Hər bir dövlət qulluqçusu üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməlidir - deputat
23.06.2021

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasətinin cənab Prezident İlham Əliyevin uğurla davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dövlət qulluğu siyasətində ən dəyərli məfhum hesab edilən insan kapitalının inkişafını dövlət siyasətinin prioritetlərindən biri olaraq müəyyənləşdirib. Bunu Visiontv.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

O bildirirb ki,  ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların müsbət nəticəsi kimi​ 21 iyul 2000-ci il tarixində qəbul olunmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu göstərə bilərəm. Mütəmadi olaraq təkmilləşdirilən və 180-dən çox əlavə və dəyişikliklər edilən Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının mahiyyəti göstərilib, habelə dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilib, onların hüquq və vəzifələri öz əksini tapıb. Dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluğunda səmərəliliyin təmin edilməsi və dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi məqsədi ilə qəbul olunmuş bu Qanun mühüm əhəmiyyətə malikdir.

İstər Azərbaycanda, istərsə də digər dünya ölkələrində dövlət aparatının səmərəliliyinin təmin edilməsi bilavasitə dövlət qulluqçularının peşəkarlığından, onların yüksək mənəvi-psixoloji keyfiyyətlərindən asılıdır. Dövlət qulluqçusu, vətəndaş ilə dövlət arasında körpü rolunu oynayır, desək daha doğru olar. Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir. Özünün ədəbi, əxlaqı, nizam-intizamı, məsuliyyəti, bilik və bacarıqları, insani xüsusiyyətləri, müşahidə etmək qabiliyyəti, ünsiyyət bacarığı, analitik düşüncəsi ilə digərlərinə örnək olmalıdır.

Hesab edirəm ki, hər bir dövlət qulluqçusu üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməli, ona göstərilmiş etimadı doğrultmalı, dövlətinin inkişafı naminə bütün gücünü səfərbər etməli,​ dövlətçiliyinə sadiq bir vətəndaş olduğunu öz fəaliyyəti ilə isbat etməlidir. ​Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir.