İlin son qələbəsi!
İlin son qələbəsi!
31.12.2022 Əkbər Qoşalı Tərəfindən

Azərbaycan Fransanı diplomatik meydanda ağır məğlubiyyətə uğratdı!

ATƏT-in keçmiş Minsk qrupunun həmsədri, guya sülhyaratma mandatına malik olan Fransa – Birləşmiş Milətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü və hazırda Şuraya sədrlik edən Fransa elə BMT TŞ-də ağır məğlubiyyətə uğramışdır! O statuslara, vəzifələrə malik Fransanın bu məğlubiyyəti Azərbaycan Respublikasının, şəxsən İlham Əliyevin parlaq diplomatik qələbəsidir! 
Söhbət nədən gedir? – Son gününü yaşadığımız dekabrın 20(21)-də Fransa və Ermənistan “Laçın yolu”ndakı durumla bağlı BMT TŞ-nin iclasını çağırmışdı. Müzakirələrin həmən ardından Fransa, hazırda TŞ-nin sədri olaraq Laçın-Xankəndi yolundakı durumu “humanitar fəlakət” kimi təqdim edən tam əsassız, ermənipərəst və bədnam mətn hazırlamışdı. 10 gün boyunca həmin riya dolu mətn üzərində çox gərgin dartışmalar gedirdi. Fransa geri durmaq, xarizmasının çizilməsinə imkan verməmək, ən sonunda heç olmazsa, qaldırdığı məsələnin heç kimin özünü nə məğlub, nə də qalib saymayacağı bir şəkillə yekunlaşmasını istəyirdi. Makron Fransasının bütün cəhdləri arzuladıqları sonuclara gətirib çıxarmadı. Baxmayaraq ki, riyakar prosesləri Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri bilavasitə aparırdı. 
Proseslər artıq orta səviyyəyə çatarkən – Azərbaycan Prezidenti Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşərkən ölkəmizə qarşı beynəlxalq səviyyədə mərklli işlərin aparıldığına eyham vurmuşdu. Fransa və Ermənistan bacıları BMT-ni anti-BMT urvatsızlığına salmaq bahasına da olsa, öz riyakar bəyanatları üçün vurnuxurdu! Siz bircə bu nifrətin, Azərbaycanafobiyanın miqyasına, dərəcəsinə baxın! Ancaq hər ziyanda bir xeyir var deyib atalar. – BMT-dəki anti-Azərbaycan ruhlu bəyanatın dartışmaya açılması ilə beynəlxalq birlik bacıların məkrini, ifrat oyunbazlığını, ədalətsizliklərini, ikilistandartları dərindən görmək, bilmək, idrak etmək imkanı əldə etmiş oldu.  
Azərbaycan Respublikası bundan öncə Frankofoniya və bəzi digər beynəlxalq qurumlarda cərəyan edən anti-Azərbaycan fəaliyyətlərin qəbuledilməz olduğunu gur səslə bildirmişdi.
Nüvə dövləti, Avropa Birliyi və NATO qurucularından biri, BMT-də veto hüququ olan Fransa düşünürdü ki, anti-Azərbaycan bəyanatını qəbul etdirə biləcək, bundan sonra növbəti addım kimi bəyanatı qətnaməyə çevirəcək. Fransanın kiçik bacısı Ermənistanın “anadangəlmə diplomat”ı və “fitri istedadlı çekist”i Armen Qriqoryan da əminliklə TŞ-də qətnamə qəbul edilməsini Ermənistanın məqsədlərindən biri kimi xarakterizə etmişdi.
Təfərrüat misalı olsa da, “sapı özümüzdən olan baltacıqlar” da vardı ki, ekofəallarımızın əyləminə ağız büzür, habelə Azərbaycanı Ermənistanın torpaqlarını tutmaqda və Ermənistanın suveren ərazilərinə (yumşaq desək) haqq iddia etməkdə suçlayırdılar. Ölkədışından yayınlansa da, bəzi “yutub” kanallarında belə aşağılıq fikirləri yayanların da (Fransa kimi, Ermənistan kimi olmasa belə), hər halda məyusluq, xəyalqırıqlığı yaşadığı kəsindir. Yaramazalar yarımazalar.

Beləliklə, Fransa 10 günlük vurnuxmadan sonra BMT TŞ-də biabırçı şəkildə geri addım atmalı oldu. Çox yaxın keçmişdə Frankafoniyanın Tunis zirvəsində yekun qətnaməyə anti-Azərbaycan bəndlərini daxil edə bilməyən Fransa-Ermənistan bacıları papaqlarını, pardon, yaylıqlarını qabaqlarına oyub düşünmə hüquqlarını özlərində saxlayır.
Bu bizim ilk qələbəmiz deyil, son qələbimiz də deyil! Pirr qələbəsi isə Ermənistan Minayan - Fransa Minakon bacılarına yaraşırdı və artıq önündəki təyindən, müəyyənlikdən asılı olmayaraq, bacıların ümumən qələbəsi arzu, imkan və gerçəklik dışındadır! 
(Yalnız bir fransızkökənli oyunçuya malik Fransa futbol yığma komandasının, Qətərdə qarabalaların hesabına finaladək gəlmiş olsa da, finalda məhz bayraq ruhu, milli ruh, ölkə şanı dərəcələndirməsində Argentinaya uduzmasını da burada xatırlada bilərik). 
Tarixə qısaca nəzər salaq: 
Napoleon çar Rusiyası, özəlliklə Moskva üzərinə hücum vaxtı qışın oğlan çağının şaxtasını, ayazını, təminat, təchizat problemlərini və s. düzgün hesablaya bilməmiş və ağır məğlubiyyətə uğramışdısa, XX yüzil 30-cu illərin sonu - 40-cı illərin başındakı Fransa rəhbərliyi də faşist Alma¬niyası qarşısında çox sürətlə yenik duruma düşmüşdü. Hələ Osmanlı sultanının bir məktubu əsasında Fransız kralı Yelisey Sarayında bal rəqsini yasaqlamış və bu yasaq 200 il sürmüşdü… 
Bu səfər diplomatik meydanda xarizması çizilən Fransa, məhz adil, xeyirxah Azərbaycan Respublikası qarşısında məğlub oldu! O boyda beynəlxalq vəzifələri olan Fransa dövlət müstəqilliyini 31 il öncə bərpa etmiş gənc respublikaya uduzdu! Bu, beynəlxalq birlik adına çox gözəl qələbədir!
Əlbəttə, hər xalqın, hər dövlətin tarixində qələbələrlə yanaşı məğlubiyyətlər, geriləmələr də olmamış deyil. Yer üzündə ən çox xaqanlıq, dövlət, xanlıq, bəylik bizim əcdadımız tərəfindən qurulub amma məğlubiyyətlərimiz də olub. İndi isə biz şahlanış dönəmindəyik. Kainatın ruhu, zamanın alqoritmi və əlbəttə, dövlət başçımızın siyasi iradəsi, uzaqgörənliyi, dövlət-xalq birliyimiz, həmrəyliyimiz bizə ardıcıl qələbələr qazandırır. Bu qələbələr hər meydanda qazanılır – hərb meydanı, siyasi-diplomatik meydan, iqtisadi meydan və b. Makron Fransasası ilə Paşinyan Ermənistanı isə həm ayrı-ayrılıqda, həm bir yerdə məğlubiyyət ardınca məğlubiyyətlə üzləşir.   

Yada salaq: 
- 44 günlük müharibə vaxtı Ermənistan-Fransa cütbacısı BMT-də anti-Azərbaycan qətnaməsi, heç olmazsa bəyantının qəbulu üzərində işləyirdi – istəkləri iflas oldu;
-2022-ci ilin məlum sentyabr hadisələrindən sonra Ermənistanın riyakar müraciəti əsasında BMT TŞ-nin gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edildi. – Gün kimi aydınıydı ki, o riyakar müraciət əsasında TŞ-nin gündəliyinə bənd daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Bəli, Fransa-Ermənistan bacıları 2022-ci ilin sentybarında baş vermiş məlum hadisələrlə bağlı BMT TŞ-də sənəd qəbul etdirməkçün çalışdı, o vaxt bu baş vermədi;
- Bunun özü ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nın 4 qətnaməsi ola-ola 30 ilə yaxın dönəmdə BMT TŞ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi, özü öz qətnamələrinin qeydinə qalmadı. Əlbəttə, buna imkan verməyənlərdən biri  məhz riyakar Fransa idi;
- Fransa-Ermənistan cütlüyünün bu addımları Ermənistanda hərbi bazası olan, ermənilərə tarixdə ilk dəfə dövlət qurmuş Rusiyaya – forpostu olduqları ölkəyə xəyanətdir – özləri bilər; özləri bilir ki, ABŞ-ın dəstəyi ilə Barış Anlaşması üzrə aparılan danışıqlara da sayğısızlıq edirlər və bir-birinin fitnə-felinə düşən bacılar bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq istəyir(di)… Keçməz!

BMT TŞ-də cərəyan edən sürəc Fransa üçün sözün əsl anlamında böyük abırsızlıq, urvatsızlıq oldu. BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri olan Fransa 10 gündür bütün resurslarını işə qoşsa da, bir bəyanatı qəbul etdirə bilmədi ki bimədi. Bəyanat hətta qəbul edilsəydi də, o, fransızların təqdim etdiyi ilkin layihədəki mətndə olmayacadı. Mətn əsaslı dərəcədə dəyişdirilmişdi. Ermənipərəst mətndəki “Dağlıq Qarabağ” ifadəsi çıxarılmış, eləcə də, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sayğı əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr mətnə daxil edilmişdi. Azərbaycanın hücum modlu  diplomatiyası bütün imkanlardan yararlanaraq Fransanı məhz onun öz sədri olduğu TŞ-də urvatsız duruma salmağı bacardı!
Ermənistanın böyük bacısının hazırladığı 6-cı (yaxud 7-ci) mətn dünən BMT TŞ qaydalarına uyğun olaraq “sükut sürəci”nə yenidən qoyuldu. Yəni, hazırlanmış sənəd üçün konkret saatadək vaxt müəyyən edildi. – İrad, təklif yoxdursa, sənəd layihəsi qəbul edilmiş sayılacaqdı. – Bu sənəd də darmadağın edildi. BMT TŞ-nin daimi və qeyri-daimi üzvləri başda olmaqla beynəlxalq ictimaiyyət Fransanın necə qərəzli, ədalətsiz, abırsız, urvatsız olduğunu görürdü... 
Belə çirkin “priyom”larla geosiyasi oyunlar dalğasında Qafqaza soxulmağa çalışan Fransa anlamır ki, hər belə hoqqası ilə Qafqaza yaxınlaşmır, tam tərsinə daha da uzaqlaşır. Azərbaycan görür, bilir, öz dəqiq qiymətini verir.  Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, mahir siyasi-diplomatik gedişləri və beynəlxalq aləmdə qazandığı sarsılmaz etibarı sayəsində ölkəmizin dostları Fransanın növbəti cəhdlərini də sıfırladı! Nəhayət, Ermənistanın böyük bacısı özü, suyu süzülə-süzülə rəsmi qaydada müraciət edərək prosesi dayandırdığını açıqladı!
Bu, yeni təqvim ili ərəfəsində, Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına bayram hədiyyəsidir!
Qalib və qürurlu Azərbaycan Respublikası öz dostları ilə birgə bu parlaq qələbəni qeyd edərkən Fransa siyasi rəhbərliyi, fransız diplomatiyası isterikaya düşüb. Fransa-Ermənistan bacılığı bir bəyanata dərman olmadı…

“Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”! – Prezident İlham Əliyev bu sözləri 24 deakbrda - öz doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə demişdi. Bax, bu parlaq qələbə Prezident Əliyevin sözünün imzası qədər keçərli olduğunu, onun siyasi iradəsini, alovlu vətənpərvərliyini, beynəlxalq nüfuzunu, liderlik keyfiyyətlərini bir daha parlaq şəkildə nümayiş etdirmiş oldu.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Visiontv.az