İki şərin siğəsi: “Tehranla İrəvan qardaşlaşıb” deyirlər
İki şərin siğəsi: “Tehranla İrəvan qardaşlaşıb” deyirlər
19.01.2023 Elçin Mirzəbəyli Tərəfindən

Əgər söhbət rejimlərdən gedirsə, burada yeni heç nə yoxdur. Panfarsist molla rejimi, zatən İrəvandakı panerməni rejiminin və bütün ultramillətçi erməniliyin dostdoğma qardaşı, bacısı, əmisi uşağı, xalası nəvəsi və daha nə bilim nəyidir.

Ermənistan mediasının yaydığı fotoşəkillərdə şəhərlərin "bacılaşdığı" bildirilir. Amma bütün hallarda öz işləridir, “qardaşlaşa” da “bacılaşa" da bilərlər. Hətta bir az uzağa gedib bir neçə günlüyə, aylığa... siğə da “bağlamaları” mümkündür. Belə...

...Molla rejimi qəzəbləndikcə quyusunu daha da dərin qazır və ermənilər istisna olmaqla bölgənin bütün xalqlarını qarşısına almaqda davam edir.

İstisansız olaraq, bu avantüra xarakterli qərar molla rejiminin başında dayanan saxta dini-siyasi rejimin başçıları tərəfindən verilib və əmmamələri ilə birlikdə beyinlərini də itirən mollaların acınacaqlı sonlarını daha da yaxınlaşdıracaq. Tehran rejiminin qulbeçələri bu addımlarını, öz qafalarına görə, Azərbaycana qarşı təzyiq vasitəsi, Ermənistana dəstək məqsədilə atırlar. Və bu qərarlarını daxili siyasətlərində İsraildə Azərbaycan səfirliyinin açılması ilə əlaqələndirəcəklər. Lakin unudurlar ki, uzun illlər boyu “İran” adlanan ölkənin Ermənistana Azərbaycan torpaqlarının işğalınının davam etdirilməsi məqsədilə verdiyi hərtərəfli dəstəklə Azərbaycan-İsrail münasibətlərini müqayisə etmək mümkün deyil. Molla rejimindən fərqli olaraq, İsrail Azərbaycana münasibətdə beynəlxalq hüququn, haqqın, ədalətin, “İran İslam Respublikası” adlanan ölkə isə işğalın, şərin, müsəlmanların məscidlərini donuz tövləsinə çevirənlərin, yüzminlərlə azərbaycanlını evindən didərgin salanların, onminlərlə dinc müsəlmanı qətlə yetirənlərin yanında olub. Bu isə molla rejiminin islam tarixinin üz qarası olduğunu sübuta yetirir.

Tehranın İrəvanla qardaşlaşması barədə qərar, həmçinin sübuta yetirir ki, “İran İslam Respublikası” adlanan ölkənin keçmişi yoxdur, tarixi 1979-cu ildən başlayır və bu ölkə özünü heç bir halda hazırda qəsb etdiyi ərazidə yerləşən dövlətlərin varisi kimi qələmə verə bilməz. Əgər molla rejimi özünü hazırda “İran İslam Respublikası” adlanan ölkənin sərhədləri daxilində və zaman-zaman daha geniş ərazilərdə mövcud olan dövlətlərin varisi hesab etsəydi, o zaman bu dövlətlərin bir parçası olan torpaqlarda xarici güclərin dəstəyilə müsəlman türklərin qətliamı, deportasiyası hesabına yaradılmış “Ermənistan” adlı ölkə ilə heç bir əlaqə qurmamalı, tarixi ədalətin bərpasına çalışmalıydı. İki şərin bacı-qardaşlaşması onu sübuta yetirir ki, “İran” adlanan ölkənin ərazisi də daxil olmaqla, bu torpaqlarda min illər boyu hökm sürən tarixi türk dövlətlərinin yeganə varisi Azərbaycan Respublikasıdır və “İran” adlanan ölkənin ərazisi öz tarixinə xəyanət edən bir rejim tərəfindən işğal edilib.

Bu addımla molla rejimi bir daha təsdiqləyir ki, o təkcə Azərbaycan Respiblikasının müstəqil dövlət siyasətinə deyil, həm də 60 milyonluq Azərbaycan xalqına qarşı çıxış edir, düşmənçilik siyasəti aparır. Molla rejimi ermənilər istisna olmaqla, bölgənin bütün xalqlarının, o cümlədən Azərbaycan türklərinin ən qatı və ən rəzil düşmənidir.

Elçin Mirzəbəyli

visiontv.az