Hacı Şahindən qızları təhsildən yayındıranlara CAVAB
29.04.2022

“Azərbaycanda qadınların təhsil almasında heç bir problem yoxdur. Düşünürəm ki, deputat Fazil Mustafanın qız məktəblərinin yaradılması ilə bağlı verdiyi təklif heç də pis deyil”.

Visiontv.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Hacı Şahin söyləyib.

Din xadimi bildirib ki, qız məktəblərinin açılması təhsilin keyfiyyətinə mənfi deyil, müsbət təsir göstərə bilər.

Qadınların kişilərlə birgə təhsilini dini nöqteyi-nəzərdən təhlil edən din xadimi vurğulayıb ki, dinimiz qadınların kişilərlə bir müəssisədə işləməsini və oxumasını qadağan etmir, amma belə bir alternativin olmasını istər dini nöqteyi-nəzərdən, istərsə də öz şəxsi baxışına görə müsbət qarşılayır:

“Azərbaycanda bütün qızlar məcburi və icbari təhsil alırlar və mən təhsillərini sırf qız məktəblərində almalarında heç bir qəbahət görmürəm. Hazırda Azərbaycanda kifayət qədər yüksək göstəriciləri olan Bakı Qızlar Universiteti var. Əgər ali təhsil ocağı varsa, niyə də qız məktəbləri olmasın?”

Hacı Şahin ölkədə din adından istifadə edərək qızları təhsildən yayındıranlara da ismarış yollayıb:

“Bəzi insanlar dinə istinad edib "müsəlmanıq" deyərək qızları təhsildən məhrum edirlər. Amma bu, doğru yanaşma deyil. Əksinə, islam buyurur ki, təhsil almaq bütün kişi və qadınlar üçün vacibdir”.