Harada bir türk düşməni, erməni yanlısı görürsən altından Əli Kərimlinin dəst-xəttinin izləri çıxır - Elçin Mirzəbəyli
Harada bir türk düşməni, erməni yanlısı görürsən altından Əli Kərimlinin dəst-xəttinin izləri çıxır - Elçin Mirzəbəyli
03.08.2021 Elçin Mirzəbəyli Tərəfindən

Türkiyənin ölkənin dörd bir yanını saran meşə yanğınları ilə mücadilə apardığı, Azərbaycanın və qəlbində Vətən sevdası olan hər bir həmvətənimizin bu mücadiləyə dəstək verdiyi bir zamanda, ermənilərlə, PKK terrorçularıyla, yunan ultramillətçiləri ilə eyni sırada dayanıb bütün bəşəriyyət üçün böyük faciə sayılacaq bu ekoloji fəlakətə sevinənlər də var.

Harada bir türk düşməni, Vətən xaini, erməni yanlısı görürsən, altından Əli Kərimlinin dəst-xətti və sosial şəbəkələrdə gün yandıran dəstəsinin izləri çıxır. Bu adamlar 44 günlük Vətən müharibəsində Türkiyənin və onun siyasi hakimiyyətinin, türk xalqının mütləq əksəriyyətinin ölkəmizə verdiyi böyük mənəvi və siyasi dəstəyi indi də həzm edə bilmirlər. Onların deqradasiyaya uğramış təfəkkürünə görə, Türkiyə və digər qardaş, dost dövlətlər Azərbaycanın və həm də haqqın yanında yer almamalı, kənardan baş verənləri və ölkəmizə qarşı Makron kimilərin səlib yürüşünü müşahidə etməliydilər. Bu adamlarda dövlətçilik şüurundan, Vətən sevgisindən əsər-əlamət olmadığından, mübarizənin, savaşın kiminlə aparılmasından asılı olmayaraq, bu mücadilə və savaşın ön cərgəsində gedənlərin məğlubiyyətini arzulayır, miskin iddialarının gerçəkləşməsi üçün əks düşərgənin nüfuz müvəkkilləri kimi çıxış edirlər.
Qəzəb, kin, siyasi natamamlıqlarından qaynaqlanan nifrət düşüncələrinə o qədər hakim olub ki, imkanları olsa “Azərbaycan” deyən dilləri, Azərbaycana uzanan əlləri də yandırarlar.

Təbii ki, fasilələrlə yön və istiqamət dəyişən, torpaqlarımızın işğaldan azad edilməsi üçün ölüm-dirim savaşının aparıldığı bir zaman kəsiyində dövlətimizin, xalqımızın, ordumuzun haqq işinə dəstək verən siyasi partiyalarla vahid mövqe nümayiş etdirməkdən müxtəlif bəhanələrlə yayınan birisindən və onunla eyni düşüncəni bölüşənlərdən bundan daha artığını gözləmək də mümkün deyil. Yəni adam(lar) öz gerçək sifət(lər)ini nümayiş etdirir(lər).

Ancaq baş verənlərin mahiyyətini dərk edərək, Kərimlinin əhatə dairəsindən qopanlar da var. Artıq “AXCP”-nin quru adı ilə “yurd”da qalan “portfelsiz sədr”in fəal təbliğatçıları da onu tərk edirlər. Kərimlinin “AXCP”-sinin ən fəal üzvlərindən olan Fatimə Hüseynovanın da partiya sıralarını tərk etməsi də klassik nüfuz müvəkkilinin tamamilə tükəndiyini, insanların onun bəsit ritorikasından, balaca diktator ədasından yorulduqlarını göstərir.

Visiontv.az