlumatıma görə, müxtəlif profilli mütəxəssislərdən ibarət böyük bir işçi qrupu yaradılmışdır. Onlar tarixi keçmişimizi, mədəniyyətimizi, ümumiyyətlə ən incə detalları nəzərə almaqla, möhtəşəm bir əsər ortaya qoyacaqlar.

-Gələcəkdə və yaxud parallel “Zəvər” muzeyinin Şuşada filialının yaradılmasına necə baxırsınız?

-Zəfər muzeyinin Şuşada filialının yaradılması realdır. Buna müsbət baxıram. Amma mən hesab edirəm ki, təkcə Şuşada deyil, ölkəmizin bütün rayonlarında Zəfər muzeyləri yaradılmalıdır. İlk növbədə işğaldan azad olunmuş rayonlarda. İnanıram ki, zamanla belə də olacaq.

İlahə Əliyeva