Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb olunublar
22.06.2021

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Visiontv.az-a bildiriblər ki, növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır.

Bundan başqa, avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinə qarşı da tədbirlər həyata keçirilib. Polis əməkdaşları sürücülərə bir daha xatırladıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Araşdırmalar zamanı 16 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Binnət İsmayılov